§ 15. Xaos Kosmosun tərsinə proyeksiyası kimi
“Uruzun süjeti” birbaşa Xaosun nüvəsinin – Şöklü Məliyin sarayının təsviri ilə başlanır:
“Bu yana Şökli Məlik kafərlərlə şən-şadman yeyüb-içüb oturardı. Aydır: “Bəglər, bilürmisiz, Qazana necə heyf eyləmək gərək? Boyı uzun Burla xatunını gətürib, sağraq sürdürmək gərək!” – dedi”340.
Boy materiyasının bu parçasında – giriş/etiket motivində (başlanğıc formulunda) Xaosun təsviri bütün göstəriciləri üzrə Kosmosun tərs (güzgü) proyeksiyasıdır341. Diqqət edək:
– Kosmosdakı süjet Qazanın saray/evindəki ziyafətin, Xaosdakı süjet Şöklü Məliyin sarayındakı ziyafətin təsviri ilə başlanır;
– Hər iki Saray/Ev mənsub olduğu məkanı simvollaşdırmaqla onun konsentrasiya mərkəzi/nüvəsdir. Bu halda Şöklü Məliyin də evi Xaosu simvollaşdıran Mərkəz/Nüvədir.
– Qazanın verdiyi ziyafət dövlət ərkanının iştirak etdiyi rəsmi mərasim aktı olaraq ritualdır. Şöklü Məliyin də ziyafət məclisi xaoslu bəylərin iştirak etdiyi ritualdır.
– Qazanın dövlət ərkanı bəylərdən təşkil olunduğu kimi, Şöklü Məlik də ətrafındakıları “bəylər” adlandırır. Lakin Şöklü Məliyin sarayındakı “bəylik” statusu öz aksioloji göstəriciləri baxımdan kosmik bəylik statusuna tərs/əks proyeksiyadadır. Məs., Oğuzda Qaraca Çobanın Bəy/Alp/İgid statusu yoxdur. Qazanın qoyunlarını aparmağa gələn kafirlər əgər Çoban onların tərəfinə keçərsə, ona Şöklü Məlikdən bəy statusu almağa söz verirlər: “Bərə çoban, irağından-yağınından bərü gəlgil! Baş endirüb bağır basğıl! Biz kafərə salam vergil, öldürmiyəlim! Şöklü Məlikə cəni ilətəlüm. Sana bəglik alı verəlim”342. Göründüyü kimi, kosmoslu oğuzların əksinə olaraq, xaoslu kafirlərdə bəy olmaq üçün alp/igid/qəhrəman inisiasiya ritualından keşməyə ehtiyac yoxdur.
– Qaraca Çoban Oğuz ictimai ierarxiyasının Yuxarı-Aşağı blokunda Aşağı qütbü təmsil edir. Buradan da göründüyü kimi, Oğuz kosmosunda yalnız Yuxarı qütbün təmsilçiləri bəy ola bildiyi halda, Xaosda bunun əksinə olaraq “Aşağılar” Bəy/Yuxarı olurlar.
– Qazanın ziyafətində bəylər içib sərxoş olduqları kimi, Şöklü Məliyin də qonaqlığında xaoslu bəylər “Qazana əks olan” qələbəni qeyd edərək, içib sərxoş olurlar.
– Qazan sərxoş olandan sonra təklif verir. Bu təklif Qazanın “xan olma” ritual süjetini “işə saldığı” kimi, Şöklü Məliyin də sərxoş başla “Qazana əks olaraq” verdiyi təklif Uruzun bəyolma sxem/süjetini “hərəkətə gətirir”.
– Qazanın verdiyi təklif mediativ xarakterli olduğu kimi, Şöklü Məliyin də “Qazana əks olaraq” verdiyi təklif mediativ xarakterilir:
a) Qazan Ala dağa ova getməyi təklif edir. Ala dağ – aralıq/keçid dünyasıdır. Bu halda Qazanın təklifi məkanlararası mediasiyanı nəzərdə tutur.
b) Şöklü Məlik Qazanın arvadını məclisə gətirib ona şərab paylatdırmağı təklif edir. Qazanın arvadı başqasının namusu/halalıdır. Bu, Oğuz düşüncəsinin aksioloji dəyərlər sistemində “namus sındırmaq” adlanır. Başqa sözlə, kafirlərin bəylərbəyisi Qazanın namusuna sataşmaq istəyir. Bu halda Şöklü Məliyin təklifi də gerçəkliyin əxlaqi dəyərlər modelində Norma-Anorma, Halal-Haram, Namusluluq-Namussuzluq, Mərd-Namərd, Yaxşı-Yaman və s. qarşıdurma bloklarından təşkil olunan qütblər arasında antiəxlaqi mediasiyanı nəzərdə tutur.
Dostları ilə paylaş: |