Əslimin yüzündə on beş xalı var:
Bir xalı dünya malına yetişir,
Bir xalı məğribə pəncə salmışdır,
Bir xalı cahanda lala yetişir.242
– Xallar təsəvvüfi kodla – Əslinin üzündə, kosmoloji kodla – bədənindədir. Bu halda Kərəm Haqq aşığı olduğunu sübut etmək üçün Əslinin üzündə xallarla yazılmış yazını oxumalı (sirri açmalı), Qəhrəman/Nişanlı olduğunu sübut etmək üçünsə həmin xalların Əslinin bədəninin harasında (hansı üzvlərində) olduğunu deməlidir.
– 15 xal təsəvvüfi kodla (təsəvvüfçü alim Fəxrəddin Salimin dediyi kimi) on dörd məsumə və bir Allah deməkdir: 12 imam + Məhəmməd peyğəmbər (s.a.a.s.) + Həzrəti Fatimə + Allah (c.c.) = 15 xal/sirr/işarə. Təsəvvüfi düşüncəyə görə, insanın üzü bütün yaradılışın mənasını və mahiyyətini ifadə edir. Hürufilərə görə, insanın üzündə “Allah” sözü yazılmışdır. Başqa sözlə, varlığın bütün mahiyyəti insanın üzündə proyeksiyalanır. Bu baxımdan, Əslinin üzündəki xal/yazı ezoterik bilgidir. Onu hər kəs oxuya bilməz. Haqq aşiqləri ezoterik bilgilər verilmiş varlıqlardır. Kərəm də ona ezoterik bilgi kərəm olunmuş Haqq aşığıdır. O, bu yazını oxuya bilməlidir.
– 15 xal kosmoloji kodla Əslinin on beş bədən üzvündə olan xal/nişandır. Bu xallar nişanlama proseduruna aid intim identifikasiya/tanınma işarələridir. Bəlkə də, Qəhrəman/Kərəm öz sevgilisini (Beyrək paradiqmasında) intim nişanlarla işarələdiyi (üç öpüb, bir dişlədiyi) kimi, eləcə də qızın 15 bədən üzvünə xal/işarə qoymuşdur. Bu – nişan sirri, identifikativ sirdir. Xallarin yerini (sirrini) yalnız nişanlılar (Oğlan/Kərəm və Qız/Əsli) bilir. Əgər Kərəm həqiqi Nişanlı/Qəhrəmandırsa, onda bunu Yer Ana/Hüsniyə xanıma sübut etnəlidir.
– Kərəm Hüsniyə xanımın qız modeli üzrə apardığı üçüncü haqq aşıqlığı sınağını da uğurla başa vurur. O, təsəvvüfi kodla – Haqq aşığı, kosmoloji kodla – Nişanlı/Qəhrəman olduğunu sübut edir. Bununla da qızlarla üç pilləli sınaq/identifikasiya başa çatır. İrəlidə sonuncu – yekun sınaq var.
Dostları ilə paylaş: |