§ 12.16. Qızlarla xəbərləşmə: etnokosmik
identifikasiya
Yoluna davam edən Kərəm Bayaziddə içində Əsliyə oxşar olan bir dəstə qıza rast gəlir: “Kərəm baxdı, qızların içində bir qız var ki, misli, bərabər yoxdu. Kərəmin ağlı başınnan çıxdı, aldı sazı, (3 bəndlik şeirlə – S.R.) görək nə dedi:
Sofi lələm, bu gün bir gözəl gördüm,
Qüdrətdən çəkilib qara qaşları.
İstədim ki, nazlı yarı dindirəm,
Aşıq öldürməkdi, bildim, işləri...”168
Bu, əvvəlki hallarda olduğu kimi qızlarla dialoq-xəbərləşmədir. Süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmədir. Kərəmin qızların içində həmin qızı görərkən Əslini yada salması, “ağlının başından çıxması” istər təsəvvüfi kodla, istərsə də kosmoloji kodla ekstaz təcrübəsidir. Bu da öz növbəsində Kərəmin çalıb-oxumasını ekstaz təcrübəsinin tərkib hissəsi olan etnokosmik identifikasiya xarakterli dialoq-xəbərləşmə kimi qəbul etməyə imkan verir.
Dostları ilə paylaş: |