§ 3. «Şəcəreyi-tərakimə» oğuz-türkmən düşüncəsində
«Törə-Tarix» konfliktinin həlli vasitəsi kimi
Göründüyü kimi, Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» əsəri oğuz etnosunun kosmik struktur hadisəsi olaraq oğuz-türkmən düşüncəsində (dünya modelində) T ö r ə - T a r i x konfliktinin həlli vasitəsi kimi ortaya çıxmışdır. Burada «t ö r ə – sosial-siyasi münasibətlərin sabit struktur modeli» kimi diqqət çəkir.
Ə.İnan «törə – yasa» haqqında yazır: «Əski türkcədə qanun mənasına gələn yasa (yasaq) termini moğol istilasından sonra islam tarix və etnoqrafiya ədəbiyyatına girmiş və çox yayılmış termindir. Göy türklər, xaqanlılar və səlcuqluların qanun və nizamı ifadə edən törü-türe termininin yerini tutmuşdur. «Yasa» mənşəyi baxımından, şübhəsiz ki, türk sözdür...; ...Yasa əski türk xaqanlıqlarında qüvvədə olan və şifahi olaraq nəsildən nəsilə keçən «törü» və qaydalardan başqa bir şey olmamışdır. Hər xaqan və bəyin bu qaydalara özündən bəzi şeylər də əlavə etmiş olduğuna şübhə yoxdur. Çingiz xan da zaman və mühitin tələb etdiyi bəzi qayda və maddələr əlavə etmişdir. Hər böyük tarixi hadisələrdən və yeni bir sülalə taxta keçdikdən sonra onun «törü» və yasasının qurultaylarda gözdən keçirilməsi və bəzi hökmlərin mübahisəsinin aparılması qaynaqlardakı qeydlərdən anlaşılmaqdadır»79.
«Şəcəreyi-tərakimə»dəki konfliktin semantik qütblərinə diqqət edək: «Törə - strukturdur, hərəkət prosesində dəyişməyən münasibətlər modelidir. Tarix - bu halda həmin dəyişməz modelin gerçəklik zəminində pozulması kimi üzvlənmiş olur... Törə və Gerçəklik üz-üzə gəlir, onların üst-üstə düşməməsi konflikt yaradır»80.
Ritualın ümumtipoloji sxeminə görə, «Struktur» (indiki halda - Törə) və «Tarixin» (indiki halda oğuz-türkmən etnosunun ayrı-ayrı tayfalarının maraqlarının) uzlaşmaması «Konflikti» yaradır, konfliktin həlli isə öz növbəsində «Ritualı» tələb edir. Konfliktin həlli vasitəsi olan ritual kimi bu halda Əbülqazinin «Şəcəreyi-tərakimə» əsəri çıxış edir. Yenə də bu halda «Şəcəreyi-tərakimə» etnokosmik ritualın tarix kodu ilə proyeksiyası, kosmoqrafik işarəsi olur.
Dostları ilə paylaş: |