§ 16.4. “Qazanın namusu” Oğuz kosmosunun
semantik nüvəsi kimi
Göründüyü kimi, Şöklü Məliyin Qazana “heyf eyləmək üçün” onun arvadını məclisə gətirib şərab paylatdırmaq istəməsi, sadəcə, heyif almaq – qisas, acıq vermək yox, Oğuz kosmosunun məhvi ritualıdır. Bu ritualın əsasında “namus sındırmaq” konsepti durur. Diqqət edək:
– Qazan evdə olmayanda onun evi yağmalanmışdır.
– Qazanın evi Oğuz kosmosunun simvolu, konsentrasiya nüvəsidir.
– Qazanın evinin yağmalanması ilə xanlıqdan məhrum olur.
– O, Qaraca Çobanla ritual keçirərək özünün Alp/İgid statusundan da məhrum olur.
– Statusdəyişmə Kosmosla Xaos arasındakı aralıq/keçid məkanda baş verir. İndi Qazan keçid məkanın varlığı kimi nə kosmoslu, nə xaosludur: o, ikili status daşıyır.
– “Xanolma” ritualının sxeminə görə, Qazan oğurlanmış evini, hakimiyyətini və kosmik statusunu qaytarmalıdır.
– Qazanın düşməni olan Şöklü Məlik onun yenidən xan olmasını istəmir. Buna görə də Qazanın hakimiyyətə qayıdan yolunu birdəfəlik məhv etmək istəyir.
– “Namussındırma ritualı” buna xidmət edir. Əgər Qazanın namusu sındırılarsa, o, bir daha nə xan, nə alp/igid ola bilməz, nə də öz xanlıq kosmosunu bərpa edə bilməz.
– Demək, “Qazanın namusu”, indiki halda Oğuz-Xaos qarşıdurmasının əsas konseptidir. Hər şey namusun sındırılıb-sındırılmayacağından asılıdır.
– “Qazanın namusu” kosmoqonik konsept – yaradılışın əsasıdır. Qazanın, onun xanlığının, alp/igidliyinin və Qazanın simvollaşdırdığı Oğuz kosmosunun yenidən yaradılışı bu konseptdən asılıdır.
– “Qazanın namusu” həm də süjetyaradıcı konseptdir: süjetin hansı variant (kosmoloji, xaosoloji) üzrə inkişafı da namusun sındırılıb-sındırılmayacağından asılıdır.
– Beləliklə, Kosmosun yaradılması bütün göstəricilər üzrə “Qazanın namusu” konseptinə müncər olunur. Bu halda “Qazanın namusu” Oğuz kosmosunun nüvəsi, yenidən yaradılmasının toxumudur.
Dostları ilə paylaş: |