KORUN NAĞILI
Kor yolnan gedirmiş. Əlində bir ağaş varmış. Gedə bilmirmiş dana. Bir kişi də arvadıynan gedirmiş. Arvat ürəyi yumuşax olur. Deyir, ə, sən Allah, bunu da götür, aparax kəntdə buraxax. Deyir, o Allahın düzgün bəndəsi olseydi, kor olmazdı. Mən onu götürə bilmərəm. Nəysə, arvatdı dana. Kişini üzdən-gözdən salır, koru götürdür. Gedir, kəndin içinə çatanda gözü görmür, başdıyır çığırmağa, ay aman, ay haray, ay dad, bu, arvadımı da əlimnən alır, eşşəyimi də. Deyir, ə, mən?
Nəysə, camahat yığılır. Deyir, hə, aparın buları salın tövlüyə, hərəsinin də qapısının ağzına bir qaroolçu qoyun. Görün nə danışırlar. Gedillər arvadın qapısına. Deyir, mən öyü yıxılmış, mən dili tökülmüş, mən elədim, kişi götürmürdü.
Gedillər kişinin qapısına. Görüllər ki, deyir, sən öl, bu arvadı öldürməh lazımdı e. Bax dedim ki, bunnan bizə xata gələjeh, dirəndi ki, götür. Mənim nə günahım var, məni qapılarda qoydu. Gedillər görüllər ki, kor bir nağıl oxuyur:
Ay məntəkə, məntəkə,
Sən öl, bir iş görmüşəm,
Əgərçi gəlsə başa.
Çağırıllar bu qaroolçunu. Ə, nə deyir? Deyir, bəs belə-belə. Koru bəs deyincə çırpıllar. Kişinin də arvadını da verillər özünə, ulağını da.
SAĞALMAZ XƏSTƏ
Bir ayilə olur. Bu ayilənin bir oğlu olur – gözdərinin ağı-qarası. Bu oğlan uşağı xəsdə olur. Bunu aparıllar kənddə ən yaxşı seçilən loğmanın yanına. Loğman uşağa baxır, deyir ki, bu uşağa elə bir şey lazımdır ki, mən onu bullara deyə bilmərəm, valdeyinnər onu eliyə bilməz. Nə qədər dəva-dərman yazır, xeyri olmur. Deyir, buna əlaş yoxdu, götürün, gedin. Ta bu da yekə oğlandı da. On altı, on yeddi yaşı olarmış. Oğlan baş alıb gedir. Deyir, ras ki, öləjəm, harda ölərəm, ölərəm. Gedir çıxır bir düzü-biyabana. Xeylax yol gedir, ajır bərk. Gedir, görür ki, bi dənə çobandı, bir sürü qoyun otarır. Həə. Çobana yaxınnaşır. Deyir ki, ay çoban qardaş, yaman ajmışam, maa süd ver, içim. Çoban deyir, ay bala, burda heş nə yoxdu də, nəyin içinə sağım bını? Get bir gör nə tapırsan, gəti. Bı da gedir, hərrənir, fırranır, bi dənə insan kəlləsi tapır, gətirir. Gör ha, insan kəlləsi. Ona hər adam əl vıra bilmir, qorxusunnan. Nəsə, gedir, gətirir, təmizdiyir bını. Gedir, bi dənə qara qoyunu tutur, oon südünü sağır bı kəlliyə, ta bı qayırdıxları çanağa. Bını bırda qoyur. Gedir ki, gedim çörəh qırıntısınnan-zaddan da tapım, gətirim, içinə doğruyum, yeyim. Qoyduğu səmtdə bi dənə gürzə ilanı gəlir, zəhərin tökür həmən südün içinə. Südün içinə tökür, bı da gözüynən baxır. Deyir, həə, elə mənimki bıra qədərmiş də. Çörəyi doğruyur bıın içinə, bını yeyir. Deyir, ölərəm, ölərəm, qalaram, qalaram. Nəysə, yeyir bını, qutaranda görür gözdərinə işıx gəlir. Bı tamam yaxşılaşır, sağalır. Ayləsinə qayıdır. Anası görür, bı, sağlam qayıdıp. Deyir, ana, get, həkimə denə ki, bəs sən deyirdin, buna çarə yoxdu. Amma mən görürsən, yaxşı oldum, qayıtdım. Gedillər Loğmanın yaana. Loğman deyir, bilirəm nəyə görə gəlmisıız. Ay qardaş, mən hardan aleydim göy gözdü insanın kəlləsini ki, içinə qara qoyunun südünü tökeydim, gürzə ilan da gəlif içinə zəhər tökəydi. Mən bını sizə deseydim də, axı siz bını eliyə bilmiyəceydiz. Onun dərmanı buydu.
Dostları ilə paylaş: |