Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə111/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   107   108   109   110   111   112   113   114   ...   230
VII mətn

Mən Nooruz bayramı hakqında uşaxlıxda nə görmüşəm, onu danışıram. Məsələn, bizdə Nooruz bayramında müsəlman qayda-qanunnarıynan kirvələr tutulur. Bizim zonada (Mincivan qəsəbəsində). Həmin o kirvələr çox əziz, hətda qardaşdan, bacıdan da əziz olurdu. Yəni bir qan olsaydı, ölüm olsaydı, kirvə gəlsəydi həmin adamın qapısına, o bağlanırdı.


VIII mətn

Atalardan bir məsəl var ki, kirvə kirvənin damının üsdünə çıxmırdı ki, hətda ora toz tökülər.

Nooruz bayramında bir gözəl adət var idi. Bu aylənin kirvəsi o aylənin kirvəsinə uşaxdan-böyüyə təzə paltar alırdı. Qəşəh şirniyyatdardan, məsələn, biz alıçatı deyilən şirniyyatlardan bayram xonçası bəziyirdih, o payları da qoyurdux. Hardasa bu çərşəmbə ilə Nooruz bayramı ərəfəsində, ya da Nooruz bayramınnan bir gün sonra gedərdilər. Xonçaynan gedirdilər kirvəgilə. Birinci, kirvə tutan adam gedirdi. Kim kirvə tutub, gedirdi. Orda da yaxşı süfrə açırdılar, yeməh-içməh. Bir gün sonra da onnar paylarnan gəlip bunlarnan yeyib-içirdilər. Bir-biri ilə çox yaxşı münasibətləri, dosduğ əlaqələri olurdu. Kirvənin uşağı da qardaş, bacı sayılırdı həmin ayliyə.

Axır çərşəmbədə bizim eldə çox gözəl adət varıydı. Uşaxlara torba verirdih. Bu torbaları tikirdih, üsdünə də qəşəh əl tihmələriynən güllər işdiyirdilər. Bəzəhli torbaları uşaxlara verirdilər, uşağlar gedib yığırdılar. Ən çox da yığılan yumurtalar olurdu. Aylədə yaxşı yumurta, yaxşı şeyləri yığırdılar, bilirdilər ki, gələn olacax. Mincivan qəsəbəsi altı kilometiriydi, yəni onun yarısına qədər uşaxlar gəzirdilər.

Nooruz bayramında başqa gözəl adətimiz varıydı. Məsələn, ölüm hakdı. Bir aylənin ölüsü ölüpsə, Nooruz bayramı ərəfəsində məlumdur ki, həmin aylə nə ocağ üsdə qazan qoymurdu, nə də bişinti eləmirdi. Onun yaxın adamları, məsələn, mən mamamnan görmüşəm. Mamam o qonşu üçün aş süzüp, sonra nə ki, şirniyyatdardan var hazırrıyıb-eliyip, hardasa üş-dört ərəfəsi gec də yox ha, yanı ki axşam onu stolun üsdə qoyacax. Bir dənə şam-zad aparmağ olmazdı. Onu götürürdüh, aparırdıx həmin ayliyə. Uşağ əlində aparırdı, evin arvadı da onnan gedirdi. Gedirdih, mamam deyirdi ki, Allah rəhmət eləsin, bilirih ağır dərtdi, uşaxların stolun üsdün boş qoyma. O ayləyə bu bayramı keçirməyə vəsilə olurdu da.

Axır çərşəmbə günü hardasa sahat üşdən-zatdan cavan oğlannar, qızdar çıxırdıx. Bizdə təpəcihlər var idi, dağ kimi. O dağların başında təkər şinnəri yandırırdıx. Orda da deyirdilər, zarafatdaşırdılar. Sahat yeddidə, şər qarışanda (heyvan gələndə deyirdih biz ona), o vax od vururdular, yanırdı. Gecə sahat on iki, birə qədər o şinnər orda yanırdı. Uşaxlar da onun ətrafında şənnənirdilər. Sora məşəllər əllərində dağdan düşürdülər, aşağı gəlirdilər, biz çillə çıxardırdıx. Qızdar bir evdə, oğlannar bir evdə. Qızdar evdən nəsə aparırdılar, çalğı da olurdu. Yeməyi ayrı yerə qoyurdux, oynanan yerdə olmurdu. Kim isdiyirdi, gedip götürüp yeyirdi. Həmin gün çilliyə biz kişi paltarı geyirdih. Məsələn, mən özüm də geymişdim. Tanımmaz hala salırdığ özmüzü. Kişi paltarı geyirdih, gedirdih. Kişilər də qadın paltarı geyirdi. Bu, adət idi. Yəni şənlih keçirməh üçünüydü. Çilə çıxartma yeni ili qarşılamağ üçünüydü. Yəni sahat neçədə o il dəyişirilirdisə, biz onu gözdüyürdüh kü, həmin gün il dəyişilir. Sahat dört-beşdə dağılışırdıx. O dört-beşdə bizdə bulax varıydı, ona Pir bulax28 da deyirdih. Orda çinar ağacı var idi, onnar piriydilər. Ora gedib ordan daş götürüp gəlirdih. Ona lal daş deyirdilər. O daşı götürüb danışmırdıx. Düz evə qədər gətirirdih. Kimin nə arzusu varıydı, o daşı əlində gətirib təmiz bir yerə qoyursan, arzun həyata keçənnən soora o daşı yenə təmiz bir yerə atmalısan. Yəni pinti yerə atmağ olmaz o daşı. O sənin arzularının elə bil ki, daşı olur da. Bunları eləmişəm, ona görə də sizə deyirəm.

Bayram günündə pay aparılan qabı heç vaxt boş qaytarmazdılar. Onu ya həmin gün içinə doldurup verməlisən, amma ən gözəl adət budur, mamam danışırdı ki, onu səhərisi gün həmin adam içinə bir şey qoyub qaytarmalı idi.

Həmin gün təzə paltar geyinirdih. Hammıza təzə paltar alırdılar. Çərşəmbə günü məhtəbdən gəlib çimirdih, evdə bütün qab-qacaq yuyulup salavatdanırdı. Ona görə buna Cənabi-Əmir bayramı deyirdilər. Bütün qab-qacaq yuyulur, yorğan-döşəh çırpılırdı. Özün də təmiz olmalıydın, bucaxda paltarın da olmamalıydı, evin praduktu da əysiy olmamalıydı. Bu, ruzi-bərəkət deməy idi.

Həmin gecə duzdu kombə bişirirdilər, yeyip yatırdılar. Yuxuda kim ona su versə, onun həyat yoldaşı olaceydı.

Bizim məhlədə nə ki, cavan qız var, hammız bir-birimizi çağırıb gedirdih, məsələn, Nərmingilə. Gedirdiy, orda bir beş dəyqə otururdux. Böyühlərnən görüşürdüh. Qızı da götürürdüh, soora başqa qızın evinə gedirdih, orda da böyühlərlə bayramlaşırdıx, bir qızgildə yığışırdıx. Ancağ özümüz olurdux, böyühlər olmurdu. Söhbətlər eliyirdih. Soora evdən çıxanda məsələn, mənim evimnən çıxırdıxsa, mən öz başmağımı götürüb üzü qapıya, başımızın üsdən tulluyurdux. O başmax qabax tərəfi evə düşsə, həmin il sən aylə qurmurdun. Yox, qapıya düşsə, gedirdin ərə. Başmağın iki tayın da atırsan. İkisi də qapıya düşsə, ərə gedirsən.

Kiminsə arzusu varsa, məsələn, arzu edir ki, qızım instuta girsin. Əlinə bir qab su alıb, eləsi də var, vedrə götürürdü. Qapıyı açan sahatı gözüyumulu suyu tulluyurdu. Ta gözdəmirdi kimsə gəlsin, suyu tulluyurdu. O su üsdünə düşən adam yaxşı söz deməli idi. Pis söz deməməliydi. Məsələn, mən atmışam. Mən birinci il kəsilmişdim, ikinci iliydi suyu kirvələrimizgilə atmışam, dedi ki, üzəə nur yağsın.

Nooruz bayramında fala baxırdıx. Bir stakanda su götürürdüh. Üzüyə sap bağlıyıp deyirdih ki, filankəs neçə yaşında aylə quracax. Üzüh gedib gəlirdi neçə dəfə, sayırdın, sonda deyirdin ki, filan yaşda.

Başqa bir falda mən ona çox yerdə ras gəlməmişəm. Məsələn, bir qab su götürürdülər qızlar, iki dənə də iynə götürürdülər. İynənin arxasına pambıx doluyurdular. Deyirdilər ki, məsələn, bu Ramilədi, bu da Hüseynquludu. Suyun üsdən nəsə edirdilər, iynələr hərəkətə gəlirdi. İynələr bir-birinə baş-başa yaxınnaşsa, deməli, bunnarın ulduzları barışır, bir-biriynən evlənəcəh. Yox, əyər ayrı istiqamətə getsələr, deməli, olarınkı tutmuyacax.

Bir dənə də fal buydu ki, kartoşqanı götürürdülər bizdə, içinə iki dənə spiçka çöpü yapışdırırdılar. Spişka çöpünə birin oğlan tuturdular, birin də qız tuturdular. Onu gətirirdilər, bir dənə otaxda heç kəs olmurdu. Bir dənə özün olurdun. Otaxda yandırırdın, deyirdin ki, məsələn, bu filankəsdi, bu da filankəs. Onnar birləşsə, həmin gecə, deməli, onnar eyni adamdılar. Yox, ayrı səmtə getsə, deməli, bunnar tutmurdular.


IX mətn

Mənim dayım arvadının elədiyini danışacam. Nənəmin iki oğlu vardı, bir oğlu evlənmiyip, ama biri evlənip, bunun uşağı-zadı da var. Mənim dayım arvadıynan nənəm, elə bil dayımın qızıynan, nənəmin qızı ha, gərəh qız uşağı ola. Bunnarın ikisinə dedilər dinməyin ha, dimməz gedin. Özü də axşam, niyət gecəsi axırıncı çərşənbə, səhər yox, gün batannan soora. Əlinə bir dənə təmiz qab verdilər, dedilər, dimməz gedin, dimməz də qayıdın haa. Kim də qabağınıza çıxsa, nəsə soruşsa, cavap-zad verməyin. Danışmağ olmaz. Bunu, getdilər ikisi də, daş götdülər bulağın gözünnən, su götdülər həmin qabda, içinə də daş yığdılar. Xalam ayrı yığdı, dayım qızı da ayrı yığdı. Bu dayıma ayrı, evli dayıma ayrı. Gətdilər, bunu düzdülər, Allaha and olsun, mən gözümün şahidiyəm, yalan-zad döyül. Gətdi nənəm də düzdü belə bacanın üsdünə, mənim dayımı niyət elədi. Evləmməmiş dayımı. Mənim dayım arvadı da düzdü daşı bacanın üsdünə. Öz bacasının üsdünə. Qabağına daşdarı düzdülər, suyu da səpdilər üsdünə. Dedilər, əyər bunnar qayıdıp gələcəh müharibədən, bu daşın altında nəsə olsun. Ya göy ot olsun, yox əyər gəlmiyəcəhsə, heş nə çıxımasın. Onnar o vax müharibədəymiş.

Mənim dayım arvadı düzdüyü daşdarın altınnan, Allaha and olsun, belə göy ot çıxdı. Ama nənəm qoyduğu daşın altınnan – o subay dayıma niyət elədiyi daşın altınnan heş nə çıxmadı. Yazıx nənəm ölənə qədər ağladı ki, Əli gələn dəyil. Əliydi adı. Evli dayım gəldi, o gəlmədi. Bax bunnarın hamısı düzüydü, qızım.

İndikilər dəsdə tutup gedillər niyət gecəsinə. Niyət gecəsinə dəsdəynən gedillər?! Niyət gecəsinə təh gedərsən. Beləcə evdən çıxarsan, lal-dimməz gedib o qapıda qulağını açasan, görüm, mən bu qapıya niyət eliyip gəlmişəm, görüm nə eşidirəm.

Bayram olurdu, Xıdır Nəbi olurdu, orda bizdə (Qərbi Azərbaycanı nəzərdə tutur – top.) külfan deyirdih, asırdılar, səhərəcən külfan gedirdih (yellənirdih), bayramnan azı on gün qabax. Hər gecə ora qız-gəlin yığılırdı. Hər gecə pişirirdilər, yeyirdilər, yallı gedirdilər, külfan gedirdilər.

Bu qızdarın birini də bir oğlan isdiyirdi. Qapıda dayammışdı. Deyirdi:

Qapıda bəy durupdu,

Çiynində bel durupdu.

Qara şapqa altınnan

Telləri yan durupdu.

İndi ki, bu qız bu oğlana bunu qoşupdu, bilirdi ki, ona qoşulup qaçacax. Elə ordan da o oğlana qoşulup qaçır.
X mətn

Ağcanın atası İsgəndər kişi yaman bilihli adamıdı. Bir gün axır çərşəmbeydi da, ilin axırıydı. Atdı gedirdim, getdim, görüşdüm, Həə, Allah irəhmət eləsin, yaman bilən kişiydi. Hə, birəz söypət elədim yolun qırağında. Dedi ki, ay Melih, bilirsən, bı axır çərşəmbənin mənası nədi? Bax Allah hakqı, Allah ona irəhmət eləsin. Dedim İsgəndər dayı, Vallah, bilmirəm. Dedi ki, irəli ki o vaxdı ki, yezitdərnən ki imamnar muharbə eliyip, onda nə telfun varıymış, nə işıx varıymış. Ta olar elə birinci küləşi odduyullar, hucum eliyələr, eliyə bilmillər. İkincini odduyullar, genə eliyə bilmillər. Üçüncünü odduyullar, genə eliyə bilmillər. Axırıncısını hucum eliyillər, qalip gəlillər. Bax onnan qalır axır çərçəmbə.


XI mətn

Nooruz bayramı da qabağ indiki kimi dəyildi. Bayramnarda evlər tökülürdü, silinirdi, qurulanırdı. Bayram axşamı gələndə üsdündə od qələnirdi. Alov eliyirdilər, görürdün kü, uşaxlar yığılıp bacadan dəsmal sallıyıllar. Onda dəsmal, papax atmırdılar. Onda corab sallıyırdılar. Görürdün, birdən otuz, qırx corabı bacadan salladılar. Ev yiyəsi də yığıp hərənin qabına bir şey atardı. Bunnar çəkib gedirdi.

Üş gün bayram eliyirdilər. Od qəliyirdilər, ev-ev gəzirdilər. Durardılar, təzə ölən ölünün yerinə gedərdilər. O ölü ki, təzə ölüpdü, onnarı yasdan çıxartmağa. Hərə bir qazan xörəh pişirərdi. Heş kəs evdə yeməzdi. Xörəh qalardı. O pişirdiyinnən götürərdi hərə bir qazan. Kənt yığılardı, ölü yiyəsini yasdan çıxardardılar. Deməh, ordan yeyərdilər, sora gəlip evdə özdəri axır çərşəmbəni keçirərdilər. Onda axır çərşəmbiyə “Ölü günü” deyirdilər.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin