§ 7. Çobanın yuxusu: mediativ xəbərləşmə
Eposda xəbər xüsusi obraz – ritual vahididir. Biz onunla süjetin bu hissəsinə qədər bir neçə dəfə qarşılaşırıq:
Birincisi, kafirin casusunun Şöklü Məliyə yolladığı xəbər. Bu, məkanlar arasında casusun özünün fiziki hərəkətini tələb edən mediasiya vahididir.
İkincisi, Qazanın evi yağmalanması haqqında hərəkətdə olmayan – passiv xəbər: “Qazanın bu işlərdən xəbəri yoq”305.
Üçüncüsü, Qazanın evinin yağmalanması haqqında onun qoyunlarını Dərbənd qapısında qoruyan Qaraca Çobana yuxu ilə çatan xəbər. Bu, məkanlar arasında metafizik hərəkət tələb edən mediasiya vahididir.
Süjetə görə, Qazanın evini yağmalayan kafirlər sonacan heyif/qisas almaq üçün onun Dərbənd qapısındakı qoyunlarını yağmalamaq qərarına gəlirlər: “Altı yüz kafər atlandı, qoyunın üzərinə alğar vardı”306.
Qaraça Çoban Qazanın evinin yağmalanması və onun üzərinə olacaq hücum haqqında yuxu vasitəsilə xəbər tutur: “Geçə yaturkən Qaracıq çoban qara qayğulu vaqeə gördi. Vaqeəsindən sərmədi uru turdı. Qabangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı. Ağılın qapusını bərkitdi. Üç yerdə dəpə gibi taş yığdı, ala qollı sapanın əlinə aldı”307.
Dastanda Çobanın yuxusunun məzmunu haqqında heç nə deyilmir və o, “qara qayğulu vaqeə” adlandırılır. Qara qayğılı yuxu/vaqeə – pis hadisə, bəd xəbər, xaotik mesajdır.
Lakin mücərrəd mesaj da deyildir. Çobanın qoyunların ağılının qapısını bərkitməsi, qardaşlarını yanına alaraq müdafiəyə hazırlaşması, öz döyüş sapandı üçün təpə kimi daş yığması onun öz üzərinə olacaq hücumdan xəbər tutması deməkdir. Bu xəbər yuxu ilə gəlir.
Dostları ilə paylaş: |