§ 12.45. Paşanın yanında sınaq/identifikasiya
Fərraşlar Kərəmi tutub Süleyman paşanın yanına aparırlar. Bu epizodla dastandakı bütün sınaq/keçid mexanizmləri və identifikasiya prosedurlarının sonuncu mərhələsi başlanır. Çünki paşanın sarayı dastanda Keşişin (o cümlədən Kərəmin) gəlib çıxdığı son duracaq olaraq təsvir olunur. Bura kosmoloji xronotop baxımdan Xaosun mərkəzidir. Demək, Qəhrəmanın yeraltı dünyanın hökmdarının səltənətində Yer Ananın yanında keçəcəyi inisiasiya (ölərək yenidən doğulma) aktı burada baş verməlidir. Süjetüstündən məlum olur ki, o, ilk olaraq paşa tərəfindən qəhrəmanlıq sınağına çəkilir.
Paşa Kərəmdən onun Əslinin bacasına nə məqsədlə çıxdığını soruşur. Kərəm ona beş bəndlik şeirlə cavab verir:
Ay camaat, mənim dərdim
Bir qəm, bir firqət, bir hicran.
Gözümü açandan gördüm,
Bir qəm, bir firqət, bir hicran...233
Şeirin digər bəndlərinin hər sonuncu misrasında “Bir qəm, bir firqət, bir hicran” deyən Kərəm paşanın sualına birbaşa cavab vermir. Bu isə ziddiyyət yaradır. Düzdür, Kərəm “Bir qəm, bir firqət, bir hicran” deməklə onu bacaya çıxardan səbəbin Əsliyə olan sevgisi olduğunu göstərir. Bu mənada “qəm”, “firqət”, “hicran” təsəvvüfi düşüncə kodunda İnsanın (Aşiqin) Allaha (Məşuqəyə) olan əzəli, əbədi və dəyişməz bağlılığının işarə-simvollarıdır. Lakin bu, dastanın son transformativ səviyyəsi, başqa sözlə, süjetüstü mənzərəsidir. Süjetaltında isə təsəvvüf yox, kosmoloji (ritual-mifoloji) işarə səviyyəsi var. Və bu səviyyə baxımından Kərəmin sadaladığı 3 təsəvvüfi işarə (qəm-firqət-hicran) kosmoloji süjetdə uyğun olaraq 3 qəhrəmanlıq işarəsi, başqa cür desək, qəhrəmanlığın 3 identifikativ əlamətidir.
Süjetüstündəki 3 işarənin kosmoloji məntiqlə bağlılığını (mətndə təkrarlanaraq mifik strukturu ortaya qoyması) Kərəmin ardınca Sofinin vəzir tərəfindən eyni numeroloji kodla (3-lük nişanı ilə) sınağa çəkilməsi təsdiqləyir: “Paşanın vəziri Sofini çağırıb, Kərəmin əhvalatını ondan soruşdu. Sofi aldı, görək vəzirə (6 bəndlik şeirlə – S.R.) nə cavab verdi:
Hey ağalar, üç dərd məni qocaldır:
Dostları ilə paylaş: |