§ 12.29. Dağlarla xəbərləşmə: identifikasiya və keçid alma
Keşiş Əslini Osmanlı torpağına, Qeysəriyyə şəhərinə gətirərək gizlədir. Kərəm Keşişin dalınca yoluna davam edir: “Kərəm Sofiynən neçə gün, neçə gecə yol gəlib, bir qarlı dağın ətəyinə çatdılar. Bu dağlar Gəncə dağlarına yaman oxşayırdı. Kərəmin ürəyi coşa gəldi, aldı, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Qarşı duran qarlı dağlar,
Dağlar bizim dağlarmıola?!
Ağ birçəkli qoca anam
Oğul deyib ağlarmıola!183
Dağların Gəncə dağlarına oxşaması və Kərəmi çaşdırması (“Dağlar bizim dağlarmıola?!”) onun dağlara sazla-sözlə müraciətini etnokosmik identifikasiya xarakterli dialoq-xəbərləşmə hesab etməyə əsas verir. Keşiş Kərəmi yolundan azdırmaq/döndərmək üçün qızı tilsimləyərək Əsliyə bənzətdiyi kimi, dağları da tilsimləyərək Gəncə dağlarına bənzətmişdir. Dağın növbəti epizodda Kərəmə yol vermək istəməməsi onun tilsimləndiyini göstərir: “Söz tamam oldu. Elə bunlar getmək istəyirdilər ki, birdən hava pozuldu, hər yeri duman-çiskin bürüdü. Şiddətli qar yağdı”184.
Sofi Kərəmə geri qayıtmağı təklif edir. Sofinin süjetüstündə təhlükəsizlik baxımından verdiyi bu məsləhət süjetaltında (kosmoloji sxemdə) xaosun məqsədini ifadə edir. Bütün bu tilsimlənmiş məkan, xaotik ünsürlərin (Duman, Çiskin, Qar) Kərəmlə mübarizəsi onu geri qaytarmaq üçündür. Kərəm bu vaxt sazını çıxarıb 3 bəndlik şeir oxuyur. Xaotik güclərin fiziki təzyiqinə Kərəmin saz-sözlə (musiqi və şeirlə) cavab verməsi kosmoloji süjetdə onun bir şaman/qəhrəman kimi xaotik qüvvələrə qarşı magik-mistik ritual icra etməsi, bu qüvvələrlə magik söz və musiqi ilə döyüşməsi deməkdir. Bunu sonrakı epizodlar da təsdiq edir.
Tilsimlənmiş məkanda xaotik qüvvələr Kərəmə üstün gəlirlər: “Hava açılmadı. Daha da pisləşdi. Yolu itirdilər”185.
Kərəm bu dəfə Dağdan yol/keçid almaq üçün ona (5 bəndlik şeirlə – S.R.) yalvarır:
“...Dağlar, himmət edin, burda qalmayım,
Qalırsam da, qürbət eldə ölməyim,
Qarı düşmənlərə möhtac olmayım,
Aman fələk, mənim halım yaman hey!...”186
Kərəmin yalvarması təsir etmir, Dağ daha da qəzəblənir: “Kərəm sözünü qurtaran kimi şaqqıltı, gurultu qopdu, ildırım şığıdı”187.
Lakin Kərəm inadından dönmür: şaman-qəhrəman heç nədən qorxmadan qamlama/ovsunlamanı davam etdirir: “Kərəm sazı sinəsinə basıb (3 bəndlik şeirlə – S.R.) dedi:
Aman fələk, budu sənnən diləyim,
Qoyma məni yarı yolda qış günü.
Kərəm eylə, bircə yapış əlimnən,
Yetir muradına sən bu düşkünü...”188
Nəhayət, söz qurtaran kimi bir nurani kişi zahir olur. Kərəmlə Sofi gözlərini yumur və nurani kişi onları gözüyumulu vəziyyətdə bir səfalı yerə götürür. Beləcə, onlar xilas olurlar.
Bu “nurani kişi” məhəbbət dastanlarının mistik personajıdır. O, haqq aşiqlərinin hamisidir. Nurani kişi qəhrəmanlara buta verir, dar ayaqda onları ölümdən xilas edir. Kərəm süjetüstündə haqq aşiqidir. Onun da bütün buta qəhrəmanları kimi belə bir hamisi var. Bu obraza biz “Dədə Qorqud”da, Nizami Gəncəvidə “Xızır” (peyğəmbər) adı ilə rast gəlirik. Onların mətnlərdə qəhrəmanları xilas etmək üsulu funksional situasiyalarla şərtlənən müəyyən fərqlərlə eynidir. Lakin süjetaltında bu “nurani kişi” dağ ruhu/dağ əyəsidir.
Beləliklə, kosmoloji sxem-süjet belədir:
– Keşiş Kərəmi hər mənada azdırmaq üçün Dağı tilsimləyərək, Gəncə dağlarına oxşadır;
– Kərəm etnokosmik identifikasiya xarakterli dialoq-xəbərləşmə ritualı keçirərək bu dağların Gəncə dağları olmadığını müəyyənləşdirir (tanıyır);
– Tilsimlənmiş Dağın əyəsi bundan qəzəblənərək Kərəmin yolunu duman, çiskin, qar, ildırımla kəsir;
– Kərəm alqış, tərif, yalvarış, ovsun və s. kimi magik-mərasimi formullardan istifadə edərək Dağ ruhunu rəhmə gətirir və o, Kərəmə yol/keçid verir.
Dostları ilə paylaş: |