Süjetüstündə bunun mənası aydındır: Əslinin Kərəmə yazığı gəlir.
Süjetaltında bunun fərqli mənası var:
– Kərəm Əslinin “Aşıq haralısan?” sualına “Qarabağdanam” cavabını verməklə bütün hallarda (həm süjetüstü, həm də süjetaltı planda) öz etnokosmik kimliyini bildirir. Əsli süjetüstündə onun Qarabağdan olduğunu bildiyi kimi, süjetaltında Kərəmin canlılar dünyasından gəldiyini bilir. Başqa sözlə, o, Kərəmi tanıyır. Bu cəhətdən Əslinin Kərəmin “Qarabağdanam” cavabının qarşılığında gözlərinin yaşarması onun süjetaltında Kərəmi tanımasının süjetüstündəki metaforasıdır. O, kosmoloji sxem-süjetdə Kərəmi tanıyan kimi qorxuya düşür. Qorxur ki, xaoslular Kərəmi tanıyıb məhv edərlər. Odur ki, dərhal Kərəmə cildini dəyişməyi təklif edir.
– Süjetin sonrakı epizodları göstərir ki, Əslinin Kərəmə paltarını/cildini dəyişməyi təklif etməsi etnokosmik identifikasiya ritualının tərkib hissəsidir. Əsli inanmalıdır ki, onun ardınca qürbətə gələn bu divanə həqiqətən onun nişanlısıdır. Bunun kosmoloji kodla mənası odur ki, Əsli onun dalınca Xaos/Yeraltı/Qaranlıq dünyaya enmiş qəhrəmanın həqiqətən onun sevgilisi olduğuna inanmalıdır. Kərəm kosmoloji sxemdə şaman/qəhrəman arxetipinin daşıyıcısıdır. Əgər qəhrəman həqiqi nişanlıdırsa, onda o, bir şaman kimi dönərgəliyi/cilddəyişməni bacarmalıdır. Demək, Əslinin süjetüstündə özünə pal-paltar almaq üçün Kərəmə pul təklif etməsi süjetaltında onun qəhrəmanı şaman qabiliyyətləri baxımından sınağa çəkməsi deməkdir. Göründüyü kimi, identifikasiya – tanıtma proseduru davam etməlidir.
Dostları ilə paylaş: |