AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə13/30
tarix20.01.2017
ölçüsü2,97 Mb.
#751
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Qaynaqlar

  1. Ağayev H. Azərbaycan mütəhərrik oyunları. Bakı, Azərnəşr, 1958, 67 s.

  2. Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəl­lilər, oyunlar və xalq tamaşaları) /Tərtib edənləri: H.İsmayılov, T.Orucov. Bakı, “Şərq-Qərb”, 2005, 312 s.

  3. Gəncəvi.N. Xosrov və Şirin. Bakı, “Lider nəşriyyat”, 2004, 392 s.

  4. Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cilddə. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000, 624 s.

  5. Ordubadi M.S. Qılınc və qələm. 2 hissədə. I hissə. Bakı, Şərq-Qərb, 2005, 344 s.

  6. Ordubadi M.S. Qılınc və qələm. 2 hissədə. II hissə. Bakı, Şərq-Qərb, 2005, 416 s.


ŞƏRUR VƏ KƏNGƏRLİDƏ MƏRASİMLƏRLƏ BAĞLI İCRA OLUNAN XALQ OYUN VƏ TAMAŞALARI
Gülnurə Canməmmədova

AMEA Folklor İnstitutu

deniz_11_83@mail.ru

Özət

Məqalədə Naxçıvanın Şərur və Kəngərli bölgəsində icra olu­nan xalq oyun və tamaşaları təhlil olunur. Onların oxşar və fərq­li xüsusiyyətləri araşdırılır. Xalq oyun və tamaşalarının əsa­­sən xalq mə­rasimləri ilə bağlı olaraq yaranıb təşəkkül tap­ma­sı qeyd olunur. Mərasimlərdən yaranan və mərasimlər da­xi­lində olan müx­­­təlif xalq oyun və tamaşaları təsvir edilir. “Do­du-Dodu” (“Gü­nəşbanu”), “Kosaçıxartma” kimi xalq oyun­­­­­ları, məişət mə­ra­simlərində, yəni toylarda, el şənlik­lə­rin­də icra edilən “Qazı-Qazı”, “Qaladan-Qalaya”, “Bəyin oğur­lan­­ması”, “Fincan-fincan”, “Ko­saçıxartma”, “Xanbəzə­mə” ad­­lı xalq oyunları ətraflı şəkildə izah edilir.



Açar sözlər: folklor, xalq oyunları, tamaşalar, adət-ənə­nə, mərasimlər, “Dodu-Dodu”, “Günəşbanu”, “Qazı-Qazı”, “Qala­dan-Qalaya”

Гюльнура Джанмамедова

Народные игры и спектакли, связанные с обычаями в Шеруре и Кенгерли

Резюме

В настоящей статье рассматриваются спектакли и на­родные игры, исполняемые в районах Шерур и Кен­гер­ли. Исследуются их схожие и различные особен­нос­ти. Отме­­чается, что формирование народных игр и спектак­лей, в основном, связано с народными обычаями. Также опи­сываются разные народные игры и спектакли, созданные на основе обычаев и существующие в самих обычаях. Всесторонне рассматриваются и разъясняются такие народные игры, как «Доду-Доду», «Гюнешбану», «Косачыхартма» в бы­товых обычаях, а также испол­няемые на свадьбах, на­родных весельях народные игры «Газы-Газы», «От крепости-к крепости», «Похище­ние же­ниха», «Чашка-чашка», «Ко­са­чыхартма», «Наря­же­ние хана».



Ключевые слова: фольклор, народные игры, спек­так­ли, традиция, обычаи, «Доду-Доду», «Гюнешба­ну», «Газы-Газы», «От крепости-к крепости»
Gulnure Janmemmedova

Folk games and performances about ceremonies acted in

Sharur and Kangarli regions

Summary

In the article it is said about the folk games and performances about ceremonies acted in Sharur and Kangarli regions of Nakhchivan. Their alike and different characters are investigated. In the article the folk games and performances, especially folk ceremonies and their origin are noted. Different folk games and performances created from the ceremonies are described. Some folk games such as “Dodu-dodu” (“Guneshbanu”), “Kosachi­khartma” and other folk games acted in folk ceremonies, it means in weddings, folk parties such as “Gazi-Gazi”, “Galadan-Galaya” (From one Tower to the other Tower), “Beyin ogurlanmasi” (“Kidnapping of bridegroom”), “Finjan-finjan” (“Cup”), “Kosa chikhartma”, “Khanbezeme” (“Decorating of the King”) are analyzed in details.



Key words: folklore, folk games, performances, tradition, ceremonies, “Dodu-Dodu”, “Guneshbanu”, “Gazi-Gazi”, “Ga­ladan-Galaya”
Azərbaycan xalq oyunları xalqımızın qədim adət və ənənə­ləri, ayin və mərasimləri ilə bağlı olaraq yaranmışdır. Bu oyunlar xalqın təfəkkür və həyat tərzini özündə əks etdirir. Xalq oyunları xalqın təsərrüfat və əmək həyatında, məişətində, adət və ənənə­sində, müxtəlif mərasimlərində tə­şək­kül tapmışdır. Məsə­lən, xalqın əmək həyatında mövsümlə bağlı icra olunan “Dodu-Dodu” (“Günəşbanu”), “Kosaçı­xartma” kimi xalq oyun­ları icra olunur. Məişət mərasim­lə­rin­də, yəni toylarda, el şənlik­lərində “Qazı-Qazı”, “Qaladan-Qa­la­ya”, “Bəyin oğurlanması”, “Fin­can-fincan”, “Kosaçıxart­ma”, “Xanbəzəmə” adlı xalq oyun­larını nümu­nə çəkə bilərik. Mərasimlərdə xalq oyunlarının təşək­kül tap­ma­sını, oyun­ların məhz qədim adət və ənənələrdən, ayin-rituallardan qaynaq­landığını görürük. Göründüyü kimi, məra­simlərdə xalq oyun və tamaşaları mühüm yer tutmuşdur. Belə ki, xalq oyunları mə­rasimlərin daxilindədir. Mərasim-oyun-tamaşa bir bütöv­dür, biri digərinin davamıdır. İstərdik ki, mərasimlər daxilində yaran­mış xalq oyunlarından ətraflı bəhs edək.

Ölkəmizin Naxçıvan bölgəsində, əsasən Şərur və Kən­gərlidə məişət mərasimlərinin – xalq bayramlarının, toyların əsasını “yallı” rəqsləri təşkil edir. Yallı rəqs sistemi xalqı­mı­zın birliyini, gücünü, əzəmət və qüdrətini özündə əks etdirən milli-mənəvi mədəniyyət hadisəsidir. Qobustandakı “qaya­üstü” təsvirlər bu qədim mədəniyyətin əsas göstəricisidir. Bu baxımdan xalq oyunlarının ən qədimi rəqsdaxili oyunlardır. Rəqsdaxili oyunlar qrupuna aid edilən “yallı”lar əsasən el şənliklərində icra edilir. Milli xalq rəqsimiz olan “yallı” xüsu­sən toylarda və şənliklərdə instrumental ansamblın və yaxud da mahnı ahənginin müşayiəti ilə ifa olunur. Mədəniyyətşünas, “yallı” rəqs tədqiqatçısı Ədalət Kərimli “Yallı” adlı monoqra­fiyasında “yallı” rəqsini xareoqra­fiya məzmununa görə iki növə - süjetli və rəqs yallılarına ayırır. “Süjetli yal­lılar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunları formasını alır və buna görə də “oyun yallı” adlanır. Rəqs yallısında isə qəhrəmanlıq motivləri, xalqın əhval-ruhiyyəsi, gənclik, çeviklik təsviri və tərənnümü ifadə edilir” (1, 25). Gö­rün­düyü kimi, yallı rəqslərində oyunla rəqs bir-biri ilə çox əlaqəli şəkildə bağlıdır. “Rəqsdaxili oyunların araş­dı­rılması gös­tə­rir ki, başlanğıcda həmin rəqslər ki, oyun ele­mentləriylə iç-içədir, bu rəqslər sinkretik xarakter daşımış, mərasim və ayinlərin icrasının ayrılmaz komponenti olmuş, özündə uyğun ritual-mifoloji seman­tikanı birləşdirmişdir” (2, 108). Zaman-zaman yallı xalq rəqsinin tərkibində olan bəzi süjetli oyun yallıları rəqs yallılarından ayrılaraq müstəqil mövcudluq qazanmışdır. Bu baxımdan bu tipli süjetli oyun yallı­larını teatrlaşmış xalq oyun yallıları adlandırmaq müm­kündür. Məlum bir hadisəni özündə əks etdirən sujetli teatrlaş­mış xalq oyun yallılarına nümunə olaraq “Qazı-Qazı”, “Qaladan-qalaya”, “Çöpüdü” oyun yallılarının adı­nı çəkə bilərik.

Şərur və Kəngərli toylarında “Qazı-Qazı” oyun yallısı mü­hüm əhəmiyyətə malik çox geniş yayılmış, oyun forma­sında icra edi­lən təqdirəlayiq yallı oyunudur. “Qazı-qazı” oyunu rəqsdaxili xalq yallılarının tərkibindədir. Lakin rəqsda­xili yallıların tərki­bindən müəyyən qədər ayrılaraq teatrlaşmış oyun formasını almışdır. Bununla yanaşı rəqs oyun yal­lı­la­rı­nın mühüm əlamət­lərini özündə qoruyub saxla­mışdır. Nümu­nə­yə diqqət edək: Bu yallı oyununu toyun sonunda əsasən ca­van oğlanlar oynayır. Bu oyunda dəstələr olur. Dəstənin də ba­şında əlində çubuq dayanan “yallıbaşı” olur. Dəstələr qaz şəklində musiqi ahəngi altında sıra ilə bir-birinin arxasınca oynaya-oynaya gedirlər. Dəstəbaşçısı başda, oyunçular isə sıra ilə onu müşayiət edirlər. Dəstə başçısı çubuğu əlində öndə qaz şəklində hərəkət edir, dəstə üzvləri də eyni onun kimi hərəkət edirlər. Bu oyunun öz mahnı ritmi var. Dəstə başçısının cibində müəyyən əşyalar olur. Bu əşyalardan yalnız dəstə başçısı xəbərdar olur. Dəstə üzvləri bilmir ki, onda hansı əşyalar var. Sakitcə ritm altında oyunçular bir neçə dövrə vururlar. Mahnının ritmi dəyişdikcə ifaçılar əlində çubuq tutmuş başçının göstərişi ilə müəyyən hərəkətləri yerinə yetirirlər. Qəfildən dəstə başçısı cibindən bir əşya çıxardıb dəstə üzvlərinə göstərir. Əgər göstərilən əşya dəstə üzvlərində olmasa, dəstəbaş­çısı onları çubuqla cəzalandırır. Dəstəbaşçısı qəsdən cibinə elə bir əşya qoyur ki, o əşya dəstə üzvlərində olmasın və oyunçular yaxşıca cəzalansın. Dəstə üzvləri də ciblərinə müəyyən əşyalar qoyurlar. Mahnı ritmi altında oynanılan “Qazı-qazı” oyununda dəstə­başçısı anidən cibindən açar çıxardıb göstərsə, dəstə üzvlə­rindən kimdə varsa, çıxardıb göstərərək canını qurtarır. Əgər o əşya dəstə üzvlərində olmasa, hökmən cəzalanır. Oyun zamanı dəstəbaş­çısı oyun iştirakçılarını müəyyən işlər görməyə məcbur edir. Məsələn, əyilib torpağı öpmə, mayallaqaşma, oyunu izlə­yən­lərdən kimisə öpmə. Əgər dəstə üzvü başçının əmrini yerinə yetirməsə, möhkəm çubuqlanacaq. Dəstəbaşçısı oyun zamanı oyunçulara bu kimi əmrləri verir: əyilib torpağı öpmə, ma­yal­laqaşma, oyunu izləyən tamaşaçılardan müəyyən edilə­ni öpmə və digər hökmlər. Hər kəs bu oyunu oynaya bilmir. Çünki verilən tapşırıqları yerinə yetirə bilməyə bilər. Cəsarətli olanlar isə böyük şövqlə bu oyunu oynayırlar. “Qazı-qazı” oyun yallısı maraqlı, eyni zamanda əyləncəli oyun olduğu üçün bugünkü gündə də öz aktuallığını qoruyub saxlamışdır. Bu nümunədən göründüyü kimi “Qazı-qazı” yallı oyunu özündə teatr şəklini təsvir etsə də, rəqs elementlərini özündə qoruyub saxlamışdır.

Rəqsdaxili oyunlar içərisində “Çöpüdü” yallı oyunu da özü­nün teatr elementleri ilə zəngindir. Bu yallı oyununda da bir neçə dəstə olur. Bu dəstənin də başçısı “yallıbaşı” əlində bir çubuq başda gedir. Yallıbaşı oyun zamanı hər hansı bir istənilən hərəkəti edərək oyun iştirakçılarından onu etməyi tələb edir. Onun əmrini yerinə yetirə bilməyənlər çubuq­lanaraq oyundan uzaqlaşdırılır. Məzmununa görə “Çöpüdü” “Qazı-Qazı” oyunu ilə oxşardır.

“Qaladan-qalaya” yallı süjetli və teatrlaşmış tamaşa şəklində ifa olunur. İki hissəlidir. Burada qadınlarla kişilər ayrı dəstələr halında rəqs edirlər. Bu yallıda qadınlarla kişilərin yumoristik mücadiləsi keçirilir. Hər dəstədən bir nəfər ortaya çıxaraq “döyüş”, “güləş”, “akrobatik” hərəkət və.s ilə yarışırlar. Burada azərbaycanlı kişilərin comərdliyi qabardılır və bütün bu mücadilə, yarışma qadınların qalibiyyəti ilə başa çatır” (1, 32). Bu nümunədən də aydındır ki, rəqslə oyun bir-biri ilə üzvü şəkildə bağlıdır.

Kəngərlidə toy mərasimi zamanı toy daha da maraqlı, şən olsun deyə toyda “Fincan-fincan” oynayar vəKosa çıxardarlar”. Toyda “kosa çıxartma” oyunu toyun ən əylən­cəli, gülməli anıdır. Bu zaman böyükdən kiçiyə hər kəs gülür, əylənir. Bu oyun əsasən qız toylarında və xına gecələrində qa­dın­lar tərəfindən icra edilir. Be­lə ki, toy zamanı toy adam­la­rından bir nəfər qadın toydan gizlincə çıxıb hazır­laş­mağa gedər. O, köhnə paltar geyinər və özü­nü çox gülməli və ta­nın­maz hala salar. Başına uzunsov kosa papağı qoyar, ayağına rəngli papış geyinər, qəfildən toyun orta­sına düşüb oyun­baz­lıq edər, şən-şux mahnılar oxuyaraq oynayıb camaatı əylən­dirər. Toy adamları xoş gülüşlərlə onu qarşılayar. Bu kosa çıxartma tamaşası toyu izləyənlərin əylən­məsinə səbəb olar.

“Fincan-fincan” oyunu da əsasən qız toylarında qız-gə­linlər tərəfindən icra edilərdi. Qızlar böyük bir otağa yığışar, qarşılarına fincan düzərlər. Fincanın altına müxtəlif yeməli şeylər, bəzək-düzək qoyarlar. Növbə ilə qızlar gözübağlı şəkildə irəli keçib fincanlardan birini qaldırar. Əgər kasanın altından yeməli bir şey çıxsa, onu yeməli, başqa bir əşya çıxsa, şeir deməli, mahnı oxuyub oynamalıdır.

Şərur-Kəngərli toylarına xas olan “bəyin oğurlanmasıoyun-adəti də mövcuddur. Bəyin oğurlanması oğlan toyunda baş verir. Belə ki, toy başlayandan toy qurtarana qədər bəyin dostları fürsət axtarırlar ki, bəyi oğurlasınlar. Bəyin sağdış-solduşu bəyi onu oğurlamaq istəyən dostlarından qoruyarlar. Dostlar nəhayət ki, bir fənd işlədib bəyi oğurlayarlar. Bir neçə dəqiqə onu gizli yerdə saxlayarlar. Ətrafa hay düşür ki, bəyi oğurlayıblar. Toy işti­rak­çıları maraqla bu oyuna tamaşaya yığılırlar. Bəyin sağdış-solduşu bəyi tapırlar, onu oğurlayan dostlarına nəmər verib azad edirlər.

Bildiyimiz kimi, xalq oyunları müxtəlif mərasimlərlə bağlı olaraq yaranmışdır. Bir sıra xalq oyunlarımız məhz möv­süm mərasimlərilə bağlı olmuşdur. Belə ki, təbiət hadi­sələri qarşısında daim aciz qalan insanlar təsərrüfatlarının bol-bərəkətli olmasını istəyərək, “günəşi çağırmaq”, “yeli çağır­maq”, “yağışı yağ­dır­maq”, “yağışı kəsdirmək” niy­yə­tin­də ola­raq ayrı-ayrı ovsun sə­ciy­yəli ayinlər, rituallar, oyunlar icra etmişlər. Mövsüm mə­ra­sim­ləri ilə bağlı olaraq yaranmış bu kimi oyunlardan “Dodu-Dodu” və “Kosaçıxartma” xalq oyunlarını nümunə çəkə bilərik.

“Dodu-Dodu” mövsüm mərasim oyunu bahar fəslində xüsu­sən yağışlı günlərdə oynanılır. Bu mövsüm mərasim oyunu­nun digər adı “Qodu-Qodu”dur. Bu oyun Kəngərli böl­gə­sində “Do­du-Dodu”, “Dodu-çıxartma” adı ilə tanınır. Möv­süm yağ­mur­lu keçəndə “Dodu-Dodu” mərasim oyununu əhali elliklə oyna­yırdı. Bu oyunu əsasən cavan oglanlar icra edər­dilər. Onlar günəşi çı­xarmaq, qırmızı günü görmək arzusu ilə ağaca rəngli paltar ge­yindirər, başına qırmızı çalma bağlayar, gəlin kimi bəzəyib qapı-qapı gəzib oxuyardılar. Gəlin kimi bəzədilmiş ağaca “dodu” deyirdilər. “Dodu” nu əllərində oynada-oynada deyirdilər:

Dodu-dodunu gördünmü?

Doduya salam verdinmi?

Dodu burdan keçəndə,

Qırmızı günü gördünmü?

Dodu-dodunu gördüm ay,

Doduya salam verdim ay,

Qırmızı günü görəndə,

Doduya salam verdim ay.

Nənəmin söylədiyinə görə “Dodu” oyunu zamanı uşaqdan böyüyə hamı səs-səsə verərdi. Dodunu oynadan şəxs qəflətən dodunu yerə vurar, sonra onu göyə qaldırıb oxuyar, qırmızı günü görmək diləyini bildirərdi. Sonra tamaşaya yığışan camaat bir ağızdan dodunu çağırar, onu görmək istəyi ilə Allaha yalvarıb-yaxarardı. Çox keçməzdi ki, Fatma nənə hanasını göy üzünə sərərdi, qırmızı gün yağışlı səmadan boylanardı. Şəbeh o zaman başlayardı. Hamımız bayram edərdik. Bir-birimizi təbrik edərdik. Bir sıra tədqiqatçıların “Dodu-Dodu” mərasim oyununu ovsun xarakterli mərasim oyun kimi səciyyələndirmələri təsadüfi deyil. Oyundan da göründüyü kimi, elliklə edilən duaları Allah eşidər, yağış kəsilər, göyün üzü açılardı. El arasında belə misal yaran­mışdı hay-küy, təlxəklik edən şəxsə deyirdilər, “Dodu oynatma”, “Dodu onyadırsan?”. Bu mərasim-tamaşa Şərurda “Günəşba­nu” oyunu adı ilə tanınmaqdadır. Bu iki oyun mahiyyət etibarilə eynidir. Günəşin çıxmağını arzu edən insanlar karton­dan günəşə bənzəyən gəlincik düzəldirdilər. Belə ki kartonu sarı boya ilə boyayar, ona qaş-göz, ağız-burun çəkər və ipdən saç qoyardılar. Düzəldilmiş gəlinciyə “günəşbanu” deyirdilər onu əllərində oynada-oynada, oxuya-oxuya, qapı-qapı gəzib pay yığardılar.

Minnətdə koftalısan,

İşvəli baftalısan,

Ay sarı, sarı gəlin,

Elimin varı gəlin,

Ay günəş, günəşbanu,

Günəşim, günəşbanum.

Mövsüm mərasimi ilə bağlı olan digər xalq oyunlardan biri də “Kosaçıxartma” oyunudur. Bu oyun Kəngərlidə “Kosaçı­xart­ma”, ölkəmizin digər yerlərində “Kosa-Kosa”, “Kosa oyunu” kimi tanınan məşhur xalq oyunu nümunəsidir. “Kosaçıxartma” möv­süm mərasim oyunu mahiyyət etibarilə “Dodu-Dodu” möv­süm mərasim oyunu ilə eynilik təşkil edir. Belə ki, hər iki oyun günəşi çağırmaq, doğacaq günəşin istisinin canlı təbiəti, torpağı oyadaraq ruzinin, məhsulun bol olmasını arzulamaq baxımından eyni xarakterə malikdir.

Kəngərlidə “Novruz” bayramına əlli gün qalmış el ara­sında “Kosa çıxartma” oyunu keçirirlər. Ənənə almış bu oyun-tamaşa günümüzdə də öz aktuallığını qoruyub sax­lamışdır. Bu oyun əha­lidə yüksək əhvali-ruhiyyə, xoş ovqat yaradırdı. Bu oyunu uca­boy olan, dil cəhətdən iti olan, bir az da məharətli olan cavanlar oynayır. Bu oyunda üç-beş nəfər iştirak edir. Xapdan (qəfildən) qapı döyülür, açırsan ki, kosa. Yanındakılar istənilən evin qapı­sını döyüb kosanı içəri ötürür. Bu kosaya məzəli paltar geyin­dirirlər. Başına gülməli miz papaq qoyurlar, əyninə də başdan-ayağa qədər qırmızı paltar geyindirirlər. Bu oyunun marağı ondadır ki, evin sahibi bilmir ki, qapısına bu gün kosa gələcək. Çiyninə xurcun atıb qəfil qonaq gəlmiş kosa gəldiyi qapıdan pay istəyir. Çıtmıq çalıb oxuyub, oynaya-oynaya deyir:

Kosa ölməkdədi,

Gözləri çölməkdədi,

Kosanın payın verin,

Diyilliyo, diyilliyo, diyilliyo.

Ev yiyəsi də gətirib kosanın torbasını doldurur. Torbaya un­dan, buğdadan, almadan, yeməli şeydən, qolundan nə qopursa doldurur. Kosa bir az da məzə çıxardıb, payını alıb, kəndi baş-ayaq edib gəzə-gəzə beləcə pay yığır.

Kəngərlidə bayram ərəfəsində icra olunan əyləncəli xalq oyun­la­rından biri də “Xanbəzəmə” xalq tamaşasıdır. Bu oyun­da xan, və­zir, vəkil iştirak edir. Kənd camaatı bir meyda­na toplaşır. Bu oyunda xalq elliklə iştirak edir. Əhalinin içindən xan obrazını yaratmaq üçün bir şəxs seçirlər. Bu şəxs hökmlü, zəhmli, eyni zamanda hörmətli olmalı idi. Bu seçilən adam xan olur. Bu şəxsi xan bəzənən kimi bəzəyirlər. Ona qırmızı atlas paltar geyindirir, başına tac qoyur, ayağına məs, əlinə də əsa verirlər. Hazırlanmış xan meydana çıxır. Xalq onun başına yığışır. Xan oyuna başlayır. Oyun üç gün davam edir. Xan üç gün hökmranlıq edir. Xan cərgəyə dayanıb oyu­na ta­maşa edənlərdən birini seçib cəza­lan­dırır. Öz əsasını onun kürəyinə dayayır, ona əmrlər verir. Bu cəzalanan şəxs zəngin olmalıdır ki, xanın tələblərini yerinə yetirə bilsin. Xan tərəfindən cəzalanan şəxs həmin gün otuz-qırx adamın xörə­yini hazırlayır. Xan və onun tərəf­daş­larına zəngin süfrə açıb qonaqlıq verir. Üç gün sürən bu oyunda xan tərəfindən cəza­lananlar xana qonaqlıq verir. Beləcə, xan və tərəfdaşları süfrə başında yeyib-içib əylənirlər. Üç gün keçdikdən sonra xanın tərəfdaşları xana müəyyən cəza verərək, suya basaraq, yaxud da paltarlarını çıxardaraq onu xanlıqdan çıxardırlar.

Sonda belə nəticəyə gəlmək olar ki, özündə xalqımızın zən­gin mədəniyyətini, həyat tərzini əks etdirən xalq oyun və ta­maşaları bu gün də öz aktuallığını qoruyub saxlamışdır. Xalq oyunları folklorumuzun, mənəvi mədəniyyətimizin, adət və ənənəmizin tərkib hissəsi olaraq yaddaşlarda yaşayaraq gələcək nəsillərə ötürüləcək.


Qaynaqlar

  1. Ədalət Kərimli. Yallı. Bakı, Şirvannəşr, 2004.

  2. Ələs Qasımov. Azərbaycan Xalq Oyunları. Bakı, 2006.

  3. Gətirilən nümunələr şəxsi arxivdəndir.

UŞAQ OYUNLARI (ƏZİZƏ CƏFƏRZADƏ ROMANLARINDA)
Gülsümxanım Hasilova

AMEA Folklor İnstitutu

gulsumxanim@rambler.ru

Özət

Şifahi xalq yaradıcılığının mühüm bir hissəsini uşaq folkloru təşkil edir. Bütün oyun tipləri içərisində ən çox diq­qəti çəkən uşaq oyunlarıdır. Əzizə Cə­fərzadənin roman­ların­da adlarını çək­diyi uşaq oyunları onun uşaqlıq yaddaşı ilə bağlıdır. Əzizə Cə­fərzadə öz romanlarında oyunların təkcə adlarını çəkməklə kifa­yət­lən­mə­yərək onların ictimai həyatla bağlı təsvirlərini də verir.

Məqalədə Əzizə Cəfərzadənin “Cəlaliyə” romanında adlarını çəkdiyi “Cı­zığa­girmə”, “Atlardan kimin atı”, “Beş­daş”, “Üzük-üzük”, “Gəldim qaç” kimi uşaq oyunları haqqında qısa məlumat verilir, “Vətənə qayıt” romanındakı “Xan, bir oğru tutmuşam” və “Beşdaş” adlı uşaq oyunlarından isə nümu­nələr göstərilir.

Araşdırmada, həmçinin, Əzizə Cəfərzadənin “Eşq sulta­nı” romanında ananın övladını sakitləşdirmək üçün söylədiyi oyun-tapmacanın da təsviri verilib və təhlil olunub.



Açar sözlər: oyun, məqalə, uşaq, folklor, tapmaca, Əzizə Cəfərzadə, roman
Гюлсумханум Гасилова

Детские игры (В романе Азизы Джафарзаде)

Резюме

Одну из важных частей устного народного творчества составляет детский фольклор. Среди этих типов игр больше всех привлекают вни­ма­ние детские игры. Детские игры, упомянутые Азизой Джафарзаде в своих романах, детские игры связаны с ее памятью детства. В своих романах Азиза Джафарзаде не только упоминает названия игр а также дает их описания, связанные с общественной жизнью.

В статье дается краткая информация о таких играх как «Джызы­гагирме», «Атлардан кимин аты», «Бешдаш», «Узук-узук», «Гелдим гач», упомянутых Азизой Джа­фар­за­де в романе «Джелалийе», а также даются образцы из игр «Хан, бир огру тутмушам» и «Бешдаш» из романа «Ватана гайыт».

В исследовании также описываясь анализируется игра-загадка, рас­ска­­зан­ная ре­бенку матерью, в романе Азизы Джафарзаде «Эшг сул­таны» с целью ус­покоить его.



Ключевые слова: игра, статья, ребенок, фольклор, А. Джафарзаде, загадка, роман

Gulsumkhanum Hasilova

Children’s games (in the novels by A. Jafarzadeh)

Summary

Children’s folklore is a part of oral literature. Children’s games are the most striking among the all game types. In the article the games which A.Jafarzadeh described are close with her memory dealing with the childhood. A.Jafarzadeh not only mentioned the names of games, but also gave their description in social life. The writer in her novel “Jalaliyye” mentioned the children’s games such as: “Jizighagirme”, “Atlardan kimin ati”, “Besh dash”, “Uzuk-uzuk”, “Geldim gach”. In her novel “Gayit” the samples from the games such as: “Khan bir oghru tutmusham”, “Beshdash” are given. In the article in the novel “Eshg sultani”the description of the game-riddle which the mother told to calm her child are given. At the same time the writer talked about the games such as.



Key words: children’s folklore, A.Jafarzadeh, game, novel, writer.
Şifahi xalq yaradıcılığının mühüm bir hissəsini uşaq folkloru təşkil edir. “Uşaq folkloru uşaqların yaş səviyyəsinə, zövqünə, bili­yinə uyğun özünəməxsus janrlarla zəngindir. Bu janrlar sa­dəliyi, yığcamlığı, konkretliyi, oyunlarla bağlılığı, metodikliyi ilə bir-birinə yaxın olsa da, poetik sisteminə, uşaq məişətində oy­nadığı roluna, mövzu rəngarəngliyinə görə fərqlidir” (5, 121).

Oyun tipləri içərisində ən çox diqqəti çəkən də uşaq oyun­larıdır. “Mahiyyətinə görə, uşaqların, “yaşadıqları dün­ya­nı dərk etmək yolu olan” bu oyunlar müxtəlif və rənga­rəng­dir. Milli mədəniyyətin ayrılmaz parçası olan uşaq oyunları ən arxaik folklor örnəklərindəndir. Bəşəriyyətin uşaqlıq dövrünün xatirələri folklorda yaşadığı kimi, uşaqlar da həmin çağların xatirələrini öz yaddaşlarında, bir də oyunlarda yaşadırlar” (4, 158).

Əzizə Cəfərzadənin xalq ədəbiyyatı, folklora vurğun­lu­ğu onun yaşadığı mühit, əhatəsində olduğu insanlar, xüsusilə ana-nə­nələrin bitib tükənməyən xəzinənin təsirindən forma­laş­mışdır. Zamanla öz çevrəsində sinədəftər ana, bacı, nənə­ləri görən ədib onların söylədiyi bir-birindən zərif, incə lirizm­lə yüklənən bayatılar, ağılar, nağıllar, əfsanələr, tapma­calar, uşaq oyunları, atalar sözləri və s. nümunələri dinləyə-dinləyə böyümüş, daha sonralar özü bu örnəklərin toplanması işinə qoşulmuşdur. Əzizə Cəfərzadənin xalq ədəbiyyatı nümunələrini toplanması işindəki fəallığı bunların yalnız bir yerə yığılması ilə bitməmiş, həm də folklor örnəklərinin təbliği, öyrədilməsi və ayrıca araşdırılmasına qədər davam etmişdir. Əzizə Cəfərzadənin ədəbi-bədii irsində folklordan istifadə xalq lirikası-bayatı, layla-oxşamalar, xalq mərasim­lərinin təsvir və rituallarından irəli gələn fallar, inanclar, mahnı mətnləri, uşaq folklorundan qaynaqlanan nəğmə, tapmaca, atalar sözü və məsəllərə əsaslanır. Bu nümunələrin hər biri yazılı ədəbiyyatda öz janr xüsusiyyətlərinə uyğun işlədilir.

Azərbaycan folklorunun janrları sırasında kiçik yaşlı uşaqların məşğuliyyəti, müəyyən vərdişlərinin formalaş­dırılması, əql, hafizələrinin inkişaf etdirilməsi istiqamətində xalq məişə­tində yaranan uşaq oyunları Ə.Cəfərzadənin bədii irsində etno­q­ra­fik məlumatlara uyğun təsvirini tapır. Ədibin ustalıqla əks etdirdiyi bu oyunlar, eləcə də onların xalq dilindəki adları müəlli­fin əhatəsində olduğu folklor mühiti, onun uşaqlığına bağlı yad­daşından qaynaqlanır. Yazıçı folklo­run bu janrını əsərlərində məişət təsvirlərinin əhatəliyini, ümumiləşdirilməsində təhkiyəyə qoşur. “Cəlaliyyə” əsərində qəhrəmanın böyüməsi, yetkinlik yaşı­na çatmasını-onun kör­pə­liyindən ayrılmasını müəllif kiçik bir ştrix­lə obrazın uşaqkən oynadığı oyunlardan ayrılması ilə nəzərə çarpdırır: “Cəlaliyyə hələ Cəlaliyyə xatun olmamışdan əvvəl xır­daca bir qız idi. Mahim ananın onun üçün seçdiyi qızlarla “Cizığagirmə”, “Atlardan kimin atı”, “Beşdaş”, “Üzük-üzük”, “Gəldim qaç”, oynar, haxışta oxuya-oxuya əl çalıb dingildərdi. Nəydi onun sözləri? Hə.... deyəsən beləydi:

Əmim oğlu, necəsən?

Haxışta!


Neçə çaylar keçəsən?

Haxışta!


Saçım ola üzəngi,

Haxışta!


Atdanasan, keçəsən,

Haxışta! (1, 171).

Yazıçı təbii ki, Cəlaliyyənin əqli, fiziki inkişafı müqa­bilində gənc, gözəl bir xanıma çevrilməsini müəyyən portret cizgilərində təsvir edə bilərdi. Lakin ədib bu ənənəvilikdən uzaqlaşaraq hətta insanın böyüməsi, həddi-buluğa çatmasını da uyğun folklor örnə­yi əsasında müqayisədə vermişdir. Burada yazıçını əlavə poetik axta­rışlarına ehtiyac olmadan zaman dəyişmələrini folklor janrı, konkret şəkildə uşaq oyunları üzərində aparmışdır. “Cəlaliyyə” romanında bədii məqama qoşulan, adları qeyd olunan uşaq oyun­larını Ə.Cə­fərzadə “Vətənə qayıt” romanında oğlan uşaqlarının oynadığı “Xan, bir oğru tutmuşam” və qızların oynadığı “Beş­daş” oyunların təsviri əsasında genişləndirir. “Qara keçənin böy­rün­də payız günəşinin yumşaq, ilıq şüaları altında bir neçə oğlan uşağı oturub “Xan, bir oğru tutmuşam” oyunu oyna­yırdı. Oğlan­lar əm­gə­yinin tən ortasına nəzirlik tük qoyulmuş, başı qırxıq bir uşağı üzüqoylu yıxmış, əllərini də onun kürəyinə qoyub, var güc­ləriylə bağırırdılar:

- Əl üstə kimin əli!

- Səməndərin!

- Götürün-qoyun, yalandı!...

- Əl üstə kimin əli?

- Firudunun...

- Götürün-qoyun, yalandı!.

Oğlanlardan iki-üç qədəm aralıda iki qız uşağı oturub, “Beş­daş” oynayırdılar. Oyun zamanı yerdə oturub qıçlarını yana açmış və aralıqdakı məsafədə hansı bir çay sahilində seçib yığdıqları ağ, yum­ru daşları atıb-tuturdular. Daşlar fil sümüyün­dən məxsusi oyun üçün düzəldilmiş kimi yuvarlaq və parlaq idi. Qızların əl­lə­ri­nin üstündə durmuş, yuvarlanır və oynayanları güldürürdü” (2, 96).

Uşaq oyunlarının bədii məqama uyğun nəsrə gətirilməsi hər şeydən əvvəl yazıçının xalq məişəti, yaşayışının canlı təsvir və tə­rən­nümündən irəli gəlir. Qeyd olunan romanda Ağa Nəcəf Ni­şatın Şahsevən binələrinə yol alması geniş bir təsvirlə başlayır. Təbiətin tərənnümü, şairi vəcdə gətirən ətraf gözəlliklər obrazın-təbiətlə baş-başa qaldığı məqamdan yol alaraq müəllif təhkiyə­sində alaçıqlara çatana qədər davam edir. Alaçıqdasa qonağı ilk qarşılayan alaçıq ətrafında “Xan, bir oğru tutmuşam” və “Beşdaş” oyunlarını oynayan uşaqlar olur. Müəllif şairin daldığı təbiət gözəlliyi ilə alaçığın səs-küylü həyatını birləşdirməklə, uşaqların oynadığı bu oyunları yenə də mətnin məkan dəyişmələri üzərində qərarlaşdırır. Burada təsvirin görünüşü müəllifin mətləbə birbaşa dəxli olmayan, məişət formalarına uyğunlaşır.

Məlumdur ki, tapmacalara şifahi ədəbiyyatın – uşaq folklo­ru­nun nümunəsi kimi təsnif olunur. Tapmacaların janr spesifi­kasından irəli gələn sorğu-sual üzərində qurulması, konkret cavab­lanma yazılı ədəbiyyatda geniş poetik, bədii vasitə imkanı­na malik deyildir. Bu baxımdan tapmacalar bü­tövlükdə yazılı ədəbiyyatımızda olduğu kimi, Ə.Cəfərza­dənin də yaradıcılığında müəyyən məhdudiyyətdə müşahidə edilir. Ədibin yalnız “Eşq sultanı” romanında ananın övladını sa­kitləşdirmək, onun fikrini yayındırmaq üçün oğluna söylə­diyi oyun - tapmacalar qısa da olsa, öz-özlüyündə ayrıca maraq doğurur: “Süneyvaz iş görə-gö­rə, balasına yemək verə-verə, ara sıra onu əyləndirmək, fikrini kü­çədən-bayırdan yayın­dırmaq üçün tapmacalar deyirdi. Bu tap­macalar, bəlkə də bunları o, çoxdan, lap çoxdan öyrənmişdi, özü uşaq olanda, o deyirdi, Fəzli tapırdı:

- Bir igidi bir patıltı qaçırdar, nədi?

- Quş, quş

- Doğrudu. Dalda durar, əldə durmaz.

- Ay ana, o da quşdu.

- Nolar, qoy o quş olsun. Bəs bu?

Heyvan soyundu, insan geyindi.

İnsanlar qoyunu kəsəndə onun dərisindən kürk tikirlər, bir növ qəba kimi bir şey. Onu əyinlərinə geyirlər, daha soyuq olmur.

Bəs gündüz yanar, geçə sönər, nədi?

Uşaq düşündü: Bir an düşündü və tapmış, yeni bir şey kəşf etmiş kimi birdən:

- Ana, göz, göz, göstərdi.

Düzdü, mənim balam, gözlərdi.

Hə, anacan, tapmacaların dalı necə oldu, qurtardı?

-Yox, hara qurtarır? Babalar, nənələr, analar sənin kimi uşaqlar üçün, sənin kimi balalar üçün o qədər belə tapmacalar düzəldiblər...

Məsələn, bir qızım var, gələnin-gedənin əlini öpür.

- Əh, onu bilməyə nə var, ana?

Bu qapıdı da, əli öpən qapıdı.

- Yaxşı . Uzundu, ip deyil”(3, 57).

Qeyd etdiyimiz oyun-tapmaca sual-cavab şəklində qurulur. “Bu xalq uşaq oynuna bəzi araşdırmalarda məz­munundan dolayı “oyun-tapmaca” deyilir. Azərbaycan şifahi xalq teatrının və dra­ma­turgiyasının tarixən ən ilk nümu­nələrindən biri sayılır” (4, 163).

Ə.Cəfərzadənin ümumi bədii irsinin folklordan istifadə imkanları bir sıra janrların daha çox işləklik qazanması, yaxud məhdud sayda verilməsinə baxmayaraq bu nümunələr onun əsər­lərində yerli-yerində işlədilmiş, heç bir süniliyə yol verilməmişdir.

Folklorizm, onun ayrı-ayrı element və formulları Ə.Cə­fərza­dənin yaradıcılığında bütöv, tam olaraq götürülməklə ayrı-ayrı janrların əlaqəliliyinə bağlıdır. Epiqraflar, obraz təl­qini, hissi-emosional duyğuların verilməsi, müəllif qayə­sinin möhkəm­ləndirilməsi, kompozisiya mərhələliyində keçidlərin məntiqi qu­rul­ması və s. uyğun folklor janr, obraz, mətnləri əsasında aparıl­maqla qapalı bədii bir sistemi təşkil edir.

Nəzərdən keçirilən folklor nümunələrinin heç biri uy­dur­ma, yaxud müəllifin fərqinə varmadan eşitdiyi şifahi ədəbiyyat örnək­ləri deyildir. Onun müşahidə etdiyi, əha­tə­sində olduğu, folklor mühitindən əldə etdiyi, ayrıca topladığı folklor materiallarına istinadən verdiyi nümunələrdir.

Qeyd edək ki, folklorizm Əzizə Cəfərzadənin bədii ir­sin­də sa­də­cə bu janrların, əsərlərin təhkiyəsinə gətirməklə bitmir, daha çox əsərlərin təşkili, süjet əlaqəliliyin möhkəm­lənməsi, obrazların daha canlı fərdi və xarakter keyfiy­yət­lərində verilməsi, tarixə, zamana, müəllifin hadisələrə müna­sibətində haşiyələrin aparıl­ma­sı, ən əsası xəlqiliyin göstəricisi olmaqla geniş imkanlara ma­lik­dir.

Əzizə Cəfərzadənin bədii yaradıcılığında yer alan folklo­riz­min araşdırılması həm də belə bir nəticəyə gəlməyə əsas verir ki, ümummilli ədəbiyyat kontekstində gərgin yara­dıcılıq axta­rışlarından keçən xalq ədəbiyyatı örnəkləri inkişaf etməklə hər za­man yazılı ədəbiyyatımızı orijinal nümunələrlə zəngin­ləş­dir­mişdir.

Ə.Cəfərzadə yaradıcılığı üzərində apardığımız bu müşahi­dələrin nəticəsi olaraq aşağıdakıları deyə bilərik:



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin