§ 11.03. Durnalarla xəbərləşmə
Kərəm və Sofi yolda durna qatarına rast gəlirlər. Kərəm yenə də eyni magik-ritual formasından (saz-musiqi, oxuma, şeir və s.) istifadə edərək, durnalarla xəbərləşir və Əslini onlardan xəbər alır:
Qatar-qatar göy üzündə süzürsüz,
Əylən, durnam, əylən xəbər sorayım.
Bizim yurddan nə xəbərlər bilirsiz?
Əylən, durnam, əylən xəbər sorayım...124
Durna kosmoloji dünya modelində zooelement kimi dünyalar arasında əlaqə yaradan mediatordur. “Dədə Qorqud”da keyik Beyrəyi Banuçiçəyin yanına gətirdiyi, “Əsli Kərəm”da ov quşu tərlan Kərəmi Əslinin yanına gətirdiyi kimi, durna da kosmoloji xronotopda eyni zamanda kişi başlanğıcı ilə qadın başlanğıcı arasında mediatordur. Kərəmin durna ilə Əsliyə xəbər yollaması bunu təsdiq edir:
...Dərdli Kərəm deyər: hardan gəlirsiz?
Xan Əslimin yerin-yurdun bilərsiz,
Görsəz, ona məndən salam deyərsiz,
Əylən, durnam, əylən xəbər sorayım125.
Kərəmin durnalarla öz evlərinə xəbər yollaması durnanın mediativ finksiyasını bir daha təsdiq edir:
Durnam, gedər olsan bizim ellərə,
Yaxşı söylə başdan keçən halları.
Qohum-qardaş, dost, müsahib olanlar
Bundan sonra gözləməsin yolları...126
Durnalarla xəbərləşmə dialoq ritualının iki tərəfini ortaya qoyur:
Birincisi, etnokosmik identifikasiyaya – kosmoloji kimliyin müəyyənləşdirilməsinə xidmət edən xəbərləşmə;
İkincisi, dünyalar (Kərəmlə Əsli, Kərəmlə onun vətəni) arasında əlaqəyə xidmət edən xəbərləşmə.
Durnalarla xəbərləşmədə hər iki tipi görürük: Kərəm əvvəlcə onlardan Əslini xəbər alır, daha sonra evə xəbər yollayır. Bu, kosmoloji semantika baxımından nə deməkdir?
Kərəm birinci xəbərləşmədə durnaları etnokosmik identifikasiya ritualından keçirərək Qara Keşişin Əslini durnaya çevirib-çevirmədiyini müəyyənləşdirir. O, ikinci halda öz məkanından (kosmosla xaosun hüdud hissəsindən) həm Xaosa (Əsliyə), həm də Kosmosa (evlərinə) məlumat yollayır. Heç bir ölü ölülər dünyasından – Xaosdan özü haqqında Kosmosa məlumat yollaya bilməz. Kərəm hər iki məkana (Xaosa və Kosmosa) məlumat yollamaqla qara geyimli (ölü statusunda) olsa da, bir tərəfdən diri olduğunu, digər tərəfdən Aralıq dünyada olduğunu təsdiqləyir.
Dostları ilə paylaş: |