Şamanın “ölüb-dirilməsi”, bədəninin “təzələnməsi” haqqında mətn: “Ruhlar şaman olacaq adamın ruhunu götürüb yeraltı dünyaya aparırlar. Deyilənə görə, orada belə ruhları saxlamaq üçün ayrıca ev də vardır. Güclü şamanın ruhu yeraltı dünyada üç il saxlanılır. Zəif şaman ruhları isə orada bir il qalırlar. Bu müddət ərzində ruhu oğurlanan adam dəli olur. Halsız vəziyyətdə oxuyur, nə etdiyini bilmir. Bu hal ruhun dustaq olduğu vaxta qədər davam edir. Həmin adam yalnız yuxu vaxtı yeraltı dünyada olur.
Abaasılar84 şamanların mənəvi atalarıdır. Yeraltı dünyadakı ev də bu abaasılarındır. Bu evdə onlar oğurladıqları ruhları tərbiyə edib öyrədirlər. Vaxt tamam olanda onlar gələcək şamanın bədənini yarır, hissə-hissə doğrayırlar.
Gələcək şamanın bədəninin doğranması belə olur. Əvvəlcə onun başını kəsib hündür bir ağacın üstünə qoyurlar. Deyilənə görə, baş öz gözləri ilə bədəninin necə tikə-tikə doğrandığını görür. Şamanın bədənini doğrayıb doqquz yüryə (yüryə – yakut və Altay inamlarına görə xəstəlik gətirən adi adamların yaman ruhları – F.Gözəlov, C.Məmmədov) arasında üç dəfə bölürlər. Güclü şamanın bədəni bütün yaman ruhlara çatır. Belə olanda şaman xəstəlik yaradan bütün ruhların yolunu bilir və xəstəni asan sağalda bilir. Əgər şamanın bədəni bölüşdürülərkən yüryələrdən birinə çatmasa, onda həmin şaman xəstəlik gətirən yaman ruhları tapıb xəstənin canını ondan ala bilmir.
Bədəni doğranıb yeyilən gələcək şaman bu vaxt öz evində ağır xəstə yatır. Ona nə ölü, nə də diri demək olur. Ruhlar əti doğrayıb böldükdən sonra, deyilənə görə, sümüyü təzə ətlə örtüb, başı təzədən yerinə qoyurlar”85.
Dostları ilə paylaş: |