1. İlahi başlanğıc enerjisi: ilahi potensiya mərhələsi.
İlahi potensiya teoinformasiya (ilahi söz, bilgi) maxanizmi vasitəsilə varlığa – materiya, onun şəkillərinə (kainat, dünya, təbiət, canlı-cansız aləm və s.) çevrilir. Varlığın sözlə yaradılması (yaxud sözdən yaradılması) haqqında konsept teoenerjinin (ilahi enerjinin) teoinformasiyaya (sözə) kodlaşması deməkdir. İlahi arxetiplərin bütün paradiqmaları dünyamızda təkrarlandığı (yaşadığı) kimi, bu kodlaşma da həyatımızın işlək yaradıcılıq praktikasına çevrilmişdir. Məsələn, Məhəmməd Füzuli əsrlər öncə öz ruhani enerjisini yazı kodu vasitəsilə sözə şifrələmiş, özü ölüb getmişdir. Bu, kodlaşmanın birinci mərhələsidir. Onun ruhani-emosional enerjisi əsrlər boyunca yazıda konservasiya olunmuşdur. Bu, kodlaşmanın konservasiya mərhələsidir. Bizim onun qəzəllərini oxuyarkən hər hansı formada “həyəcanlanmağımız” artıq Füzulinin yazılı sözə kodlaşmış ruhani-emosional enerjisini qəbul etməyimiz, öz enerji ehtiyatlarımıza qatmağımız deməkdir. Bu da, kodlaşmanın ötürülmə mərhələsidir. Demək, fizikanın əsas qanununda olduğu kimi, enerji itmir: bir formadan digərinə keçir. İlahi enerji sözə kodlaşır və bu teoinformasiya maddi(-mənəvi) yaradılışın ilahi sxemləri rolunu oynayır. Beləliklə, ilahi potensiya təbiətin enerjisinə çevrilir.
Dostları ilə paylaş: |