QURD AĞZI BAĞLAMA
I mətn
Qurdun ağzın bağlıyırıx. Belə deyillər ki, ay mala düşmən olan canavar, fılan əraziynən fılan ərazinin arasında, fılan malların üsdündə ağzını bağlıyıram. Allah xətrinə, imam xətrinə, ağzın açılmasın. Özü də o düzgündü. Mən də bağlamışam, heyvan çöldə qalanda. Ama cırmaxlıyıf. Mal tapılanda açılır. Quranın üsdündə də, Quranı varağına mollalar oxuyur. Mən eləməmişəm. Oxuyur, üfürür, bax belə qatdıyır (söyləyici əlindəki vərəqi qatlayaraq göstərir – top.), o helə heyvan qapıya gələnə qədər qalır. Onda onun sahavı, o, molluya gətirir bir şey verir. Deyir ki, o qurdun ağzın aç.
II mətn
Çələbini çağır, qurdun ağzını bağla, yeməsin. Deynən, Çələbi, bunu sana əmanət verirəm. Bismillah, Allah, Məhəmməd, ya Əli. Qara ipinən, sapınan bağla. Beş dəfə düy, ver, yaxşı yerə çatsın. Qorxma. Puçağı oxuyup bağlıyıllar da dayna:
Həsən, Hüsən, müxdəsər,
Yamanın yolun kəsər.
Əli çəpərin çəkər,
Məhəmmət möhrün basar.
Allahüs Səməd,
Dört yanı kəmənd.
Höhmü Süleyman,
Kilidi Məhəmmət.
Ya Hafız, Ya Salam,
Ya Mömin, Ya Allah,
Ya Əli, Ya Allah,
Ya Allah, ya Allah.
Mən də bunu qoja nənəmnən – Məhbuba nənəmnən eşitmişəm.
Yanımızda oturan digər söyləyici – Cəbrayıl rayonu, Şahvəlli kənd sakini Maqsudov Məhəmməd Əhməd oğlu təəccübləndi ki, bu, qurdağzı bağlama duasıdı ki? Nənəm bunu bizə hər gecə yatmamışdan qabaq oxudub, üzümüzə üfürərdi – top.
III mətn
Mal-heyvan çöldə qalanda qurdun ağzını bağlıyırdıx:
Ayı gördüm ağladım,
Dəsdinə gül bağladım.
Həzrət Əlinin pıçağıynan,
Fatma ananın da qurşağıynan
Qurdun ağzını bağladım.
Bu da qurdun ağzı. Onu özün saçının ujunda bağlıyırsan ki, qurt yeməsin. Düyün düyürsən. Elə öz saçındaja oxuyuf bağlıyırsan.
Dostları ilə paylaş: |