Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 2,51 Mb.
səhifə22/43
tarix03.01.2022
ölçüsü2,51 Mb.
#51779
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
Başqa bir misal:
Xəstə Qasım, yazlarımız yazlanar,

Qızılgüllər pardaxlanar, nazlanar.

İgid daldasında igid gizlənər,

Tülkü daldasında heç bir şey olmaz.112


Xəstə Qasım təkcə söz yaradıcısı, söz aşığı deyilmiş,o, həm də mahir saz aşığı imiş. Sazla yaxınlıq etməyən və ona bələd olmayan bir sənətkar öz şeirlərini şəkli cəhətdən zənginləşdirə bilməz. Bu istedadlı sənətkar bütün qaynaqlara baş vurduğu kimi, sazın da pərdələrinə dönə-dönə əl gəzdirmiş, özünün yaratdığı cığalı şeirə və müstəzada sazın yarım (lal) pərdələri ilə danışan pərdələri arasında münasib yer axtarıb tapmışdır.

Xəstə Qasımın “qızıl cildli kitabı”nı əldə edə bilməsək də, biz onun zehinlərə, şüurlara və sinələrə yazılmış qızıl kitabının qızıl səhifələri ilə, qızıl sözləri ilə az-çox tanış ola bilmişik.

Xəstə Qasımın yaratdığı gözəl sənət inciləri, yəni təcnislər, qıfılbəndlər, ustadnamələr və s. onun aşıq yaradıcılığındakı ədəbi mövqeyini düzgün müəyyənləşdirməyə, istedadlı bir sənətkar olduğunu söyləməyə haqq verir.

Xəstə Qasım öz ədəbi mövqeyinə görə aşıq poeziyasının ana xəttində özünə elə bir yer seçib dayanmışdır ki, ondan sonra bu yol ilə gələn heç bir böyük sənətkar onun təsirindən kənarda qala bilməmişdir.

Xəstə Qasım aşıq yaradıcılığına yenilik gətirmək, onu bədii və şəkli cəhətdən zənginləşdirmək məqsədi ilə bütün qaynaqlara baş vurmuş və hər sərseçmədən bir dürr əldə etmişdir. Bu səbəbdən də onun şeir xəzinəsi qiymətli incilərlə doludur. Heç şübhəsiz ki, Xəstə Qasım Vaqifin poeziya yaradıcılığı ilə tanış olsaydı, onun şux müxəmməslərinə biganə qalmazdı. O da XVIII əsrin axırlarında yaşamış Göyçəli Aşıq Musa və onlarca başqaları kimi müxəmməsin gözəl nümunələrini yaradardı. XVIII əsrdə Vaqif yaradıcılığı aşıq poeziyası ilə yazılı poeziyanın görüş yeri olmaqdan əlavə, həm də hər iki qaynağın axarını öz məcrasında birləşdirmişdir.

Vaqif qəzəl və müxəmməslərlə yanaşı, həm də aşıq üslubunda qoşmalar, təcnislər yazırdı. Vaqif yaradıclığı üzərində aşıq poeziyasının təsiri aydın olduğu kimi, onun da aşıq poeziyası üzərindəki təsiri açıq və aydın idi. XVIII əsrdə onun bütün şeirləri kimi müxəmməsləri də aşıq yaradıcılığına gəlmişdi:


Ey səba, yarə de kim, avarə gördüm Vaqifi,

Qəm əlindən bikəsü-biçarə gördüm Vaqifi,

Bağrı olmuş sərbəsər, sədparə gördüm Vaqifi,

Aqibət salmış özün odlara gördüm Vaqifi,

Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.113
Yazılı poeziyamızdan aşıq yaradıcılığına gələn müxəmməs də sazla ünsiyyət bağlayandan sonra əvvəlki şəklini saxlaya bilməmişdir. Sazın kök və pərdələrinin daxili ahəng qanununauyğun olaraq müxəmməs də öz şəklini dəyişmiş və ən azı hər bir misra iki yerə bölünmüşdür:
Ey səba, yarə de kim,

Avarə gördüm Vaqifi.

Qəm əlindən bikəsü,

Biçarə gördüm Vaqifi.

Bağrı olmuş sərbəsər,

Sədparə gördüm Vaqifi,

Aqibət salmış özün

Odlara gördüm Vaqifi.

Gecə-gündüz müntəzir,

Didarə gördüm Vaqifi.


Buna görə də aşıqlar deyirlər ki, Vaqifin bir müxəmməsi saza gələndə bölünüb iki gəraylı olur. Yazılı ədəbiyyatdan müxəmməs adı ilə gələn bu şeir forması aşıq yaradıcılığında, sazla yoldaşlıq zamanı, hətta yeni adlar da qazanmışdır. Ona, dastanların sonunda oxunduqda duvaqqapma, adi vaxtda sazla oxunanda isə gözəlləmə deyilir.

İlk aşıq müxəmməsi (gözəlləmə) yaradıcıları onun misralarını bölərkən hər beytdə misranın biri yeddi, o biri səkkiz hecalı olurmuş. Misal üçün XVIII əsrin el sənətkarı Göyçəli Aşıq Musa aşıqlar arasında şux müxəmməslər müəllifi kimi tanınır. Onun da əsas müxəmməslərində hər beytin bir misrası səkkiz, o biri yeddi hecalıdır.


Mən səni çox sevirəm,

Bilirsən halım, samavar.

Bir əyləş məclisimdə,

Cahi-cəlalım, samavar.

Həm taxtım, həmi baxtım,

Həm iqbalım, samavar.114


Lakin sazla əlaqəli bu yaradıcılıq prosesi nəticəsində müxəmməs aşıq şeiri kimi formalaşmışdır.

Bir müxəmməsdən iki gəraylı düzəldən aşıqlar sazın tələblərinə uyğun olaraq misralarda hecaların sayını bərabərləşdirmiş və hamısını gəraylı ölçüsündə, səkkiz hecalı yaratmağa başlamışdır. Həm də hər bənddə misraların sayı on deyil, səkkiz-səkkiz, yəni iki gəraylı ölçüsündə formalaşmışdır. Aşıq Musanın dillər əzbəri olan “Maral” müxəmməsi məhz deyilən tələblər əsasında düzülüb-qoşulmuşdur:


Mən səni görəndən bəri,

Halım pərişandı, Maral.

Ləblərində şəhdü-şəkər,

Xəstəyə dərmandı, Maral.

Açılıbdı qoynun içi,

Bağı-gülüstandı, Maral.

Dərd bilməzlər naqis dedi,

Dərd bilən inandı, Maral.115

Müxəmməs yaratmaq təcrübəsi olan yaradıcı aşıqlar bundan sonra cığalı müxəmməsin cilalanmış, püxtələşmiş, ən mükəmməl nümunələrini yarada bilmişdir. Şəmkirli Aşıq Hüseyn və Molla Cümə bu sahədə daha irəli getmişlər. Nümunə üçün Aşıq Hüseynin müxəmməsindən bir parçaya diqqət yetirək:
Həzarət, bircə baxın,

Canlar alandı bu gələn.

Gözləri cəlladə dönüb,

İsmi Qaytandı bu gələn.

Özü bir səxa kanıdı,

Adil divandı bu gələn.

Özü gül, saçı sünbül,

Yaqut-yəməndi bu gələn.

***
Yaquta bənzər yanaq,

Mərmərə bənzər buxaq,

Kövsərə bənzər dodaq,

Ağ gülə bənzər ayaq,

Qoy bassın gözüm üstə,

Qucmalı candı bu gələn.

***
Həm didarı şirindi,

Həm gövtarı şirindi,

Bağça barı şirindi,

Qoşa narı şirindi.

Bir belə bəşər olmaz,

Huri-qılmandı bu gələn.116


Müxəmməs və cığalı müxəmməs aşıq sənətini təkcə şeir şəkli cəhətdən deyil, həm də yeni saz havaları cəhətdən zənginləşdirmişdir. “Baş müxəmməs” və “Orta müxəmməs” kimi sevinc və şadlıq ifadə edən saz havaları da bu şeirlərlə əlaqədar olaraq yaranmışdır. Yuxarıda da deyildiyi kimi, ümumiyyətlə, hər bir saz havası müəyyən bir şeir formasına bağlı yaranmışdır. Məsələn:

“Güllü qafiyə” adlı saz havası Aşıq Əmrahın aşağıdakı şeiri ilə əlaqədar meydana gəlmişdir:


Dedim gülşən nədi? – Dedi: bağımdı.

Dedim səfalıdı? – Söylədi: yox, yox.

Dedim işrət nədi? - Dedi: səfamdı.

Dedim: gəlsən sürək? – Söylədi: yox, yox.

***

Dedim: əla nədi? - Dedi: gözümdü.



Dedim: şəkər nədi? - Dedi: sözümdü.

Dedim: alma nədi? – Dedi: üzümdü.

Dedim: öpməlisən? - Söylədi: yox, yox.

***


Dedim:inci nədi? - Dedi: dişimdi.

Dedim: əbru nədi? - Dedi: qaşımdı.

Dedim: yumru nədi? - Dedi: döşümdü.

Dedim: əmməlisən? - Söylədi yox, yox.

***

Dedim: siyah nədi? - Dedi: telimdi.



Dedim: şəkər nədi? - Dedi: dilimdi,

Dedim: nazik nədi? - Dedi: belimdi.

Dedim: qucmalısan? – Söylədi: yox, yox.

***


Dedim: qulac nədi? - Dedi: qolumdu,

Dedim: Əmrah kimdi? - Dedi: qulumdu,

Dedim: uzaq nədi? - Dedi: yolumdu.

Dedim: gəlsən gedək! – Söylədi: yox, yox.117


XIX əsrin başlanğıcından etibarən aşıq şeiri və musiqisi böyük inkişaf yoluna düşür. Bu, hər şeydən əvvəl, sazın təkmilləşməsi və hər bir pərdənin öz yerini tutması ilə, sazda üç müstəqil səs qatarının yaranması ilə əlaqədar olur. Bir sözlə, sazda məhsuldar pərdənin sayı bir deyil, üç olur. Yəni sazın daha iki pərdəsi böyük inkişaf yolu keçərək, Şah pərdə səviyyəsinə qalxır. O pərdələrin də Şah pərdə kimi üç səsi olur.

Məsələn, danışan pərdələrin aşağıdakı şəkildə səs qatarı yaranır:



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin