Təhlil göstərir ki:
– Bu, süjetüstündə Çobanın öz ağası uğrunda hər cür fədakarlığa razı olması, süjetaltında isə statusdəyişməni formaca (dekorasiya baxımından) gerçəkləşdirən cilddəyişmə/çevrilmədir.
– Qazan Xaosun sərhədindən Çobanın görkəm/cildində, Çoban isə Qazanın forma/şəklində keçməlidir. Əks halda tanına bilərlər.
– Qazan Oğuz elinin başçısı, kosmik subyektdir. O, Xaosa kosmik statusda daxil ola bilməz. Bunun üçün xaotik status lazımdır. Çoban özünün “qara” statusu ilə belə bir marginal/mediatordur. Başqa sözlə, Xaosa adlamaq istəyən Qəhrəman bir Şaman kimi öz cildini dəyişməli, Çobana çevrilməlidir.
– Kosmoloji sxemə görə, Qazanla Çoban statuslarını və cildlərini dəyişirlər. Qazan süjetaltında öz alp/igidlik atributlarını – Qonur Atını, Nizəsini, Qalxanını, Qılıncını, Oxlarını və Yayını ona verir.
– Çoban statusdəyişmə ritualında bunları almaqla müvəqqəti olaraq [güman ki, ya “7 gün” (“kiçik ölüm” müddəti), ya da “40 gün” müddətinə] xan və alp igid statuslarına yiyələnir. İndi Qazan ritual müddətinə – Çoban, Çoban isə – Qazandır. Beləliklə, rollar dəyişir.
Dostları ilə paylaş: |