§ 12.18. Şəhərlə (Ərdəhanla) xəbərləşmə
Əslinin ardınca Vandan keçib Ərdəhana çatan Kərəm burada Əslini xatırlayaraq “Bu dağlardan aşan bir sonam təkdi” rədif-misralı 3 bəndlik şeir oxuyur. Ərdəhanın dağlıq olması, dağın mifik xronotopda keçidlə bağlılığı Kərəmin bu çalıb-oxumasını Ərdəhanla dialoq-xəbərləşməsi hesab etməyə imkan verir.
§ 12.19. Qırx quldurla xəbərləşmə-keçid
Yolda Kərəmin qarşısını qırx haramı kəsir. Kərəm çalıb-oxuyur: bilirlər ki, o, haqq aşığıdır. Ona yol verirlər.
Bu epizod kosmoloji müstəvidə mürəkkəb ritual semantikasına malikdir. Bu baxımdan:
– Haramılar qanundan/nizamdan/kosmosdan kənar varlıqlar olmaqla bütün hallarda xaotik ünsürlərdir;
– Onların yol kəsməsi yolun kəsildiyi yerin keçid məkanı olduğunu göstərir. Bu, kosmoloji kodla xaotik süzgəc/filtrasiya mexanizmidir;
– Haramıların sayının 40 olması keçid ritualından soraq verir. Kosmoloji düşüncənin universal strukturuna görə, harada 40 rəqəmi varsa, bu, 40 “mərhələ/hissə/mərtəbə/gün”-dən ibarət keçid mexanizmi deməkdir;
– Kərəmin süjetüstündə quldurlara haqq aşığı olduğunu sübut edərək onlardan yol alması süjetaltında onun “40-lıq” ritual adlama mexanizmindən keçərək yoluna davam edə bilməsi, başqa sözlə keçid alması deməkdir.
Dostları ilə paylaş: |