Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Birincisi, ovla bağlı mediativ ritual işarələri



Yüklə 2,29 Mb.
səhifə32/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   28   29   30   31   32   33   34   35   ...   269
Birincisi, ovla bağlı mediativ ritual işarələri:

– Beyrəyin Boz ayğırı minməyi;

– Ov heyvanlarını nişanlısının məkanına yönəltməsi [ke­yikin oğlanla (kişi başlanğıcı ilə) qız (qadın başlanğıcı) ara­sın­da mediasiya yolu ilə əlaqə yaratması].

İkincisi, qıza sahiblənmə (ona yarışda qalib gəlmə) ritualı ilə bağlı işarələr:

– At yarışı;

– Ox yarışı;

– Güləşmə.



Üçüncüsü, cinsi-fizioloji jestlərlə nişanlama ritualı ilə bağlı işarələr:

– Beyrəyin qızı üç dəfə öpməsi;

– Bir dəfə dişləməsi.

Dördüncüsü, maddi nişanla işarələmə:

– Beyrəyin qızıl üzüyü Banıçiçəyin barmağına taxması.

Əlbəttə, nişanların burada verdiyimiz təsnifatı nisbidir və gələcəkdə başqa tədqiqatçıların onu təkmilləşdirəcəyinə ümid edirik. Ancaq indiki halda bu təsnifatın necə olmasından ası­lı olmayaraq, oğlanla qız arasındakı bu “nişanlama” ritua­lın­da istifadə olunan nişan-işarələr bütöv dəst şəklindədir. Xaos­dan kosmosa qayıdış zamanı həyata keçirilən identi­fika­siya ritualı məhz bu nişan-işarələr dəsti əsasında aparılmaqla həmin işarələrin material olaraq şəklindən, presedent ola­raq məzmunundan asılı olmayaraq, onların etnokosmik ni­şan­­­lar, başqa sözlə, etnosun ezoterik-sakral dəyərlər dün­ya­sı ilə bağlı işarələr olduğunu ortaya qoyur.

Maraqlı və fikrimizcə, tam qanunauyğundur ki, Kərəm-Əsli “nişanlama” modeli də Beyrək-Banıçiçək modelini “tək­rar­layır”:

– Beyrək ova çıxdığı kimi, Kərəm də ova çıxır;

– Beyrək qovduğu keyik onu Banıçiçəyin çadırına gəti­rib çıxardığı kimi, Kərəmin də tərlanı onu Əslinin bağçasına gə­tirir (kosmoqonik mediasiya aktı);

– Beyrək Banlıçiçəyi maddi işarə ilə (altun üzük) nişan­ladığı kimi, Kərəm də öz üzüyünü Əslinin barmağına taxır. Əsli də öz növbəsində ipək dəsmalını nişan olaraq ona verir;

– Beyrək Banıçiçəyi cinsi-fizioloji jestlərlə nişanladığı (üç öpüb bir dişlədiyi) kimi, Kərəm də qızı qucaqlayır, göz­lə­rin­dən öpür:

“Söz tamama yetdi. Kərəm qıza, qız da Kərəmə aşiq ol­du, əhd-peyman elədilər. Kərəm barmağındakı üzüyü qıza, qız da ipək dəsmalını Kərəmə verdi. Kərəm Əslinin gözlə­rindən öpmək istəyəndə Əsli geri çəkildi. Saşlarından iki tel ayı­rıb, sinəsaz elədi, aldı, görək, nə dedi:
Nə gəzirsən məlul-məlul bu yerdə?

Aman Kərəm, məni rüsvay eyləmə!

Səni mənə qismət eyləyib Xuda,

Aman Kərəm, məni rüsvay eyləmə!


Kərəm qızın yalvarmağına baxmayıb, onu qucaqladı. Əs­li birtəhər onun əlindən qurtarıb dedi:
Heç olurmu bu yerlərdə belə iş?

Keşiş babam duyub eyləyər təftiş,

Öpdün də, qucdun da, artıq var, sovuş,

Aman Kərəm, məni rüsvay eyləmə!


Kərəm özünü saxlaya bilməyib, əl atdı qızın incı belinə. Əsli dedi:
Doymamışam şəkər kimi dilindən,

Qorxum yoxdu mənim heç də ölümdən.

Sarılıbsan incə miyan belimdən,

Aman Kərəm, məni rüsvay eyləmə!


Ağam Kərəm, paşam Kərəm, xan Kərəm!

Alış Kərəm, tutuş Kərəm, yan Kərəm!

Əslin olsun sənə qurban, can Kərəm,

Aman Kərəm, məni rüsvay eyləmə!


Söz tamam oldu. Kərəm onunla halal-himmət elədi”75.

Bu, nəzərdən keşirdiyimiz motiv nişanlanma ritualıdır. Bir-biri ilə evlənəcək gənclər müəyyən əlamət-nişanlar vasi­təsi ilə işarələnirlər. Bunlar tanınma-identifikasiya əlamətlə­ridir. Lakin xaosdan qayıdan nişanlı kişi başlanğıcı ilə nişanlı qadın başlanğıcı arasında baş verən tanınma-identifikasiya ri­tualının məhz bu nişanlanma ritualındakı “identifikasiya əla­mət­­ləri” (“tanınma nişanları”) əsasında aparılması süjetin “baş­­­­­­lanğıcına” aid olan nişanlanma ritualı ilə süjetin “son­ra­sı­na” aid olan tanınma ritualının vahid epik kompleksin iki tər­­kib hissəsi olduğunu göstərir. Beləliklə:



– Süjetin başlanğıcında həyatları ilahi tale semantemi (mə­­­həbbət dastanlarında: butavermə) ilə bir-birinə bağlı olan gənc­­lərin bir-birilə nişanlanması bütövlükdə etnokosmik iden­­­­­ti­fikasiya kompleksinin tərkib hissəsidir;

– Etnokosmik identifikasiya kompleksi iki xronoloji struk­tur mexanizmindən ibarətdir: gənclərin nişanlanması (1) və fərd(lər)in nişanlar əsasında tanınması (2);

– Bu iki formul-mexanizmin əsasında işarələmə durur: funk­sional struktur baxımından nişanlama rutualı – tanıt­maq, xaosdan qayıdarkən yoxlanma rutualı – tanınmaq məq­sədini güdür;

Kommunikativ informasiya baxımından gənclərin ni­­şanlanması – işarələrin yazılması, xaosdan qayıdışda yox­lan­­ma isə – işarələrin oxunmasıdır.

– “Nişanlama” bir semantem kimi identifikasiyanın həm ma­hiyyəti, həm üsulu, həm də ritual mexanizmidir:

a) nişanlamamahiyyət kimi identifikasiya kom­plek­si­ni bütövlükdə əhatə edən işarələr sistemidir;



  1. nişanlamaüsul kimi yenə identifikasiya kom­plek­si­ni bütövlükdə əhatə edən işarələr sisteminin yazılması və oxunmasıdır;

  2. nişanlamarutal mexanizmi kimi gənclərin maddi ünsürləri və mənəvi presedentləri əhatə edən identifikasiya əla­­mətləri (tanıtım nişanları) əsasında nişanlanma mərasi­mi­dir.

– İdentifikasiya kompleksi diaxron baxımdan iki mər­hələdən: tanıtma (nişanlama) və tanınmadan (nişanların eyni­ləşdirmə üsulu ilə oxunması) ibarət işlək süjet formuludur;

– İdentifikasiya sinxron baxımdan mürəkkəb ritmik struktura malikdir. Nişanlanma bir dəfə baş versə də, ni­şan­la­rın oxunması təkrarlanır. Nəzərdən keçirdiyimiz “Əsli-Kə­rəm” dastanında bir sıra tanınma ritualları vardır. Bu cəhətdən identifikasiya süjetin müəyyən ritmlərlə təkrarlanan formu­ludur. Onun ritmi sınaq formulunun alqoritminə bağlıdır.



Lakin biz qabağa qaçıb həmin tanınma formullarını ümu­­­­miləşdirməyəcək, onlara yerində baxacağıq. Çünki bura­da “Əsli-Kərəm” dastanının süjet modelini təsvir edərkən əsas­­lan­dı­ğımız iki prinsipdən birincisi “süjeti onun məhz in­kişaf xətti (xro­notopu) boyunca formullaşdırmaqdır”. Ona gö­rə də irəli qaç­mayıb, paraqrafı “nişanlanma – tanıtma” ri­tua­lına aid bir de­­talın şərhi ilə bitirəcəyik.

Deyildiyi kimi, nişanlamanın səviyyələrindən birini cin­si-fizioloji jestlərlə nişanlama təşkil edir: Beyrək Banıçiçəyi üç dəfə öpür və bir dəfə dişləyir. Eləcə də Kərəm qızı qucaq­layır və öpür. Hazırkı ənənəvi nişanlanma mərasimində qo­run­mayan bu qədim adət biofizioloji arxetiplərlə bağlıdır. Mə­lumdur ki, heyvanların nikah mərasimləri ilə insanların ibtidai dövrdəki nikah mərasimləri funksional struktur və mahiyyəti etibarilə eynidir. Dişi heyvana sahib olmaq istəyən erkək hey­vanlar öz aralarında vuruşur, qalib gələn heyvan dişiyə sahib­lənir. Azərbaycan nağıllarında, o cümlədən dastanlarda bu mo­tivə tez-tez rast gəlirik. Qızın atası şərt qoyur: bu şərtlər vəh­şi heyvanlarla döyüşməkdən, tilsimlərin açılmasından və s. ibarət ola bilər. Qalib gələn qıza sahiblənir. Sahiblənmək nişanlama – tanıtma yolu ilə rəsmiləşir. Bizcə, nişanlamanın ən qədim şəkli biofizioloji arxetiplərlə bağlı olan cinsi-fizioloji jestlərlə nişanlamadır. Bunun bioloji mənşəli, yəni heyvanlarla bağlı olmasını bir sıra heyvanlarda onlara məxsus olan ərazilərin nişanlanması kimi instinktiv aktın olması təs­diq edir. Şir, pələng və s. kimi heyvanlar onlara məxsus ya­şayış-ov ərazilərinin sərhədlərini öz ifrazatları (sidik-nəcasət) ilə nişanlayırlar. Başqa əraziyə məxsus olan heyvan yad əra­zinin sərhədinə çatdığını öz sürüsündən olmayan heyvanın nəcasətinin iyindən bilir. Demək, burada əsas olan iybilmədir. Bir heyvan öz sürüsündəki heyvanların nəcasətini yad sürü­dəki heyvanların nəcasətindən iybilmə ilə tanıya, fərqləndirə bilir. Bu mənada iybilmə təkcə biofizioloji instinkt yox, eyni zamanda biososial, biokosmik işarələmə formuludur. Bu bio­ar­­­­xetipi insanda da görürük. “Kitabi-Dədə Qorqud”da “Ya­­xa tu­tub iyləşdilər” (yəni “bir-birini qucaqlayıb iylədi­lər”) ifa­dəsi var. Bu, bir-birini iy əsasında tanımaq deməkdir. (Bir-bi­ri­ni tanıyan Qanturalı və Selcan: “Gizlü yaqa tutuban yi­ləş­di­lər”76; Yenə də bir-birini tanıyan Yegnək və atası Qa­zı­lıq qoca: “Babasilə Yegnək gizlü yaqa tutuban yiləş­di­lər”77). Yaxud südəmər körpə anasını həm də iyindən tanıyır. Bütün bun­lar göstərir ki, cinsi-fizioloji jestlərlə nişanlama iden­ti­fi­ka­siya kompleksinin başlanğıc ritualı olan tanıtma – nişanlama mə­rasiminin ən qədim şəkillərindəndir. Buradan nə­ticə çı­xar­maq olur ki, xaosdan qayıdanın identifikasiyası za­manı ta­nın­ma proseduru həm də iyin eyniləşdirilmə üsulu ilə yoxlanması şək­lində də aparılırmış.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin