1. Kərəm kosmoloji baxımdan – özünü ölülüyə vurmuş diri, xəstənin ruhunun ardınca yeraltı/ölülər/xaos dünyasına enmiş şaman/qəhrəman, Əsli – oğurlanmış ruhdur.
2. Kərəm təsəvvüfi baxımdan – divanə, dəli, məcnun, asosial (cəmiyyətdən kənar) varlıq (ünsür), Əsli – evdə dustaq edilmiş qız, sosial varlıqdır.
Beləliklə, bizim “Kərəmlə Əslinin bağçada görüşmələri kosmoloji xronotop baxımından onların həmin zaman üçün ayrı-ayrı dünyalarda, müxtəlif kosmoloji ölçü və rejimlərdə olduqlarını və yalnız keçid/mediasiya məkanında görüşə bildikləri” haqqında bir qədər yuxarıda söylədiyimiz fikir özünü doğruldur.
– Süjetin hər iki səviyyəsinin məntiqinə görə, Kərəm özünü tanıtmalıdır. Bu, etnokosmik identifikasiya formulu deməkdir. Kərəm kosmoloji sxemdə bir şaman kimi özünü oğurlanmış ruha tanıdaraq, onu geri qayıtmağa razı salmalı, təsəvvüfi sxemdə isə Divanənin yad bir adam yox, Əslinin butası (Aşiq) olduğunu ona bildirməlidir. Hər iki kod identifikasiya formulunu nəzərdə tutur.