Bütün bu deyilənlər əsasında belə bir qənaətə gəlmək olur ki, «epos» anlayışı üç məna səviyyəsini əhatə edir:
1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemi – epik dünya modeli;
2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən sözlü mətn;
3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.
Oğuz mifinin oğuz eposuna transformasiya oxunu ilk əcdad, mədəni qəhrəman, demiurqla bağlı süjet-obraz kompleksi təşkil edir. Oğuz mifinin oğuz eposundan bərpası ilk növbədə oğuz kosmoqonik dünya modelini üzə çıxarır.
Y.Meletinski qəhrəmanlıq eposlarının mənşəyini geniş şəkildə araşdıraraq onların ilk qaynağının mədəni qəhrəman haqqında miflər olduğunu göstərmişdir35.
S.Tokarev və Y.Meletinski yazırlar: «Mifologiya qəhrəmanlıq eposunun formalaşmasına hər şeydən əvvəl mədəni qəhrəman obrazı vasitəsi ilə təsir etmişdir. Görünür, məhz bu obraz epik qəhrəman modellərinin «qayrılmasında» ilkin material kimi istifadə olunmuşdur. Qəhrəmanlıq eposunun arxaik formalarında... onun mifoloji elementləri hələ aydın görünür: arxaik epos tarixi keçmişi ilkin miflərin dili və konsepsiyası vasitəsi ilə ümumiləşdirir»36.
Deyilən fikir, əslində, oğuz mifinin oğuz eposundan bərpasının metodoloji modelini də özündə ehtiva edir. Oğuz mətnlərinin struktur nüvəsində oğuz mifi durur. Mifin «dili» (dünyanı təsvir üsulu, təsvirin sintaqmatik elementlər sistemi) və «konsepsiyası» (paradiqmatik modelləşdirmə sistemi) arxaik oğuz eposunun «dili» və «konsepsiyasının» əsasında durur. Bu, arxaik oğuz eposu olan «Oğuznamə»nin «mifizminin» başlıca mövcudluq şərtini təşkil etməklə yanaşı, eyni zamanda oğuz mif modelinin bərpasının başlıca metodoloji şərtidir.
Prof. A.Nəbiyev, ümumən, türk eposunun «mifizminin» şərtləri haqqında yazır: «Türkün mifoloji düşüncəsi əldə edilmiş müəyyən estetik düşüncənin ilkin yekunu kimi özünəməxsus mənəvi-əxlaqi, estetik dəyərlərə söykənirdi. Bu dəyərlər çox geniş milli düşüncə çevrəsini əhatə etsə də, yetkin dini təlimə çevrilə bilmədi, mif yaradıcılığının hüdudları ilə məhdudlaşmalı oldu. Lakin türk mifoloji sistemi epik üslubu irəliyə apardı, türklərin yeni tarixi-ictimai şəraitdə estetik düşüncəsini özündə əks etdirən modern epik təsəvvür formuluna – qədim türk dastanlarını və bu dastanların peşəkar improvizatorçularını – sonradan ozan adı ilə şöhrətlənəcək ifaçılıq institutunu yaratdı»37.
Dostları ilə paylaş: |