KOMPYUTERDƏ XALQ OYUNLARINDAN VƏ MEYDAN TAMAŞALARINDAN OYUN PROQRAMLARI HAZIRLAMAQ İMKANLARI (Qarabağ xalq oyunları və meydan tamaşalarındakı qarı, ana obrazları əsasında)
Şəbnəm Hüseynova
AMEA Folklor İnstitutunun doktorantı
shebnem.vagif@mail.ru
Özət
Məqalədə əsasını xalq oyunları və meydan tamaşaları təşkil edən kompyuter oyunlarının hazırlanması imkanlarından, onların müsbət və mənfi cəhətlərindən danışılacaq, bu işdə dünya təcrübəsi araşdırılacaq, nümunələr göstəriləcək və təkliflər irəli sürüləcək. Qeyd edək ki, bəzi oyunlarda qarı, ana obrazları var. Bu məqalədə onlardan da söz açılacaq. Kompyuter oyunlarındakı vəziyyətlərindən, yerlərindən söhbət açılacaq.
Açar sözlər: oyun, xalq, Qarabağ, qarı, kompyuter oyunları
Резюме
В статье будет рассказано о возможности разработки компьютерных игр, основой которого являются народные игры и спектакли, об их положительных и отрицательных чертах, а также будет рассматриваться на уровне мирового опыта, будут выдвинуты предложения и показаны отрывки на наглядных примерах. Отметим, что в некоторых народных играх есть образы старухи и матери, о которых тоже будет упомянуто в этой статье. Кроме этого, в этой статье будет идти речь о важности и места компьютерным играм на сегоднящний день.
Ключевые слова: игра, народ, Карабах, кари − старуха, компьютерные игры
Summary
This article will explain the possibility of the development of computer games that are the basis of traditional games and performances, their positive and negative values, international experience will be considered, and will be put forward proposals and will be shown excerpts from. Note that in some people's games have the old woman, the image of curry. In this article we shall discuss about the position of the seats of computer games.
Key words: game, people, Karabakh, kari, computer games
Müasir dövrdə xalq oyunları mədəniyyətin aparıcı komponentlərindən birinə çevrilib. Son illər bütün dünyada bu oyunların intensiv tədqiqi və təbliği işində intensiv inkişaf gedir. Bir zamanlar çoxəsrlik tarixi olan xalq oyunlarının nəsildən - nəslə ötürülməsində bir durğunluq yaşandı. Azərbaycanda xalq oyunları və meydan tamaşalarının tarixi kökləri çox uzaqlara gedib çıxır. Qarabağ folkloruna aid olan xalq oyunları və meydan tamaşaları milli folklorumuzun inciləri sırasına daxildir. Bu nümunələri müasir dövrdə təbliğ etməkdə kompyuter oyunları əvəzsiz vasitədir. Hər xalqın özünün keçmişdən süzülüb gələn oyun adət-ənənəsi var ki, bu ənənə digər xalqların ənənəsindən ciddi şəkildə fərqlənir. Həmin ənənələri məhz kompyuter oyunları vasitəsilə dünyada tanıtmaq mümkündür.
Dünya təcrübəsi göstərir ki, süjet xəttini folklor nümunələri təşkil edən oyunlar daha tez tanınır və yayılır. Çin kompyuter oyunlarının süjet xəttini məhz Çin eposu, Çin tarixi təşkil edir. Buna görə də, bu oyunlar ölkə əhalisi arasında çox məşhurdur və sevilir. Çində istehsal olunan kompyuter oyunları dünya oyun bazarında üstünlük təşkil edir. Bu da həmin oyunlara olan maraqdan irəli gəlir. Rusiyada isə folklor nümunələrinin və tarixi obrazların kompyuter oyunlarının mövzusuna çevrilməsi XXI əsrin əvvəllərindən başlayır. Rus qeymmeykerlərin fikrincə, mövzunun maraqlı olması ilə bərabər texniki və proqram təminatının da yüksək səviyyədə olması uğurun başlanğıcıdır. Qeyd edək ki, hər hansı bir xalqın folkloru əsasında qurulan kompyuter oyunları sonra digər ölkələrdə oyun mövzusuna çevrilir. Bu da təbii ki, milli oyunların, meydan tamaşalarının digər xalqlar arasında təbliğində müsbət nəticələr göstərir. Yəni əcnəbi ölkələr də həmin personajlardan bəhrələnib başqa bir oyun hazırlayırlar. İran şahzadəsi adı altında silsilə kompyuter oyunlrı hazırlanır. Bu oyunda oyunçu şahzadədir və o, ölkəsini Əhriməndən xilas etməyə çalışmalıdır. Bu yolda o çoxlu maneələrlə qarşılaşır və bu maneələri dəf etməlidir. Oyun qədim fars mifologiyası və zərdüştlük əsasında hazırlanıb. Hal-hazızrda qeymppleyerlərin sevimli oyunları sırasındadır. "Bəs Azərbaycanda bu addım uğurlu alınarmı?" sualı meydana çıxır. Alınar. Çünki insanlar onlara aid, yəni milli ruhda nəsə görəndə həvəslənirlər. “Oyunların müəyyən bir qismi uşaqların, xüsusilə də oğlan uşaqlarının fiziki cəhətdən güclü, əsl döyüşçü kimi böyüməsinə şərait yaradır. Bu da əski türk əxlaqından doğan haldır” (6, 153). Saysız-hesabsız xalq oyunlarımız, meydan tamaşalarımız var ki, onlar kompyuter oyunları üçün uğurlu süjet xəttidir. Müasir insanlar arasında kompyuterdən istifadə etmək bacarığı olmayan insan çox nadir hallarda qarşımıza çıxır. Təhsili olmayan, lakin "siçan"dan düzgün istifadə edərək kompyuter oyunlarından məharətlə istifadə edən insanlar var. Bu cür insanlara folklor nümunəsini bu yolla tanıtmaq, təbliğ etmək uğurlu vasitədir. Belə ki, bütün oyunlarda oyun haqqında, personajlar haqqında məlumatlar olur, istifadə qaydaları göstərilir. Nəticədə, milli oyunlar, meydan tamaşaları əsasında hazırlanmış kompyuter oyunlarından istifadəyə başlayan hər bir adam əvvəlcə oyun haqqında maraqlanır, ekrana gələn yazıları oxuyur, nədən bəhs etdiyini, necə oynanıldığını öyrənir.
Xalq tamaşalarındakı obrazların kompyuter oyunlarının personajlarına çevrilməyi müsbət cəhətdir. Məsələn, Kosa, Keçəl, Qodu-qodu, Kəvsəc personajlarından kompyuter oyunlarında istifadə həm xalq oyunlarının, meydan tamaşalarının təbliğinə səbəb olacaq, həm də milli kompyuter oyunlarına maraq artacaq. Bu obrazlar zehni, məntiqi kompyuter oyunları üçün maraqlı personajlardır. “Qodu-qodu” tamaşasında qadın formasında kuklalar düzəldilir və yağışın altında qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxunur, tərifləyib onu vəsf edirdilər. “Yağış çox yağan vaxtlarda keçirilən bu tamaşada gəlin kimi bəzədilən və Qodu adlandırılan əşya, bizcə, təbiət ilahəsinin oxşarı (“dvoynik”i), simvoludur” (5, 76). “Kəvsəc” mərasimi qışı qorxutmaq, onun şiddətinə, şaxtasına hazır olmaq məqsədi daşıyan bir mərasim idi. Bu mərasim zamanı qışın zalım obrazını ifadə edən bacarıqlı, çevik, çalıb-oxuyan, məzəli əhvalatlar danışan bir nəfərə cır-cındır geyindirib, üz-gözünü kömür və unla eybəcər hala salıb qatıra mindirir və kəndi, obanı gəzdirirdilər.
Maraqlı xalq oyunlarından biri də “Hoqqa”dır. Hoqqa sözünün mənası "sehirli qutu", sandıqça deməkdir. Sürpriz xarakteri daşıyan bu oyun-mərasimlər bu gün sirklərdə rast gəldiyimiz bəzi oyunların əsasını təşkil etmişdir. Dünya təcrübəsində sehirli qutu mövzusundan çox istifadə olunub.
“Yeddi gözəl”, “Kəndirbaz” oyunları da kompyuter oyunları üçün maraqlı süjet xətti verir. Belə ki, “Yeddi gözəl” oyunu yeddi qızın qarmaq və müxtəlif rəngli sapların köməyilə apardığı rəqabətdir. Təyin edilmiş zamanadək onlar qarmaqla corab toxumalıdırlar. Ən gözəl və ən tez corab toxuyan qız qalib olur. Bəzi kompyuter oyunları var ki, burada auditoriyanın cinsi nəzərə alınmalıdır. Məsələn, “Yeddi gözəl” oyunu reallıqda olduğu kimi, kompyuter oyunu olaraq da yalnız qadın cinsinin nümayəndələri üçün nəzərdə tutula bilər. “Bu cür oyunlar qız uşaqlarına səliqəlik, qayğıkeşlik, evdarlıq kimi hisslər aşılayır, onları gələcəyin anaları kimi hazırlamağa xidmət edir” (6, 154).
Ən tanınmış milli oyunlardan biri “Çövkən”dir. Son zamanlar diqqət mərkəzində olan “Çövkən” oyunu artıq idman növü səviyyəsində təbliğ edilir və Çövkən yarışları keçirilir. Ağacla at belində oynanılan bu oyunun tarixi çox qədimdir. “Çövkən” oyununu fərqliliyi ondadır ki, bu oyunu Qarabağ atları ilə oynayarlarmış. Atlı oyunçular 120-130 sm uzunluqda olan əyri sonlu ağac çövkənlə topu rəqib komandanın qapısına itələyib salmalıdırlar. Oyunu 3 hakim idarə edir. Kompyuter oyunlarında bu oyunun təbliğatının böyük əhəmiyyəti var. Məhz bu yolla kiçik yaşlı kompyuter istifadəçisindən tutmuş böyüyünə qədər bu oyunun qaydalarını öyrətmək, onun haqqında əyani bilgiləndirmək müsbət nəticə verər, uğurlu alınar. Amerikada məşhur beyzboll oyunu çövkən oyununa bənzəyir. Beyzbol oyununda oyunçular qaçaraq oynayırlar. Qarabağ atı ilə oynanan “Çövkən” oyunu milli Azərbaycan oyunu kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib (8).
Qeyd edək ki, süjet xəttini beyzboll oyunları təşkil edən Baseball, Baseball team adlı yüzlərlə kompyuter oyunları var. Bu oyunlar Amerikada məşhur olduğu kimi digər ölkələrdə də məşhurlaşıb. Bu oyunu oynamaq üçün okeanın o tayına getmək lazım deyil. Məhz kompyuterdə oynamaq mümkündür. Eləcə də xalq oyunumuz “Çövkən” əsasında flaş oyunlar hazırlayıb təbliğ etmək gözəl vasitədir.
“Çiling-ağac” çubuq və payacıqla oynanan məşhur uşaq oyunlarından biridir. Oyun Britaniyanın kriket və Amerikanın beysbol oyunlarına bənzəyir. Oyun ərzində top əvəzinə kiçik ağac çubuqla (10-12 sm) oynanır.
Qarabağ xalq oyunları və meydan tamaşalarının kompyuter oyunlarının əsas süjet xəttinə salınmasının beynəlxalq əhəmiyyəti var. Belə ki, işğal altında olan Qarabağın oyunlarının unudulmaması, başqa xalqlar tərəfindən mənimsənilməməsi, həmçinin bu oyunların dünya səviyyəsində təbliği üçün ən yaxşı vasitələrdən biridir.
Qarabağın məşhur oyunları arasında “Mətəyə salma” oyunu (əskidən hazırlanmış topabənzər yumaq uzunluğu 1 metr olan düz ağacla 7 metr məsafədən mətəyə salınmalıdır), “Bayraq qoruma” oyunu (25 metr məsafədən bayraqlar bir-birinə diaqanal olaraq yerə sancılır, komandalar öz bayraqlarını bir-birilərindən qorumağa çalışırlar), “Eşşəkbeli” oyunu (“Ənzəli”ni xatırladır, amma eşşək duran şəxs tez-tez dəyişmir, kimin ayaqları eşşək durana dəysə, o əyilir), “Südlü sülük” oyunu (yalnız gecələr oynanılıb. Bir şüşə nəlbəki, ya boşqabı gecənin qaranlığında arxaya tullayırlar və komanda üzvləri boşqabın qırıntılarını yığıb əvvəlki formasına gətirməlidirlər) artıq unudulmaq üzrədir. Bu oyunları gənc nəsil arasında yaymaqda, həmçinin beynəlxalq səviyyədə tanıtmaqda kompyuter oyunları olduqca əhəmiyyətli vasitədir. Bu oyunların hər biri kompyuter oyunları üçün mövzudur.
Qarabağ xalq oyunları arasında “Lafta” oyunu var ki, bu oyunda əsas personaj qarıdır. “Lafta” oyununda uşaqlardan biri "qarı" olub çöməlib oturur, qalanları onu dövrəyə alırlarmış. Onlar əskidən hazırlanmış topları ona atarlarmış, əgər qarı kiminsə atdığı topu tutsa həmin adam qarı olarmış. Beləliklə, bu oyun uşaqların sayına görə dövr edərmiş. “Lafta” oyununu kompyuterdə diqqət oyunları sırasında hazırlamaq mümkündür. Çünki burada həmin parça topları atmaq diqqət tələb edir. Buradakı qarı küp qarısıdır. “Mifoloji zəmində təşəkkül tapmış nağıl obrazı” (3, 217). “Təsadüfi deyil ki, küp qarısı ölüm haqqındakı ən əski təsəvvürlərin antropomorfizmindən ibarət obraz hesab edilmişdir” (3, 218).
Ruslar hazırladıqları bəzi oyunların personajı Baba Yaqadır. Kompyuter oyunlarında süjet məhz Baba Yaqanın üzərində qururlub. Hətta məntiq oyunları var ki, birbaşa Baba Yaqa personajı ilə oynanılır. "Yaqa analiz üçün çox qəliz obrazdır. Bu obraz silsilə detallardan ibarətdir. Fəqli nağıllardan yığılmış bu detallar bir-biri ilə üst-üstə düşmür, ahəng yaratmır, bir obraza axmır” (7, 52, 53). Dünya təcrübəsindən çıxış edərək, xalq oyunlarındakı qarı, küp qarısı obrazı kompyuter oyunları üçün maraqlı personajdır.
"Qarabağ folklorunun toplanmasının siyasi və ideoloji tərəflərinə toxunmadan bu bölgənin qədimdən türk məskəni olduğunu, xüsusən də oturaq əhali ilə bərabər qonar-köçər yaşam sürdürən tərəkəmə və ya elat camaatının da bu yerlərdə yaşadığını nəzərə alaraq zəngin və çeşitli folklor örnəkləri ilə qarşılaşmaq mümkündür" (1,15). Füzuli Bayat Qarabağ folkloru üçün spesifik olan nağıl, bayatı, əfsanə, atalar sözləri, oyunların tərəkəmə camaatı arasında geniş yayıldığını vurğulayır. Tərəkəmə oyunlarının da maraqlı süjet xəttləri var ki, kompyuter oyunları üçün maraqlı mövzudur.
“Papax” oyunu komanda şəklində oynanılır. Hər komandada beş nəfər olur. On beş dəyqə müddətində hansı komanda o birinin başınnan daha çox papax alsa, o qalib sayılır. Papağı götürən şəxs on beş dəyqə onu özündə saxlamalıdır. Papağı gizlətmək olmaz. Əgər yoldaşının papağını götürüflərsə, səndə artıx papax varsa, verməlisən yoldaşına. Papağ başında qalmalıdır. Oyunçuların hamısının başında papağ olur. Papağ ya əldə olmalıdır, ya da başda" (2, 171).
“Dəsmal” oyununda müəyyən məsafə qoyulur. Hər komandadan bir oyunçu çapa-çapa gedib dəsmalı yerdən götürməlidir. Kim tez götürsə, qalib o sayılır. Burda da hər komandada beş oyunçu iştirak edir. Əgər atlının ikisi də papağı götürə bilmirsə, onda ikinci bir də gedillər. (2, 171)
“Keçipapaq” oyununda keçi dərisinin içi samannan doldurularaq yerə atılır. Keçi dərisinnən olduğu üçün ona keçipapax deyirlər. Diametri bir metr olan halqa olur, ağaşdan asılır. Orda da ancax əyilif topu yerdən götürməlisən və yoldaşına atmalısan. Topu dairənin içinə salmalısan. Topu əldə çox saxlamax olmaz. Maksimum altı saniyə saxlamağa icazə verilir. Altı saniyə müddətində yoldaşına ötürməlisən. Həmin müddətdən çox saxlıyarsansa, onda sən cərimə olunursan. Tək götürüf aparıf halqaya sala bilməzsən. Götürdün gərəh yoldaşına verəsən. Burda da hər komandada beş oyunçu olur. Halqa o vaxdı fındıx çubuğunnan düzəldilirdi, amma indi məftildən hazırrıyıllar. Böyürrərinnən əysi asırdılar ki, topun halqaya düşdüyü görünsün. Çoban oyunu-çobanlar oynayıb (2, 171).
“Çoban oyunu” - Cobannar oynuyuf, ona gorə ona “coban oyunu” deyillər. Dağlarda bir dənə yumuşax əysini top kimi yumurluyuf oynuyurmuşdar. Yenə də iki komanda olur. Hər komandada uc nəfər və yaxud beş nəfər olurdu. Yer ayırırmışdar, bu tərəfə sən aparassan, bu tərəfə mən. Coban ağacıynan kim birinci aparsa, o qalib gəlirmiş. Orda da bir adət var. Əgər ağac əlinnən duşərsə, sən atdan düşüf götürə bilməzsən onu. Mütləx atın üsdündə goturməlisən. Atdan duşdunsə, oyunnan cıxmalısan. Daşın birini bura, birini ora qoyuf eni üş metr olan qapı düzəldirdilər. Coplugol deyilən yerdə cobannarın bu oyunu oynadığını görmuşəm. Özü də möhkəm də yeyif-işmişdilər. Onda dedilər ki, gəlin bir coban oyunu oynuyax. Yapıncını bukdulər, möhkəm sarıyıf top duzəltdilər. Cobannarın ucu yumuru toppuzu olan ağacları – comaxları olurdu, topu da onnan vururdular (2, 172). “Çoban oyunu” folklordakı çobanların özü kimi “nataraz” oyundur. “Nataraz – bədəncə və davranışca tarazlığı pozan, mövcud ölçü-biçilərə uyğun gəlməyən adamdır”(5, 144). “Nəzərə alınmalıdır ki, folklordakı bir çox başqa obrazlar kimi, çoban obrazı da çoxqatlı, çoxmənalı obrazdır” (5, 158).
Xalq oyunları və meydan tamaşalarımız əsasında hazırlanan kompyuter oyunlarının təbliğində dil və yaş xüsusiyyətlərinin nəzərə alınması vacib məsələlərdən biridir. Belə ki, bildiyimiz kimi, 3 yaşından tutmuş 70 yaşına kimi olan insanlar müasir dövrdə kompyuterdən istifadə etməyi bacarır. Hətta xüsusi proqram bilməyənlər belə kompyuter oyunlarına maraq göstərirlər. Buna görə də hər yaş üçün oyunların hazırlanması vacibdir.
Folklor insanlara təsir etmək, təmiz, sağlam cəmiyyət formalaşdırmaq üçün mənəvi əsasdır, özüldür. Buna görə də, folklor nümunələrinin müasir insanların həyatına yansıması olduqca əlverişlidir.
Kompyuter oyunlarının auditoriyanın tərbiyəsində və təhsilində böyük rolu danılmazdır. Lakin ideya ilə yanaşı texniki innovasiya və maddi yatırım da yüksək rol oynayır. Ölkədə informasiya texnologialarının inkişaf etdiyi bir zamanda bu heç də çətin məsələ deyil. Game Maker kimi proqramlarla kompyuter oyunları hazırlamaq mümkündür və əlverişlidir.
Qaynaqlar:
-
Bayat Füzuli. Qarabağ tərəkəmə folklorunun bəzi özəllikləri. Qarabağ folkloru: Problemlər, Perspektivlər mövzusunda Respublika Elmi konfransının materialları, Bakı- 26 dekabr, 2012
-
Qarabağ: Folklor da bir tarixdir. II kitab (Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2012
-
Məmmədov C.M. (Cəlal Bəydili). Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003
-
Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivindəndir.
-
Kazımoğlu Muxtar. Folklorda obrazın ikiləşməsi. Bakı, “Elm”, 2011
-
Vaqifqızı (Süleymanova) Ləman. Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012
-
В.Я.Пропп. Исторические корни волшебных сказок. Ленинград, 1986
-
http://www.unesco.org/culture/ich/en/USL/00905 Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan. unesco.org (ing.)
CƏLİL MƏMMƏDQULUZADƏNİN KİÇİK HƏCMLİ PYESLƏRİNDƏ XALQ OYUN VƏ TAMAŞA MOTİVLƏRİ
Tahirə Məmməd
filologiya üzrə elmlər doktoru, prof.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
tahire.mammed@yahoo.com
Özət
C.Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında folklora ən çox müraciət edən yazıçıdır. Məruzədə dramaturqun kiçik həcmli pyeslərində oyun və tamaşa motivləri poetika istiqamətində araşdırılır. Pyeslərin obraz, süjet, kompozisiya strukturunun xalq oyun və tamaşaları ilə tipoloji müqayisəsi aparılır.
Açar sözlər: Cəlil Məmmədquluzadə, kiçik pyeslər, xalq oyunları, poetika istiqaməti, XX əsr
ТахираМаммед
Мотивы народного театра и представления
в кратких пьесах Д.Мамедкулузаде
Резюме
Д.Мамедкулузаде чаще всех обращался фольклорной теме в азербайджанской литературе ХХ века. В статье со стороны поэтики исследуется мотивы народного театра и представления в кратких пьесах драматурга. Сюжетная, образная, композщионная структура пьесов сравнивается с народным театром и представлениями со стороны типологии.
Ключевыеслова: Д.Мамедкулузаде, кратких пьесах, народным театром, со стороны поэтики, ХХ века
TahiraMammad
Motives of play and performance in the little dramas
by JalilMammadguluzadeh
Summary
J.Mammadguluzadeh is the writer who appealed to folklore most of all in Azerbaijan literature of the 20-th century. In the talk motives of play and performance in the little dramas by the playwright are analyzed in the direction of poetics.
Typological comparison of images, subject, structure of composition in the dramas with people`s plays and performance is carried out in the paper.
Key words: Jalil Mammadguluzadeh, little dramas, people`s plays, the direction of poetics, 20-th century
Cəlil Məmmədquluzadə XX əsrdə klassik irsə və folklora ən çox müraciət edən sənətkardır. Onun bütün yaradıcılıq sahələrində bu, özünü aydın şəkildə göstərir.
Ədibin dramaturgiyası obraz, süjet, kompozisiya strukturu baxımından xalq oyun və tamaşaları ilə sıx əlaqədədir. Bu əlaqə, böyük həcmli əsərlərində bir qədər dərinə hopmuş halda olsa da, kiçik həcmli dramlarında (“Çay dəsgahı”, “Kişmiş oyunu”, “Lənət”, “Lal”, “Oyunbazlar”, “Yığıncaq”) görümlü vəziyyətdədir.
Adı çəkilən pyeslərdə xalq oyun və tamaşalarından istifadənin aşağıdakı istiqamətlərdə izləmək mümkündür:
-
Süjet və kompozisiya strukturunda
-
Obraz strukturunda
-
Məkan təqdimində
Bəzi məqamlarda oyun və tamaşalardan hər hansı birinin izi açıq müşahidə olunur. Geniş yayılan hal isə tamaşa və oyunların texnologiyasının pyeslərin strukturuna nüfuz etməsidir.
“Xan bəzəmə”, çoxvariantlı “Lal oyunu”, “Qaravəlli” kimi tamaşaların motivlərini C.Məmmədquluzadənin pyeslərində asanlıqla görmək mümkündür. Bunlar mətnlərin ilkin qarşılaşdırılmasında da üzə çıxarıla bilər. Strukturda yerləşən və birbaşa onun qurulmasında rolu olan elementləri isə mətnin poetikasının tədqiqi ilə müəyyənləşdirmək mümkündür.
Yuxarıda C.Məmmədquluzadənin adı çəkilən pyeslərinin hər birində oyun qurma, oyun çıxarma motivi var. Onlar xalq tamaşaları qədər duzlu və gülməli, təsiredici gücə malikdir. Daha doğrusu, insanı yükləmə və təmizləmə xüsusiyyətinə görə xalq oyun və tamaşaları ilə bərabər funksiya yerinə yetirir.
Ədəbiyyatımızda ilk alleqorik pyes olan, risalə və dram elementlərini özündə birləşdirən “Çay dəsgahı”nda gerçəyin açılması, ədalətin bərpası qurulan oyunla mümkün olur; Padnosun təklifi ilə hər kəs insafı əsas tutaraq çayın dadına necə təsir etdiyini söyləyir. Dialoqlardakı çıxışların monoloqvari olması, obrazların özlərini öyərək söhbətə, bəhsə girməsi də xalq tamaşa motivlərini canlandırır. Bundan başqa, pyesin alleqoriya şəklində yazılması da folklorda, o cümlədən oyun və tamaşalarda xüsusi rolu olan qılıqdəyişmə üsulunu, kukla oyununu yada salır. Doğrudur, burada qılıqdəyişmə hər hansı sakral funksiyaya xidmət etmir. Lakin xalq tamaşalarında auditoriya ilə ünsiyyət qurmada bu vəziyyət sakrallıqdan başqa bir də komizm kimi təzahür edir. Həm də kimsəni incitmədən, insanı bəzən özünə də güldürərək tərbiyə edir. Bu mənada qılıq dəyişmə tənqidedicilik məqsədi daşıyanda təsirin “mədəniliyi” baxımından əvəzedilməzdir və ironiyanı şirinləşdirir; müdrikliyin sadəlikdə təzahürü kimi ortaya çıxır. İlk baxışdan sadə bir səhnədir, lakin təsir gücü uzunömürlü, əhatəsi çox genişdir.
Xalq tamaşası təsiri bağışlayan bu dramda folklor və xalq inanclarının bir sıra başqa izlərini də görürük ki, bu da əsəri istər-istəməz xalq təfəkkürü və el yanaşmasına yaxınlaşdırır. Hələ ilk remarkada əşyaların təqdimi bizdə bu əhvalı yaradır. Kresloda (sanki taxtda şah əyləşib) samovar oturub. Çayın hazırlanması və istifadəsi üçün lazım olan ləvazimatlar onun sağında və solunda düzülüb (dastanlardakı sağ, sol güc kimi). Maraqlıdır ki, düzülən əşyalar qarışdırılıb. Maşa qaşığın, turba nəlbəkinin yanındadır. Onların yerinin qarışıq salınması nağıllarda pozulmuş nizamı (məs., atın qabağına ət, itin qabağına ot qoyulması ) göstərən üsul kimi diqqəti cəlb edir. Turba və maşa bir yerdə deyilsə, hazırlanma və istifadə vasitələri qarışdırılıbsa, artıq çirkliliyə və dadsızlığa, eyni zamanda, idarə üsulunda nizamsızlığa yol açılıb.
Samovarın söylədiklərindən məlum olur ki, o, on üç ildir ağanın evindədir. Dramaturq on üç və xəyanət sözlərini bir araya gətirərək asossiativ yolla on üçüncü həvarinin xəyanəti səhnəsini, xalq arasında on üçün düşümsüz sayılması inancını canlandırır və samovarın günahsızlığı təsəvvürünü oyadır. Samovar deyir:
Ağamın mən evindəyəm on üç il,
Deyil insaf onun evində bu dəm,
Başlayam mən ona xəyanət edəm. (1, 363)
Dramda əşya və insan arasında söhbət, insanın əşyanı, əşyanın insanı anlaması da folklorizm motivi kimi diqqəti cəlb edir. Yazılı ədəbiyyatda əşyaların, heyvanların, quşların, hətta bitkilərin belə dilini insan anlaya bilər (“Bayquşların söhbəti”ni Nuşirəvanın anlaması kimi); “quş dili” biliciləri kimi. Ancaq əşya, heyvan, quş və s.-lə insanın dialoqu daha çox folklorda rast gəlinən hadisədir, yazılı ədəbiyyatda üzə çıxdığı hallar isə folklordan mənimsəmə, faydalanmadır.
“Çay dəsgahı”nda Samovar əşyalarla söhbətini qurtardıqdan sonra nökər Əlini sorğu-suala tutur, padnosa tapşırır ki, kağız-qələm götürüb, deyilənlərdən qeydlər götürsün. Əsərin finalında əşya və insanların bir-birinə belə qarışması, cansız predmetləri sanki insanlaşdırır və insanların əşya roluna girməsi təsəvvürünü yaradır. Bu da özlüyündə əsəri yenə xalq oyun və tamaşaları ilə paralel müstəviyə gətirir.
C.Məmmədquluzadə kiçik həcmli pyeslərindən birini elə özü oyun adı ilə verir: “Kişmiş oyunu”. Burada oyun özünü təkcə adda göstərmir; əsərdə oyun içərisində oyun qurulur. Əsərin bu cəhətini Ə.Sultanlı da qeyd etmişdir. “Burada oyun içərisində oyun təşkil olunmuşdur. İkinci oyun o qədər ciddiyyətlə, o qədər mürəkkəb aparılır ki, tamaşaçı ancaq əsərin sonluğunda əsil məsələdən xəbərdar olur” (4, 215). Borclarının dalınca gəlmiş Karapet və Sərkisin başına oyun açırlar. Əslində bu tamaşa özü qurulmuş bir qaravəllidir. Hələ başlanğıcdan qaravəlli elementləri ilə rastlaşırıq. Maraqlıdır ki, hadisələrin əsas səbəbkarının da adı Vəlisoltandır. Hadisələrin baş verdiyi məkan belə, qaravəlliyə uyğundur; “ Əhvalat vaqe olur ...kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında” (1, 375). Obrazların məkandakı düzümündə də bir nağılvarilik və qaravəlli üsulu var. Mötəbər şəxs kimi təqdim olunan Vəlisoltan neçə vaxtdır ki, kotana qoşmaq üçün aldığı bir öküzün pulunu verə bilmir, buna imkanı yoxdur. Ancaq oturduğu yerdəki mövqeni hələ saxlayıb – yuxarı başda tək əyləşib, kəndlilər isə onun qabağında əmrə müntəzir sıralanıb (“Xanbəzəmə” xalq tamaşasında olduğu kimi).
Pyesin kompozisiyası da qaravəllidən kənar deyil. Tövləyə yığışan kəndlilər Nurəlidən bir nağıl söyləməsini xahiş edirlər ki, uzun qış gecəsi maraqlı keçsin. Nurəli nağılın başlanğıc təkərləməsini deyib qurtarır, məzmuna keçmək istəyəndə tövlə qapısı açılır, Vəlisoltanın nökəri Kərim daxil olub, iki erməninin gəlməsi xəbərini verir. Əsil qaravəlli, oyun içərisində oyun bundan sonra başlayır, ağa və kəndlilər bilərəkdən, gələnlər isə bilməyərək oyun iştirakçısına çevrilirlər. Oyunun sonu da qaravəlli kimi bitir; zahirən qələbə kimi görünsə də, əslində burada həm udan, həm də uduzan var. Daha doğrusu, finalın iki üzü var – haqlı görünən haqsız, haqsız görünən haqlıdır. Uduzan anlayışsızlıq və səbrsizlik göstərdiyi “zəli kimi yapışıb” vaxt vermədiyi üçün onun məğlubiyyəti dərin təəssüf hissi oyatmır. Vəlisoltan isə borcunu vermədiyi üçün günahkardır. Beləliklə, final yuvarlaqlaşır, acı kədər hissi və ya ürəyi döyündürən qələbə sevinci yaratmır; oyun, xalq məzhəkəsi finallarının yaratdığı hissiyyatın paralelini oyadaraq tərbiyəedici gülüş yaradır.
C.Məmmədquluzadə kiçik həcmli pyeslərindən birini xalq oyununun adı ilə adlandırır: “Lal” . Əslində, laloyunu xalq teatr janrlarından biridir. Həm tamaşa, həm də oyun şəklində göstərilə bilər. Burada mimika və onu anlamaq, anlatmaq əsas cəhətdir; pantomim tamaşalarda olduğu kimi. Lal oyunlarının konkret mövzusu yoxdur. Fərqli məqsədlərlə oynanaraq müxtəlif tamaşaların, mərasim oyunlarının içində özünə yer ala bilər; adətən bayramlarda və toylarda oynanılmışdır. Əsasən qılıqdəyişmə ilə olur, xüsusən də toylarda. Lakin qılıqdəyişmə, maska vacib şərt deyil; ola da, olmaya da bilər. Laloyununa müraciətdə əsas məqsəd kiçik həcmdə, məzmunda asossiativ yolla genişlik, məna çoxvariantlılığı yaratmaqdır. Laloyunu böyük bir işığın kiçik güzgüdə əks olunub qaytarılmasına bənzəyir. Bu mənada C.Məmmədquluzadə də səhifəyarımlıq, bir pərdəli “Lal” pyesində çox söz deyə bilmişdir. Burada əsərin həlledici obrazı olan Lal, oyunun janrı ilə paralelləşərək maraqlı bir bədii modelin formalaşmasına yol açır. Əsərdə uşaqların “vay dədə” deyib ağlamağından, onların əhvalına uyğun musiqi sədalarından, möminin “lailahəilləllah” deməsindən, əzan və zəng səsindən başqa heç nə eşidilmir. Lallıq janra uyğun olaraq bütün əsərin üstünə çöküb. Lakin yalnız bir Lal obrazı var ki, kimsənin başa düşmədiyini o başa düşür, kimsənin eləmək istəmədiyini o yerinə yetirir, öz hərəkəti ilə insanları insanlığa dəvət edir. “Sözün bitdiyi yer...” təəssüratını oyadır.
Bu pyesdə də digərlərində olduğu kimi xalq hikmətinə, deyimlərə uyğun epizod və vəziyyətlərlə qarşılaşırıq. Məsələn, remarkada uşaqlar küçədə, divarın dibində, soyuqda qalıblar. Xalq arasında ən geniş yayılmış qarğışlardan biri belədir: ”Səni görüm, balaların ac-susuz, küçələrdə, divarların dibində yetim qalsın.” Bu qarğışı yada salanda artıq uşaqların niyə vay dədə... demələrinin səbəbi aydınlaşır; çox güman ki, uşaqlar yetim və ac-susuzdurlar. Din və dövlət borcundan qorxub uşaqlardan uzaqlaşan mömin, çinovnik özlərinin gerçək insanlıq borcunu unudurlar. Əsərdəki sakitlik (lallıq!) insanları düşünməyə, gerçək borclarının nə olduğunu tapmağa dəvətin güclü bədii vasitəsidir.
Dramaturqun bir əsərinin də adı oyunla bağlıdır - “Oyunbazlar” (2, 66). Bu əsərdə üç planlı oyun gerçəkləşir – qumar oyunu, dərsin oyuna çevrilməsi və şəxslərarası yerdəyişmədə onlardan birinin gülünc vəziyyətə düşməsi. Hadisələrin cərəyan etdiyi otaq özü ikiplanlılığına görə oyun məkanına tam uyğun gəlir. Müəllim Həsənovun otağının iki qapısı var. Qapılardan biri şagirdlər olan sinfə, digəri isə dalana açılır. Həsənov özü də ikiplanlı obrazdır – şagirdlər üçün müəllim, dostu Aban üçün isə qumarbaz, fırıldaqçıdır. Bu iki qapı və içində olduğu otaq Həsənovun xarakterinin çözülməsi üçün üçplanlı yol açır. Bir tərəfdən şagirdlərlə əlaqə saxlayır, otaqda qumar oynayır, o biri qapıdan isə əvvəl teleqrafçı, sonra isə gerçəyin ortaya çıxması üçün Qulu gəlir. Həsənovun qumarbazlığına görə əsər “Oyunbazlar” adlansa da, oyun təkcə qumarla bitmir, hadisələr özü oyun kimi təqdim olunur və finalda xalq tamaşalarının mənfi obrazı kimi Həsənov pis vəziyyətə düşür.
“Lənət” səhnəciyi başlanğıcda (2, 72) “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasını xatırladır. Hadisələrin finalı isə lətifəyə bənzəyir.
Sovet hakimiyyətinin ilk illərindəki vəziyyətə həsr olunan “Yığıncaq” əsəri isə açıq-açığına “Xan bəzəmə” oyununu xatırladır. Hadisələrin baş verdiyi məkan, iştirakçıların əlində ağac və şallağın olması, Şura sədrinin xan kimi yuxarı başda oturması və s. adı çəkilən meydan tamaşası ilə çox oxşardır. “Kəndin ortasında keçmiş mülkədar Kalış bəyin boş samanlığına kənd camaatı cəm olubdur: kimi bardaş qurma, kimi çöməlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çavuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir...” (I, 558) Dramaturq bu təqdimat və hadisələrin məzmunu, baş vermə şəkillləri ilə “Xan bəzəmə” oyununu paralelləşdirərək yeni “xana”, şura sədrinə və onun yaratdığı üsul-idarəyə ironiya edir.
Pyeslərdə hadisələrin cərəyan etdiyi məkanlar bəzən adi, bəzənsə qeyri-adidir – tövlə; kəndin ortası, boş samanlıq samanlıq; çay dəsgahı predmetlərinin əyləşdiyi kreslo, stulllar; kəndin kənarında əkin sahəsi; şəhərin küçəsi, divarın dibi; sinif otağı və s. Burada coğrafi məkan kimi əsas Zəngəzur mahalından Bərgüşadın (“Çay dəsgahı”), Gəncə quberniyasından Bərgüşadın (“Kişmiş oyunu”) adı çəkilir. Bu yerin iki dəfə, həm dəfərqli qəzalara aid məkan kimi adının çəkilməsi istər-istəməz maraq doğurur. C.Məmmədquluzadədən əvvəl Seyid Nigarinin “Çaynamə” məsnəvisini yazması (əsər təsəvvüf semantikalı risalədir), əsərlər arasında bəzi paralellərin müşahidə olunması müəllifin ilk Bərgüşad seçiminin Nigariyə rəğbətdən irəli gəlməsi ehtimalını yaradır. Belə bir ehtimalı Nigarinin tədqiqini və tanınmasını Azərbaycanda gündəmə gətirən Pərvanə Bayram da qeyd edir. O, XIX əsr Azərbaycan ədəbiyyatında “Çaynamə”dən başqa çay, samovar mövzulu əsərlərdən bəhs edərkən yazır: “ Bundan başqa Cəlil Məmmədquluzadənin 1889-cu il 2 dekabr tarixində yazdığı “Çay dəsgahı” adlı bir pyesi də vardır. Bu əsərin ən diqqət çəkən cəhəti əhvalatın Zəngəzur mahalında bərgüşadlı Hacı Rəhim bəyin evində cərəyan etməsidir. ... bu əsərin Nigarinin “Çaynamə” məsnəvisi əsasında yazılmış olma ehtimalı vardır. Və ya hər iki əsərin Zəngəzur mahalında daha əvvəllər cərəyan etmiş bir hadisə əsasında yazılması da ehtimal oluna bilər” (5,137). Əsərlərin müqayisəsindən “bu əsərin Nigarinin “Çaynamə” məsnəvisi əsasında yazılmış olma ehtimalı” münasibətindəki “əsasında” sözünün bir o qədər də yerində səslənmədiyi ortaya çıxır. C.Məmmədquluzadə “əsasında” yazmaqdan daha artıq, hiss olunur ki, çox bəyəndiyi bu əsərdəki bəzi obrazları alıb və onları təsəvvüfi məkandan çıxararaq komik məkana daxil etmişdir. Hadisə məkanını isə “Çaynamə”də hadisələrin cərəyan etdiyi yeri yox, Nigariyə hörmət mənasında onun doğulduğu yerin adından seçmişdir. Maraqlı olan odur ki, C.Məmmədquluzadə Bərgüşad adına bir də qayıdır; həm də başqa bölgəyə aid bir məkan kimi. “Çay dəsgahı”nda Bərgüşad Nigarinin doğulduğu yer, Zəngəzur qəzasının Bərgüşadı kimi götürülmüşdür. “Kişmiş oyunu”nda isə Bərgüşad Gəncə quberniyasına aiddir. Bu, fərqli şəkildə təkrar qayıtma akademik İsa Həbibbəylinin də diqqətini cəlb etmişdir (3,185). İsa Həbibbəyli C.Məmmədquluzadənin Baş Noraşen kəndində işlədiyi vaxt müşahidə edib yazdığı hadisələri səslənmə baxımından (Baş Noraşen//Bərgüşad) yaxın olan adla ifadəsini göstərməsi fikiri də cəlbedici və inandırıcıdır (3, 185). Fikrin tam açılıb dəqiqləşməsi isə İ.Həbibbəylinin Danabaş, Dəcəllabad, Veyilabad kəndlərinin adlarını mənalandırmasının (3, 186) müqayisəsində üzə çıxır. Belə qənaətə gəlirik ki, ilk Bərgüşad adı Nigariyə rəğbətdən yaransa da, sonradan Baş Noraşenlə assosasiyadan bu ad möhkəmlənib yayılaraq yeni bir bədii məkana çevrilir; Danabaş kəndi kimi. Əslində məkanın bu cür modelləşməsi də yazılı ədəbiyyatda folklor izidir; daşınan epik məkandır – “Kitabi-Dədə Qorqud”dakı, “Koroğlu” dakı, “Alpamış”dakı dastan məkanları kimi. Çox güman ki, hadisələrin Hacı Rəhimin evində cərəyan etməsi onun da Nigarinin müridi olması bu ehtimalı daha da gücləndirir.
Yuxarıdakı təhlillərdən, kiçik pyeslərin mətn poetikasının müqayisələrlə açılmasından bir daha şahidi olduq ki, C.Məmmədquluzadə nə dərəcədə milli ruha və kökə bağlı bir sənətkardır. Dramaturqun öz əsərlərində folklordan, xalq tamaşalarından bu cür bəhrələnməsi onun milli ənənəni yaşatmaq istəyindən başqa həm də böyüdüyü mühit, yetişdiyi ailə, içində olduğu sosial-siyasi hadisələrlə bağlı yazıçı yaddaşında toplanmışların müxtəlif yollarla özünüifadə hadisəsidir. Məhz belə bir sənətkar yaddaşının zənginliyi poetikada çoxqatlılıq yaranmasına xidmət edir.
Dostları ilə paylaş: |