§ 3. Doğuluş formulunun strukturu: qarğış və alqış
“Kitabi-Dədə Qorqud” eposunun birinci dastanı olan “Dirsə xan oğlu Buğac” boyunda təsvir olunur ki, xanlar xanı Bayındır ildə bir dəfə toy məclisi keçirib, Oğuz bəylərini qonaq edərdi. Bu toy mərasimində ağ, qırmızı və qara rəngdə üç otaq – çadır qurulardı. Gələn qonaqlardan oğlu olanı – ağ çadıra, qızı olanı – qırmızı çadıra, oğlu-qızı olmayanı – qara çadıra yerləşdirərdilər. Bayındır xan törəni növbəti dəfə keçirir. Dirsə xan da hörmətli Oğuz bəyi kimi mərasimə gəlir. Onu qara çadıra aparıb, qara keçənin üstündə oturdur və qabağına qara qoyun qovurmasından yemək qoyurlar.
“Dirsə xan deyir:
– Bayındır xan mənim hansı əskikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən əskik kişiləri ağ otaqda, qırmızı otaqda oturtdu. Mənim günahım nə oldu ki, qara otaqda yerləşdirdi?
Dedilər:
– Xanım, bu gün Bayındır xandan buyruq belədir ki, oğlu-qızı olmayanı Allah qarğayıbdır: biz də qarğayırıq”33.
Bu barədə əvvəl apardığımız tədqiqatda göstərildiyi kimi, Bayındır xanın təşkil etdiyi törən vasitəsi ilə bütöv Oğuz eli, başqa sözlə, Qalın Oğuz sosial-bioloji təsnifata məruz qalır. Bu təsnifat oğuz toplumunu iki böyük qrupa ayırır: oğlu-qızı olanlar və oğlu-qızı olmayanlar. Başqa sözlə desək, sonlular və sonsuzlar qrupları. Təsnifatın baş prinsipi kimi Tanrı iradəsi çıxış edir. Yəni sonlu və sonsuz qrupları Tanrı iradəsini gerçəkləşdirir. Bayındır xan “oğlı-qızı olmayanı Allah-Təala qarqayıbdır, biz dəxi qarqarız...” deyir. Buradan aydın olur ki, oğuz düşüncəsində oğlu-qızı olmamaq, yəni sonsuzluq Tanrının qarğışı kimi qəbul olunur. Buna uyğun olaraq oğlu-qızı olmaq da Tanrı alqışı sayılır. Beləliklə, Bayındır xanın təşkil etdiyi törəndə başlıca məqsəd Qalın Oğuzu Tanrı iradəsinin semantik qoşalığından təsnif etməkdir. Bu təsnifatın əsasında “Tanrı alqışı-Tanrı qarğışı” semantik bloku durur34.
Göründüyü kimi, Dirsə xan Tanrının qarğışına məruz qalmışdır. Bəs bunun səbəbi nədir? O, əvvəlcə çaş-baş qalır. Arvadına deyir ki, “səndənmidir, məndənmidir, nədəndir Allah bizə bir yetkin oğul vermir?”
Daha sonra övladsızlığının səbəbini (günahını) arvadında görür:
“Xan qızı, yerimdən durummu?
Yaxandan-boğazından tutummu?
Qaba dizimin altına salımmı?
Böyük, iti, polad qılıncımı əlimə alımmı?
Öz gövdəndən başını kəsimmi?
Can şirinliyini sənə bildirimmi?
Alca qanını yer üzünə tökümmü?
Xan qızı, səbəbi nədir, de mənə!
Qatı cəza verərəm indi sənə! – dedi”35.
Beləliklə, “Əsli-Kərəm” dastanındakı durumla eyni olan vəziyyət yaranmışdır. Dirsə xanın da, Ziyad xanın da övladları yoxdur. Onlara bu övladı Tanrı – Allah verməlidir. Məlum olur ki, Dirsə xan Tanrının qarğışına məruz qalıb. Hər iki dastandakı doğuluş süjetinin “detallarına qədər” eyniliyi göstərir ki, Ziyad xan da Allahın qarğışına keçib. Ziyad xan Allahı Gəncə kosmosunda (toplumunda) maddi-sosial harmoniya yaratmaqla rəhmə gətirir. “Dədə Qorqud”da da hər şey “Əsli-Kərəm”dəki kimi cərəyan edir: Dirsə xan da eyni üsul və vasitə ilə Tanrı qarğışından qurtulub, onun rəhminə (alqışına) nail olur:
“Dirsə xanın qadını söyləmiş, görək nə söyləmişdir:
Ay Dirsə xan, mənə qəzəblənmə,
İnciyib acı sözlər söyləmə!
Yerindən qalx, ayağa dur,
Yer üzündə böyük çadır qur!
Ayğır, buğra, qoç qırdır!
İç Oğuzun, Daş Oğuzun bəylərini üstünə yığ!
Ac görsən, doydur; çılpaq görsən, geyindir!
Borclunu borcundan qurtar!
Təpə kimi ət yığ, göl kimi qımız sağdır!
Böyük şadlıq məclisi qur, Allahdan arzunu dilə!
Bəlkə, bir ağzı dualının alqışı ilə
Tanrı bizə bir yetkin övlad verə, – dedi36.
Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Daş Oğuz bəylərini ora topladı. Ac gördüsə, doydurdu. Yalın gördüsə, geyindirdi. Borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl götürüb arzularını dilədilər. Allah bir ağzı dualının alqışı ilə övlad verdi. Arvadı hamilə oldu. Bir neçə müddətdən sonra bir oğlan doğdu”37.
Dostları ilə paylaş: |