§ 12.31. Ovçularla xəbərləşmə: identifikasiya və
yalan formulu
Kərəmin olduğu bu səfalı məkan keçidsonrası hüduddur. Kərəm bu məkana dağdan keçdikdən sonra möcüzəli şəkildə gəlir. Bu halda ovçuların süjetaltında Xaosun keçid məkanlarının qoruyucuları kimi ceyranı ovlayaraq dayandırmaları, o cümlədən Kərəmin də yolunun məhz buradan keşməsi bu məkanı keçid prosesi ilə bağlı, daha doğrusu, keçidətrafı/keçidsonrası məkanlardan biri hesab etməyə imkan verir. Bütün keçid məkanları üçün xarakterik olan magik akt və formulların burada da təkrarlanması dediklərimizi təsdiq edir. Belə ki, burada identifikasiya ritualı və yalan formulunun izlərini görürük.
Kərəmin ceyrana başı qarışarkən ovçular dağdan enib gəlirlər: “Kərəm bunları görən kimi sazı götürüb, görək ovçuların gəlməyini ceyrana (6 bəndlik şeirlə – S.R.) nə cür xəbər verdi:
Sürə-sürə ovçu dağdan endirən,
Qaç quzulu ceyran, yad ovçu gəldi!
Oxu ilə vurub torpağa sərən,
Qaç, quzulu ceyran, yad ovçu gəldi!...”190
Şeirdə diqqəti ilk növbədə “yad ovçu” adı cəlb edir. Bu ifadə “doğma ovçu-yad ovçu” oppozitiv blokunun tərkib hissəsidir. Mifik dünya modelində “doğma ovçu” – ov/heyvan hamisi, başqa sözlə, dost, “yad ovçu” – heyvanları ov hamisindən icazəsiz ovlayan varlıq, başqa sözlə, düşməndir. Demək, burada eyni zamanda dost-düşmən, doğma-yad münasibətləri var. Bu halda Kərəmin ovçuları “yad” hesab etməsi onların Kərəmgilin mənsub olduğu kosmos dünyasına yad olan xaos dünyasının sakinləri olduğunu təsdiq edir.
Yaralı ceyran qaça bilmir. Kərəm onu qorumaq üçün ovçuların qabağına gedir, onları aldadaraq, ceyranın qaçıb dərəyə getməsi haqqında yalan deyir.
Kərəmin yalan danışması süjetaltında şaman-qəhrəmanın özünü və köməkçisi ceyranı xaos qüvvələrindən qorumaq üçün işlətdiyi fənddir. Xaosun Kosmosa əks (tərsinə) dünya olduğunu, yalançılığın (əksinə, tərsinə danışmağın) Xaosda davranışın əsas prinsipi olduğunu nəzərə alsaq, Kərəmin danışdığı yalan şaman-triksterə məxsus davranış üsuludur.
Beləliklə, Kərəmin ceyranla və ovçularla dialoqu süjetaltında hər iki halda etnokosmik identifikasiya ritualının tərkib hissəsidir. Əvvəlcə ovçu-keşikçilər Ceyranı identifikasiya prosedurundan keçirərək, onun kosmosyaradıcı varlıq (kosmoslu) olduğunu bilir və öldürmək istəyirlər. Daha sonra Şaman/Qəhrəman/Trikster (Kərəm) gəlir və xaoslu keşikçiləri aldadaraq ceyranı və özünü xilas edir. Bu, eyni zamanda yolun növbəti mərhələsinə adlamaq/keçmək deməkdir.
Dostları ilə paylaş: |