§ 13.07. Toy – ölüb-dirilmə ilə Kosmosa dönüş mexanizmi
Süjetin bu hissəsi kosmoloji sxemin bərpası baxımından son dərəcə dəqiqlik tələb edir. Odur ki, yanlışlıqlara yol verməmək üçün süjeti mənalı sintaqmların düzümü kimi nəzərdən keçirmək məqsədəuyğundur. Beləliklə:
1. Hələb paşası toy təyin edir.
2. Hiyləgər və sehrkar Keşiş Əsliyə qırmızı xaradan don hazırlatdırır və donun döşünə tilsimbənd düymələr tikdirir.
3. Keşiş Əsliyə qırmızı donu geyindirir və şərt qoyur: donun düymələrini Kərəm açmalıdır.
4. Toy 40 gün olur: Əslini Kərəmə verirlər.
5. Kərəm gəlin otağında şərti yerinə yetirərək düymələri əli ilə açmağa cəhd edir. Lakin aça bilmir.
6. Kərəm sazını götürüb oxuyur və düymələri söz-musiqi ilə açmağa çalışır.
7. Axırıncı düymə açılanda düymədən bir od çıxıb Kərəmi yandırır. O, yanıb kül olur.
8. Əsli Kərəmin külünü ovuclayıb başına tökür: saçı alışır və Əsli də yanaraq kül olur.
9. “Kərəm ilə Əslinin külünü sandığa yığdılar. Qırx gün-qırx gecə yas saxlayıb, külü bir qəbirdə basdırdılar, üstündən də bir günbəz tikdilər. Sofi də ölüncə bu günbəzdə mücəvür qaldı”252.
Süjetin bu final hissəsi bütövlükdə toyun kosmoloji struktur sxemini inikas etməklə həmin sxem əsasında qurulmuşdur. Finaldakı hadisələrin məzmunu bizi çaşdırmamalıdır. “Əsli-Kərəm”in süjetüstü məzmunu təsəvvüfi işarələrdən qurulmuşdur. Lakin məzmun süjetaltı sxemin qabığı, zahiri hissəsidir: onda görünən nə varsa, kosmoloji sxemi simvollaşdırır. Başqa sözlə, dastanın bütöv məzmunu kimi, finalın məzmunu da kosmoloji sxemin süjet metaforasıdır. Bu mənada, təkcə “Əsli-Kərəm” dastanının, yaxud ümumən məhəbbət dastanlarının deyil, eləcə də bütün qəhrəmanlıq dastanlarının kosmoloji strukturunun nüvəsində toy sxemi durur.
Toy – etnokosmik dünya modelinin nüvəsi, onun funksional strukturunun sxemidir. Ənənəvi dünya modelinin quruluşunun əsasında toy sxemi durur və dünya modeli bir düşüncə sistemi olaraq toy sxemi əsasında işləyir (düşünür). Toy, bu mənada, kosmoloji sxemdir: bu sxem həm gerçəkliyi özündə inikas edir, həm də insanla gerçəklik arasında hər cür münasibətlərin proqramlaşdırılmış aparatı olmaqla həmin əlaqələri təşkil edir. Ənənəvi dünya modelini inikas edən istənilən mətn, o cümlədən dastan mətninin strukturu toy sxemi əsasında təşkil olunur.
“Dədə Qorqud”da hər bir boy istər faktiki olaraq, istərsə də nəzəri (rekonstruktiv) planda toyla başlanır və toyla bitir. Başlanğıc toyda boyun inikas etdiyi dünya presedenti (kosmik qanunauyğunluq) konsept olaraq elan olunur (tezis), süjetdə sınaqdan keçirilir (aprobasiya) və sonluq toyda təsdiq olunur (imperativ):
Dostları ilə paylaş: |