Ritual rejimindən çıxma: “Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı”.
“Yağmalanma” ritualını Dədə Qorqud tamamlayır. Bu, həmin ritual haqqında oğuznamənin yaradılması (doğulması) şəklində baş verir. Bunun iki semantik səviyyəsi var:
Birincisi, “Yağmalama” haqqında oğuznamənin qoşulması magik söz ritualıdır. Dədə Qorqud “yağmalama” hadisəsini oğuznamə ilə yaddaşlaşdırmaqla onu Oğuz kosmosunun sakral hadisəsi presedentləşdirir: o, ulu əcdad Oğuz kağandan qalan “Yağmalanma” adətinin doğru-düzgün həyata keçirildiyini təsdiq edir.
İkincisi, statusdəyişmə və statusartırma ritualları bütün hallarda ölüb-dirilmə formulları ilə həyata keçirilir. Kosmos ölür, Xaosa çevrilir, sonra Kosmos kimi yenidən doğulur. Dədə Qorqudun keçirdiyi “boy boylama” ritualı Kosmosun yenidən doğulma ritualıdır. Bundan əvvəlki tədqiqatlarımızda bərpa etdiyimiz kimi, “boy” sözü oğuz kosmoloji düşüncəsində doğuluşla bağlı məna konseptidir361. Məs., “boylu” qadın. Bu halda “doğuluş” konsepti ilə bağlı söz olan “boy boylama” ifadəsinin mənası Oğuz kosmosunun və onun magik söz proyeksiyası olan “Oğuznamə”nin doğulmasını ifadə edir.
Dostları ilə paylaş: |