§ 10.08. Ata, Ana və Dostlarla xəbərləşmə Kərəm Əslinin dalınca gedəcəyini bəyan edir. Ata-anası razı olmur. Bu ilk sınaqdır. Kərəm həm də Haqq aşiqi olduğunu ata-anasına sübut edib, onlardan xeyir-dua alır: bu, Şaman/Qəhrəman davranışları baxımından eyni zamanda xeyirləşmə/xəbərləşmədir. Kərəmin qürbət/xaosa bütün yolu dialoq-xəbərləşmə, etnokosmik identifikasiya kimi formullarla müşayiət olunur.
§ 10.09. Qızlarla xəbərləşmə:
Burada kosmoloji sxemi inikas edən iki işarə vardır: bulaq və Əsliyə bənzər qız.
Bulaq –mifik xronotopda quyu, mağara və s. kimi dünyalar arasında keçid mexanizmidir. Bu cəhətdən Kərəmin xaosa gedən yolunun bulaqdan keçməsi Xaosa keçid anlamında kosmoloji sxemə tam uyğundur.