DÖRDÜNCÜ FƏSİL
OĞUZ DÜNYASININ RİTUAL MODELİ
§ 1. Ritual anlayışının semantik strukturu
Oğuz kosmoqonik dünya modelinin struktur və dinamikasının bərpa oluna biləcəyi ən aktual kosmoloji mətnlərdən biri ritualdır. Ümumiyyətlə, ritual arxaik toplumun həyatını özündə modelləşdirən ən mühüm struktur vahidlərindəndir. Kosmoloji çağ toplumunun həyatı rituallarla nizamlanır. Bu mənada, ritual bu cəmiyyətin etnokosmik funksionallığının əsasında dayanır. V.N.Toporov yazır ki, «kosmoloji çağ insanı həyatın mənası və onun məqsədini məhz ritualda - insan kollektivinin əsas ictimai və iqtisadi fəaliyyətində görürdü»120.
Etnokosmik strukturun öyrənilməsinin ritualsız, sadəcə olaraq, mümkün olmaması görkəmli ritualist alim V.Ternerin səciyyəvi bir qeydindən daha aydın şəkildə görünür. Belə ki, o, özünün mənsub olduğu nəslin cəmiyyətşünasları arasında mövcud olan ümumi rəydən irəli gəlməklə ritualların öyrənilməsinə əhəmiyyət vermirmiş. Afrikada ndembular arasında yaşayaraq tədqiqat aparmış alim yazır: «Mən çöl təcrübəsinin ilk doqquz ayı ərzində qohumçuluq sistemi, kəndin strukturu, evlənmə və boşanma, ailə və fərdi toplanmalar, tayfa və kənd siyasəti, kənd təsərrüfatı mövsümü haqqında çoxlu sayda məlumatlar topladım. Qeyd kitabçalarımı şəcərələrlə doldururdum; kənd evlərinin planlarını cızır və siyahılaşdırma ilə məşğul olurdum; nadir və naməlum qohumçuluq termininin sorağından ötrü vurnuxurdum. Buna baxmayraq, hətta dili sərbəst şəkildə bilsəm də, həmişə qıraqdan baxırmış kimi özümü daim naqolay hiss edirdim. Axı mən bilirdim ki, mənim düşərgəmin yaxınlığında ritual barabanları gurlayacaq və mənim tanışlarım tez-tez məni bir neçə günlüyə qoyub gedəcəkdilər ki, ekzotik adları olan rituallarda iştirak etsinlər. Nəhayət, mən etiraf etməyə məcbur oldum ki, əgər mən ndembu mədəniyyətinin, heç olmasa, bir hissəsinin nə olduğunu başa düşmək istəyirəmsə, ritual əleyhinə əvvəlcədən mövcüd olan fikirlərimdən əl çəkib onun tədqiqinə başlamalıyam»121.
Mif və ritual dünya modelinin fərqli kodlarla təcəssümüdür. Bunların hansının ilkin olması hələ də zaman-zaman davam edən mübahisələrin mövzusu olsa da, mifin və ritualın dünya modelini fərqli kodlarla proyeksiyalandırmaları aydın məsələdir. Mifin rituala münasibəti, bir növ, söz kodunun jest (mimika) koduna olan nisbəti şəklindədir. Obrazlı şəkildə bu, ssenarinin filmə münasibəti şəklindədir. Kosmoqonik dünya modeli mifdə bədii söz kodu ilə məzmunlaşdığı kimi, ritualda standartlaşdırılmış hərəkət-söz kodu ilə gerçəkləşir.
Kosmoloji çağ toplumu öz strukturunu rituallar vasitəsi ilə qoruyur. Bir bütöv sistem olan toplumun bütün sistemdaxili «nasazlıqları» rituallar vasitəsi ilə həll olunur. Bu baxımdan, ritual etnik vahidin funksionallaşması prosesində meydana çıxan bütün konfliktlərin həlli vasitəsi kimi çıxış edir.
Kosmoloji çag toplumu üçün onun dünya obrazı (modeli) sakral strukturdur. Bu strukturun sakrallığı kosmoloji çağ insanının gündəlik həyatının ona uyğunlaşdırılmasında (köklənməsində) ifadə olunur. Toplumun profan həyatının sakral invarianta uyğunluğu kosmik harmoniya yaradır. Bundan qırağa çıxma harmoniyanı pozaraq xaos yaradır. Xaos - toplum daxilində hər hansı səviyyəli konfliktdə ifadə olunur. Konfliktin aradan qaldırılması xaosun ləğv edilməsi və kosmosun bərpası deməkdir. Bu isə yalnız rituallarla mümkündür. Xaosdan kosmosa gedən yol, başqa sözlə, etnokosmik struktur harmoniyasının bərpası yalnız ritualdan keçir. Çünki ritual toplum üzvlərinin sakral dəyərlərlə ünsiyyətə girə biləcəyi xüsusi kosmik kontinuum, xronotop vahididir. Toplumun bütün struktur dəyərləri onda proyeksiyalanmaqla ritualı kosmoloji çağın xüsusi və zəruri hadisəsinə çevirmiş olur. Bu da öz növbəsində, qısa da olsa, ritualın kosmoloji mahiyyəti və funksional dinamikasına diqqət yetirməyi tələb edir.
V.Terner rituala belə bir tərif verir: «Ritual - jestləri, sözləri, obyektləri əhatə edən hərəkətlərin stereotipik ardıcıllığıdır; xüsusi olaraq hazırlanmış yerdə icra olunur və icraçıların maraq və məqsədlərinə uyğun olaraq fövqəltəbii qüvvə və varlıqlara təsir etmək üçün təyin olunur»122.
Ternerin uzunmüddətli praktik və nəzəri araşdırmalarının məhsulu olan bu tərif bir neçə struktur məqamı əhatə edir:
- Ritual jest, söz, obyektlərin birləşməsini nəzərdə tutan hərəkət universumları - kodları vasitəsi ilə funksionallaşır (gerçəkləşir);
- Ritualda təcəssüm olunan hərəkət ixtiyari olmayıb, konkret struktur sxemlərinə söykənir;
- Ritual toplumun ehtiyaclarına xidmət edərək struktur pozulmalarının aradan qaldırılması naminə icra edilir;
- Ritual insanların müqəddəs qüvvələrlə ünsiyyətinin təmin edilməsinin vasitəsidir.
V.N.Toporov yazır ki, «ritual - yaradılışın obrazıdır»123. Müəllif göstərir ki, varlığın yaradılışı aktında baş verənlər ritualda təcəssüm edilə bilər və edilməlidir. Ritual kosmoloji varlığın diaxron və sinxron aspektlərini özündə qapalılaşdırır; yaradılış aktının strukturu və onun hissələrinin (düzüm - S.R.) ardıcıllığını yada salır və bununla insanın «ilkin başlanğıcda» yaradılmış kosmoloji universuma daxil edilməsini təsbit edir. Yaradılış aktının ritualdakı bu təcəssümü (nağıllardakı təkrarlara uyğun olaraq) varlığın öz strukturunu aktuallaşdırır, bütövlükdə onun (varlığın - S.R.) özünə və ayrı-ayrı hissələrinə qeyri-adi dərəcədə nəzərə çarpan simvoliklik (rəmzilik - S.R.) və semiotiklik (işarəvilik - S.R.) verərək, kollektivin təhlükəsizliyinin və çiçəklənməsinin təminatçısı kimi çıxış edir124.
Beləliklə:
- ritual proqramlaşdırılmış hərəkətdir;
- bu hərəkətin strukturu kosmoqonikdir;
- bu, oğuz kosmoqoniyası baxımından Oğuz kağanla bağlı yaradılış aktının «teatrallaşdırılmasıdır»125.
Oğuz ritual-mifoloji dünya modelinin yazı kodu ilə etnokosmik proyeksiyası kimi çıxış edən Əbülqazinin «Şəcəreyi-tərakimə»sində ritualın iki səviyyədə təzahür edən obrazı vardır:
Dostları ilə paylaş: |