§ 1. Xaos – övladsızlıq
“Əsli-Kərəm” dastanı epik-mifoloji dünya modelinin kosmoloji strukturuna uyğun olaraq xaosun təsviri ilə başlayır. Gəncənin xanı Ziyad xanın və onun vəziri Qara keşişin övladları yoxdur. Onların qəlbi açılmır, üzləri gülmür. Bu, mifoloji dünya modelində ilkin xaos durumudur. Azərbaycan epik-mifoloji düşüncəsinin nağıl kodundakı “Biri var idi, bir yox idi” formulu natamamlığı, nizamsızlığı – xaosu bildirdiyi kimi, burada da eyni durumdur:
Var olanlar (“biri var”): valideynlər;
Yox olanlar (“biri yox”): övladlar.
Kosmosun – həyatın yaranaraq davam etməsi üçün hər ikisi olmalıdır.
Burada xaotik durum strukturu təşkil edən elementlər və onlar arasındakı münasibətlər baxımından diqqəti cəlb edir. İlkin xaotik durumun Azərbaycan eposu üçün xarakterik olan “Biri var idi, bir yox idi” formulu burada nəzərdən keçirilən mətn xronotopunu bütün şaquli və üfüqi struktur səviyyələri buyunca təşkil edir.
Dünya modeli mifoloji xronotopu bütövlükdə əhatə etməklə iki hissədən – kosmos və xaosdan təşkil olunur. İndiki halda Ziyad xan və Vəzir Qara Keşiş bu hissələri antropoloji səviyyədə təmsil etməklə dünya modelinin üfüqi strukturunu təşkil edirlər. Əlbəttə, onlardan birinin xan, o birinin vəzir olması bu oppozitiv modeli şaquli struktur kimi də götürməyə imkan verir. Ancaq həm xan, həm də vəzir – hər ikisi hakimiyyətin zirvəsini təmsil etdikləri üçün bunların arasında daha çox üfüqi xronotopla səciyyələnən qarşıdurma var.
Ziyad xan bütün dastan boyunca xeyir başlanğıcı, Qara Keşiş şər başlanğıcı təmsil edir. Bu cəhətdən onların yaratdığı oppozitiv model bütün hallarda kosmos-xaos qoşalığıdır. Diqqəti vəzir Qara Keşişin adı cəlb edir. “Qara”, dünyanın demək olar ki, bütün mifologiyalarında, o cümlədən oğuz mifologiyasında xaosun işarəsidir. Burada onun keşiş olması dastanın ifa olunduğu mühitin etnokosmik gerçəkliklərini inikas edir. Başqa sözlə, “Vəzir Qara Keşiş” adının bütün semantik mahiyyəti “qara” işarəsi ilə bağlıdır: “Keşiş” adında işarələnən xristianlıq və ermənilik “qara” adındakı xaotik semantikanı bütün səviyyələrdə yalnız gücləndirir. Burada bir sıra Azərbaycan tədqiqatlarında göstərildiyi kimi, Əslinin, o cümlədən onun atasının – Qara Keşişin xristian erməni yox, Şimali Azərbaycan ərazisində yaşamış və sonradan islam dinini qəbul etmiş xristan alban olması23 da məsələnin mahiyyətini dəyişmir. Belə ki, “Qara” adı ilə işarələnən obraz xaotik varlıqdır. O, epik düşüncənin xristian albanları dövründə alban, XIX əsrdən rus imperiyası tərəfindən Qafqaza yerləşdirilmiş ermənilərlə ünsiyyət dövründə erməni ola bilər. Lakin “Vəzir Qara Keşiş” adındakı dini (xristian) və milli (erməni) mənsubiyyəti ifadə edən “Keşiş” adı bir işarə kimi ikinci dərəcəli olub, bütün hallarda birbaşa xaosu işarələndirən “qara” semanteminin məna cərgəsinə aiddir. Bunu “Vəzir Qara Keşiş” adının başqa dastanlarda keşiş (xristian) və erməni olmaması da təsdiq edir. Elə “Əsli-Kərəm” dastanının tərtibçiləri də bu adla bağlı yazırlar: “Qara Keşiş – Ziyad xanın vəziri kimi verilir. Başqa dastanlarımızda da Qara vəzir adlı bir sıra mənfi surətlər vardır”24.
Övladsızlıqla bağlı durum bütün əlamətləri ilə xaosu işarələndirir. Burada bütün məna vahidlərinin işarəsi xaosla bağlıdır:
Dostları ilə paylaş: |