b) «Şəcəreyi-tərakimə»də söz kodu ilə təsvir olunmuş rituallar.
Belə rituallar əsərdə çoxluq təşkil edir və onların strukturu oğuz ritual-mifoloji dünya modelinin daha asan yolla bərpa oluna bilməsi üçün, bir növ, üzdə olan materialı təqdim edir.
Əsərdə bu baxımdan diqqəti iki ritual cəlb edir. Bunlardan birincisini Oğuz xan, ikincisini onun oğlu Gün xan keçirir. Həmin rituallar kosmik kontinuum baxımından fərqli dönəmlərdə və fərqli məkan obrazlarında icra olunsa da, əslində, vahid kosmoqonik ritualı təşkil edir. Əgər kosmik kontinuumun zaman strukturuna görə ikinci ritual birincinin diaxron paradiqmasıdırsa, məkan strukturuna görə onlar bir-birinin kosmik ekvivalenti, eynigüclü əvəzedicisidir.
Hər iki ritualda oğuz dünya modelinin kosmik strukturu inikas olunur. Bu strukturun bütün səviyyələrini və onları təşkil edən elementləri həmin törənlərdə «öz yerlərində» müşahidə edirik. Bu baxımdan, ritual dünya modelinin strukturu oğuz mifinin strukturunu proyeksiyalandırır. Bu rituallarda oğuz kosmoloji düşüncəsinin bütün aksioloji universumları (dəyər, ölçü vahidləri), struktur elementləri, dunyanı təsvir kodları semiotik düzüm yaradır. Həmin düzüm ixtiyari hadisə olmayıb, oğuz dünya modelinin funksional hərəkət sxemlərini işarələndirir. Bu da öz növbəsində bizə oğuz kosmoloji düşüncəsinin təbiətini (strukturunu) və necə işləməsini (dinamikasını) öyrənməyə imkan verir.
«Şəcəreyi-tərakimə»də Oğuz xan dünyanın fəthini başa çatdırdıqdan sonra özündənsonrakı dönəm üçün onun etnokosmik strukturunu müəyyənləşdirir. O, həmin strukturu riualda təcəssüm etdirir. Əsərdə bu ritual T o y adlanır («Şəcəreyi-tərakimə»dəki toy törənləri ayrıca yazının mövzusu kimi nəzərdə tutulduğuna görə burada onun terminoloji-funksional strukturuna toxunmuruq.). Ancaq toya qədər baş vermiş hadisələr vardır. Bunlar ilk baxışdan toy olmasa da, əslində, kosmoqonik ritualın tərkibinə daxil olan ritual vahididir. Onun diqqətlə öyrənilməsi bizə şərti olaraq «sakral ov» adlandıra bicələyimiz ritualı bərpa etməyə imkan verir.
Dostları ilə paylaş: |