Kafirlərin başçısı: Şöklü Məlik;
Sayları: yeddi min;
Paltarları: arxası cırıq qaftan;
Saç düzümləri: kəsik qara saç;
Din-ideoloji mənsubiyyətləri: sası (murdar) dinli, din (islam dininin) düşməni;
Minikləri: alaca at;
Yağmanın zamanı: gecə yarısı.
Beləliklə:
– Kafirlər kosmoloji mənsubiyyəti etibarilə xaoslulardır. Xaos strukturuna görə Kosmosa əks dünyadır. Verilmiş təsvirdə bu “əksliyin” izi işarələr şəklində qalmışdır:
– Kafirlər gecə yarısı hücum edirlər. Lakin bu, kosmos zamanı baxımından gecə, xaos zamanı baxımındansa gündüzdür. M.Eliadenin yazdığı kimi, xaosda hər şey buradakı (kosmosdakı – S.R.) kimi baş verir, ancaq tərsinə: hava burada işıqlananda, orada qaralır (məhz buna görə də ölülərin bayramı gün batandan sonra keçirilir: onlar bu zaman oyanır və öz günlərinə başlayırlar)302. Demək, xaotik varlıqların gecə fəaliyyəti onların özü üçün gündüz fəaliyyəti deməkdir.
– Kafirlərin sayını göstərən yeddi min rəqəmi numeroloji vahiddir. “Yeddi” dünya modelinin universal struktur vahidi kimi, xaos dünyasının strukturunda təkrarlanmaqla onun elementlərini bütün səviyyələr üzrə yeddiləşdirir: yeddi minlik qoşun, xaosun yeddi hissə/qatı...
– Kafirlər arxası cırıq paltar geyir, qısa qara saç saxlayırlar. Bu, onları kosmoslulardan (oğuzlardan) fərqləndirən zahiri işarələrdir. Həmin işarələr kosmoloji struktur baxımından oğuzların cırıq olmayan (bütöv) paltarlarına və güman ki, uzun və “işıqlı” saçlarına əksdir.
– Xaoslular haqq dinində (islamda) deyillər. Onlar məhz “din düşməni” olduqları, yəni tək olan Allahı tanımadıqları üçün “kafər” adlandırılırlar.
Dostları ilə paylaş: |