Səkkizhecalılar
Alət işlər, əl öyünər,
Qılınc kəsər, qol öyünər.
Ağac barıyla bilinər,
Adam karıyla bilinər.
Ağıllımız Xıdır ağa,
Barmağın saldı bardağa.
Ağıllıya bir söz bəsdir,
Axmağa min söz əbəsdir.
Ağrılarda göz ağrısı,
Hər kəsdənin öz ağrısı.
(Hər bir kəsin öz ağrısı).
Ağırlığın yer götürsün,
Ruzunu Allah yetirsin.
Atıcı atar, kürd oynar,
Dönüb-dönüb bir də oynar.
Ay qız, adın nədir? Bəsti,
Gümüş kəmər belin kəsdi.
Arpaya qatsan- at yemez,
Kəpəyə qatsan- it yeməz.
Adam var ki, gözdən qızar,
Adam var ki, sözdən qızar.
Alma arvadın dulunu,
Yanınca gələr qulunu.
Alanda allan dodağım,
Verəndə sallan dodağım.
Ala gedər, bula gedər,
Töyür-töyür tula gedər.
Ana qızına taxt verdi,
Ata qızına baxt verdi.
Bir deyərsən, beş deyərəm,
Gözlərinə şiş deyərəm.
Bulaq gözündən quruyar,
İnsan sözündən quruyar.
Birini ye, birini ud,
Birini əlində qayım tut.
Bizim gəlin, bizdən qaçar,
Üzün tutar, ağzın açar.
Başına kül, a küllüklər,
Qarğalar səni dimdiklər.
Bu zamanın qızları,
Kəbini kəsər özləri.
Birini gör fikir eylə,
Birini gör şükür eylə.
Var əzaba dönənindir,
Bal pətəkdən süzənindir.
Bağ quşu bağa yaraşır,
Dağ quşu dağa yaraşır.
Bəzənmisən, bu gündəsən,
Bəzənməsən nə gündəsən?.
Biri yeyər, biri baxar,
Bax, onda qiyamət qopar.
Varlıya bəli deyərlər,
Varsıza dəli deyərlər.
Qazanın qırlı qalası,
Qazanın sirli qalası.
Qaş da ürəkdən su içər,
Saç da ürəkdən su içər.
Qışın çəni qar gətirər,
Yazın çəni bar gətirər.
Qorun ata qarğışından,
Yapış ana alqışından.
Qara kişmiş bəy cibində,
Ağ ayran kol dibində.
Qadınsız həyat-kədərdi,
Uşaqsız həyat- hədərdi.
Dağarcıqda unum olsun,
Mərəkədə yarım olsun.
Dedilər ki, yaşa yarat,
Kim dedi: yetənə daş at.
Dünyanın varı dənizdir,
Onu yeməyən donuzdur.
Evində yox bir urvalıq,
Könlündən keçir darğalıq.
Evində yox bir gecəlik,
Könlündən keçir xocalıq.
Eybi kim elər? Eybəcər,
Dərdi kim çəkər? Dərdəcər.
Ev toğlusundan toy olmaz,
Ev gədəsindən bəy olmaz.
Əzgil dərənimiz də var,
Səbət hörənimiz də var.
Ər ağacı, gül ağacı,
Əsirgəmə, vur ağacı.
Əmimlə bağı gəzərəm,
Dayımla dağı gəzərəm.
Ələkçinin qıl verəni,
Körükçünün yel verəni.
Ətin çiyi ət gətirər,
Xəmirin çiyi dərd gətirər.
İtlər mənə, qurdlar mənə,
Boz sərçələr cırtlar mənə.
İş gücümüz bucaqda,
Şəngülümüz qucaqda.
İgid ölər, ünü qalar,
Öküz ölər, gönü qalar.
İgid oğul quş gətirər,
Şaqqulu bayquş gətirər.
İy bilməyən tülkü olmaz,
Dərisini kola verməz.
Yaba ilə dovğa içdik,
Milçək minib Kürü keçdik.
Yeyəsən qoyun ətini,
İllah da boyun ətini.
Yağar yağış, bitər qamış,
Yağmaz yağış, bitməz qamış.
Yarısı balam balası,
Yarısı ilan balası.
Korun istədiyi bir göz,
İkisi də olsa nə söz.
Yağış ilə yer göyərər,
Alqış ilə ər öyünər.
Güllü çitdən nəmər gəlir,
Gör başıma nələr gəlir.
Gündə gələn gün üstünə,
İldə gələn gül üstünə.
Mən düşünən dağa, daşa,
Gəlin deyək gəlsin başa.
Məndən sənə yaxşı öyüd,
Öz dənini özün üyüt.
Nə biçinini biçirəm,
Nə ayranını içirəm.
Oğurluq nədir? –Bir əppək,
Əyrilik nədir?- Bir öppək.
Orda ayınan, ilinən,
Burda müxtəsər biçinən.
Özü-özünə elədi,
Külü gözünə elədi.
Sən əkmisən tənbəkini,
Mən bilirəm səndəkini.
Su axar, çuxurun tapar,
Mis köhnəlib paxrın tapar.
Söz kimindir?-Götürənin,
Yer kimindir?-Oturanın.
Usta yanında əl saxla,
Alim yanında dil saxla.
Ümid bağladın səbirə,
Yönünü çevir qəbirə.
Halalzadə barışdırar,
Haramzadə qarışdırar.
Heyif, heyif dədəm evi,
Bulamacı bulayardım,
Buladıqca yalayardım.
Haynan gələn, haynan gedər,
Vaynan gələn, vaynan gedər.
Çox yemə ağırlıq etsin,
Az yemə, can əldən getsin.
Cahıla gedən kef çəkər,
Ahıla gedən uf çəkər.
Canı canımızdan deyil,
Qanı qanımızdan deyil.
Uşaq nə görər yapışar,
Uşaq nə görər danışar.
Bülbül çəmənsiz olmasın,
İnsan vətənsiz olmasın.
Cavanın olar qüvvəti,
Qocalar artar hikməti.
Doqquzhecalılar
Arsız adam güləyən olar,
Südsüz heyvan mələyən olar.
Anasına bax, qızını al,
Qırağına bax, bezini al.
Alçaq yerdə yatma, sel olar,
Yüksək yerdə yatma, yel olar.
Atıcı atar, kürd oynar,
Yıxılar, durar, bir də oynar.
Ana uşağına aş gətirər,
Analıqsa yaş gətirər.
At saxlarsan, atlı olarsan,
Don saxlarsan, donlu olarsan.
A qızım, qızım, qara qızım,
Sabunu, yox, ağara qızım.
Birini ye, birini yemə,
Birini de, birini demə.
Varrı evində tava qızar,
Varsız evində dava qızar.
Qonaq gələr, gedər quş kimi,
Yoxsa oturmaz bayquş kimi.
Quzu oldum - süddən doymadım,
Qoyun oldum-otdan doymadım.
Qocaya gedən quymaq yeyər,
Cavana gedən çomaq yeyər.
Ev gördüm evimə küsəndim,
Ev gördüm evimdən usandım.
Ev gördüm evimə pirrəndim,
Ev gördüm evimdən iyrəndim.
Evində yox bir çanaq darı,
Oturur hamıdan yuxarı.
Əli aşından da elədi,
Vəli aşından da elədi.
Əllisin amanlıqda görüb,
Qırxını samanlıqda görüb.
İşi düşəndə arar məni,
Aşı bişəndə qovar məni.
Kişi qızını- yerişindən,
Gədə qızını – duruşundan.
Karvan gedər izi qalar,
Alim gedər sözü qalar.
Kişi qızı- yeyər sallanar,
Gədə qızı- yeyər tullanar.
Gözün qaralığı naxışdı,
Üzün qaralığı qaxıncdı.
Mən dedim ki, gəlini görüm,
Demədim ki, dilini görüm.
Oğul yeyib oyuna gedər,
Qız geyinib, toyuna gedər.
Özgə qapıda yumurtlayar,
Bizim qapıda qaqqıldayar.
Papağı keçi dərisindən,
Xəbəri yoxdur gerisindən.
Söyüdün gözü bişməz olar,
Kasıbın sözü keçməz olar.
Tərə yeyən də yaza çıxar,
Kərə yeyən də yaza çıxar.
Toyda da toyuğun vayıdı,
Vayda da toyuğun vayıdı.
Toyun yaraşığı oynamaq,
Vayın yaraşığı ağlamaq.
Ulusun demə, elini de,
Gəlinim demə, dilini de.
Xandan, bəydən gəlmiş nökərəm,
Dinmə, qabırğanı kəsərəm.
Arvad var, arpadan aş eylər,
Arvad var, kişini külbaş eylər.
Onhecalılar
Analı qızın özü böyüyər,
Anasız qızın sözü böyüyər.
Analı qızın özü söylənər,
Anasız qızın sözü söylənər.
Arvad var, buğda unun daş eylər,
Arvad var, arpa unun aş eylər.
Arvad nə bilir, dağda dumandı,
Oturub evdə hökmü rəvandı.
Adam var- ördəyinə qaz deyir,
Adam var-qarısına qız deyir.
Alçaq yerdə yatma, sel aparar,
Hündür yerdə yatma, yel aparar.
Arvad qohumu ocaq başında,
Kişi qohumu çax-çax başında.
Boyuna baxıram fəxr edirəm,
Ağlına baxıram, fikir edirəm.
Qəm hara gedirsən? Qəm yanına,
Dəm hara gedirsən? Dəm yanına.
Evdə hörmətin yoxsa- evdən çıx,
Eldən hörmətin yoxsa- eldən çıx.
Əri ər eləyən də arvaddı,
Qar, yer eyləyən də arvaddı.
Gəlin deyəndə qucmağım gəlir,
Qarı deyəndə qaçmağım gəlir.
Oğlumun oğlu dağdan aşırar,
Qızımın oğlu çaydan aşırar.
Ölmə eşşəyim, yonca bitincə,
Yonca tökülmə, torba tikincə.
Səbirli- dağı yerlə bir elər,
Səbirsiz- xeyir işi şər elər.
Təpədə taxıl əkən yel üçün,
Dərədə xırman quran sel üçün.
Çağırılan yerə get, ərinmə,
Çağırılmayan yerdə görünmə.
Dostları ilə paylaş: |