ƏL ÇƏK, YOXSA ...
Bir çoban olur, çoxlu malı-heyvanı olur. Hər gün aparır örüşə qatır, otduyur. Bının da bir namaz qılan qonşusu olur. Deer, ay çoban, gə namaz qıl, Allahın yoluna gəl, urzun çoxalsın. Çox deer, axırda çoban ona qulax verir. Başdıyır səhərrər namaz qılmağa, bir daşı qoyur qabaana, şükür eliyir, namaz qılır. İki gün keçir, ildırım çaxır, yağış yağır. İldırım düşüf sürünün yarsın qırır. Çoban peşman olur. Qonşusuna deer ki, bəs sən dedin ki, hər şey yaxşı olajeh, namaz qıl. İki rikət, üç rikət gündə qıllam, odu ey ildırım vuruf sürünü qırdı. Qonşu deer, ədə, naşükür olma, işdi, savax Allah genə urzunu artırar. Bı sınaxdı. Çoban gəlir genə, başdıyır namaz qılmağa. Bir günnəri də tavla alışır, yanır. Heyvannar qırılır. Çovan kor-peşman qalxır bir təpənin üsdə, tavlıya baxır da yuxarıdan. Tavla var? Kor-kos, tüsdü-müsdüdü. Bir keçi qaçmışımış, gəlif daldan buynuzuynan çobanın ayaxların buynuzduyur. Çoban hirsdənir, üzün çevirif qışqırır: “Ay Allahın heyvanı, əl çəh, yoxsa iki rikət namaz qılaram, yernən-yehsan olarsan”.
ÇOBANIN QİSASI
Qohumun biri qoyunun qoşufdu çobana. Çoban da onun qızını isdiyifdi. Qızı biyalogiyanı qurtarmışdi, məlimliyi APİ-nin. Bu, deyifdi ki, çobana qızı vermərəm, vermiyifdi. Diyifdi, ay bala, məəm qoyunumu da apar. Götürüf aparıfdı. İndi qoyun dağdan gəlir, gətirif paylıyırdılar yiyələrinə. Camahat çıxmışdı kəndin kənarına. Orda deyirdilər ki, əmanətçilər gəlsin, qoyunnarın alsın, aparsın. Biz də oralardeydıx. Mənim heyvanım-zadım yoxuydu. Gördüy orada qoyun-zad ayırıllar, duruf tamaşa eliyirdih. İndi kişi gəldi qoyunu ayırdılar, verdilər. Dedi ki, (daa adın demirəm) ə filankəs, bəs qoyunun qalanı hanı? Deyir, yoxdu. Deyir, yox e, mən sənə qoşmuşam on səkgiz heyvan. Bə qalan hanı? Dedi ki, əşşi, ikisi qayadan uşdu, ikisin canavar apardı, ikisin hellən apardı (Hellən dağdan üzüaşağı sürətnən gələn qaya parçalarıdı. Bəzən o qədər sürətnən gələrdi ki, evi belə yarıf keçərdi. İçində də kimsə olarsa, öldürəjəhdi dayna). Ə, filankəs, bu oldu altı. Bə yenə əsgihdi axı. Qalan hanı? Deyir, qalan da oların dalıynan getdi. Güldüh ki, ə, sən bəs qızı vermiyəndə bilmirdin, bu, qoyunu yarıdan keçirəjəh? (söyləyici gülür – top.). Həylə çobannarımız da vardı.
Dostları ilə paylaş: |