§ 6.3. Yağmalanan obyektin kosmoloji strukturu
Kafirlərin yağmaladığı obyekt Salur Qazanın evidir: “Altun ban evlərin kafərlər çapdılar, qaza bənzər qız-gəlini çığırışdırdılar. Tölə-tölə şahbaz atlarını bindilər. Qatar-qatar qızıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar. Qırq incə bellü qız ilə Boyı uzun Burla xatun yesir getdi. Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi. Xan Qazanın oğlı Uruz bəg üç yüz yigidlən əli bağlu, boynı bağlu getdi”303.
Kafirlərin yağmaladığı canlı-cansız – nə varsa – hamısı yağmalanan obyekt/evin struktur elementlərini təşkil edir. Bunlar kosmoloji struktur baxımından aşağıdakı elementlərdən ibarətdir:
Yaşayış evi: – altun ban evlər;
Ev əhli: qaza bənzər qız-gəlin;
Heyvanat: tölə-tölə şahbaz atlar; qatar-qatar qızıl dəvələr;
Maliyyə vahidləri: ağır xəzinə, bol aqça;
Evin sahibəsi: qırx incə belli qızla Boyu uzun Burla xatun;
Evin böyük sahibəsi: Qazanın anası;
Evin oğlu və varisi: Uruz bəy və onun üç yüz igidi.
Beləliklə, Salur Qazanın evinə aid nə varsa – hamısı yağmalanır. Bu, S.Qarayevə görə, ritual kontekstdə Qazanın hakimiyyətdən məhrum edilməsi/salınması deməkdir304.
Dostları ilə paylaş: |