§ 12.38. Dağla xəbərləşmə: qarğışla keçid alma
Qızlardan ayrılan Kərəmgil “günə bir mənzil gəlib, Ərzurumun gədiyinə çatdılar. Kərəm baxdı ki, hava qaralır, dedi:
– Sofi, dayan, bu dağa bir-iki söz deyim, yoxsa bizə yol verməyəcək.
Sofi hirslənib dedi:
– Xeyir, lazım deyil. Heç nə demə! Elə hər dağa-daşa söz deyəcəksən?
Kərəm bir söz demədi. Yavaş-yavaş dağın başına çıxmağa başladılar. Elə aşırıma az qalmışdılar ki, bir boran başladı, qar başladı, gəl görəsən. Kərəm dedi:
– Qoymadın dağa bir-iki söz deyəm, bizə yol versin, indi ölüb burada qalacağıq.
Sofi işi belə görəndə başladı Kərəmə yalvarmağa:
– Aman, Kərəm, nə sözün var de, bəlkə, nicat tapaq.
Kərəm aldı sazı, (3 bəndlik şeirlə – S.R.) dedi:
Ərzrumun gədiyinə varanda,
Onda gördüm burum-burum qar gəlir.
Lələ dedi: gəl bu yoldan qayıdaq,
Dedim, dönmək namusuma ar gəlir...”201
“Söz tamam oldu. Amma ki, çovğun-boran getdikcə artdı. Duman, qar hər tərəfi elə aldı ki, elə bil gecə oldu. Kərəm aldı, bu hala münasib (5 bəndlik şeirlə – S.R.) dedi:
Ərzrumun gədiyinə varanda,
Onda dedim, qadir mövlam, aman hey!
Hər tərəfdə çovğun, boran, bad əsər,
Tutmuş hər yanımı çiskin, duman hey!...”202
“Kərəm baxdı ki, dağ yol vermək istəmir. Ölüm gəldi durdu onun gözlərinin qabağında, (6 bəndlik şeirlə – S.R.) dedi:
Bu dünyada üçcə şeydən qorxum var,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm!
Heç birindən əsla könlüm şad deyil:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm!...”203
“Başladılar dağa çıxmağa. Yuxarılarda boran daha da şiddətləndi. Sofi Kərəmin sazını alıb (3 bəndlik şeirlə – S.R.) dedi:
Ərzrumun gədiyinə varanda,
Onda gördüm burum-burum qar gəlir.
Dedim: Kərəm, gəl bu yoldan qayıdaq,
Gördüm, xan oğudu, ona ar gəlir...”204
Dostları ilə paylaş: |