§ 2. Kosmosdan Xaosa keçid: vasitə və rejim
İçib sərxoş olan Qazan bəylərə ova getməyi təklif edir. Təklif iki Oğuz bəyi (Dəli Tondaz və Qaragünə oğlu Qarabudaq) tərəfindən qəbul və təsdiq olunur. Bu motiv kosmosdan xaosa keçid ritualıdır. Kosmoloji sxemə görə:
– Qazanın qurdurduğu məclis (ziyafət/qonaqlıq) janrı baxımından Qalın (Bütün) Oğuzun hər iki qolunun (İç Oğuz və Daş Oğuz) toplandığı toy törənidir. Toy – etnokosmik mahiyyətinə görə bütün hallarda mərasim/ritualdır.
– Şərab (eləcə də narkotik bitkilər) – şaman və bir sıra xalqların ibtidai ritual praktikasında mediasiya vasitəsidir: şaman, yaxud inisiasiya ritualının başqa subyekti spirtli içki vasitəsilə bir dünyadan o birisinə, bir psixoloji haldan o birinə keçir. Qazanın və başqa oğuz bəylərinin sərxoş olması onların ritual psixoloji baxımından, ən azı, kosmik psixologiyadan qopmaları/ayrılmaları anlamına gəlir. Onlar şərab vasitəsilə kosmik psixoloji hal/məkandan xaotik psixoloji hal/məkana transformasiya olunurlar.
– “Ov” etnokosmik konsept kimi – istər oğuzların, istərsə də başqa xalqların kosmoloji düşüncəsində xaosla bağlıdır. Ova getmək – xaotik qüvvələrlə döyüşə girib qənimət əldə etməkdir. Bu cəhətdən, “ov” oğuzların kosmoloji anlayışları baxımından “yağma(lama)” konseptinin məna cərgəsinə aid paradiqmadır.
– “Ov” kosmoloji məkan kimi – Kosmosla Xaos arasında aralıq/diffuz zonadır. Ovda olmaq – Kosmosla Xaos, kosmik varlıqlarla xaotik varlıqlar arasında olmaq deməkdir.
– Qazanın ov təklifinin bilavasitə xaosla bağlılığı həmin təklifin kimlər tərəfindən qəbul və təsdiq olunmasında ifadə olunur. Dastan mətni məclisə cəm olunmuş Oğuz bəyləri içərisində yalnız iki bəyin – Dəli Tondaz və Qaragünə oğlu Qarabudağın təklifə “reaksiyasını” təqdim edir. Məclisdə daha yüksək mövqeyə malik bəylər, məsələn, Qazanın dayısı və Daş Oğuzun başçısı Alp Aruz da iştirak edir. Lakin ov təklifi məhz bu iki bəy tərəfindən “məsləhət bilinir”.
– KDQ mətnində Dəli Tondaz və Qaragünə oğlu Qarabudaq “ov” konsepti ilə heç bir xüsusi işarə ilə bağlanmırlar: dastan onları heç bir halda “xüsusi” ovçu statusunda təqdim etmir. Demək, Qazanın ov təklifinə bu iki bəyin reaksiya verməsi başqa bir statusla balıdır. Bu statusun izləri onların adlarında qalmışdır.
– Dəli Tondaz adındakı “dəli” işarəsi Tontazın inisiasiya ritualları ilə bağlı subyekt olduğunu ortaya qoyur. Oğuz etnokosmik düşüncəsində “dəli” bir sosial fazadan digər fazaya keçid prosesində olan subyekti bildirir. Demək, Tontaz bir “dəli” kimi liminal/keçid/astana varlıqdır və kosmoloji məkan (və psixika) etibarilə Kosmosla Xaos arasındadır. Bu halda ov təklifinə Tontazın reaksiya verməsi onun Xaosla bağlı subyekt olduğunu bildirməklə yanaşı, ov ritualının da Xaosla bağlılığını təsdiq edir.
– Qaragünə oğlu Qarabudaq adındakı “qara” işarəsi birbaşa Xaosla bağlı semantemdir. Ata “Günə” və oğul “Budaq” – hər ikisi Xaos dünyası (Qara dünya) ilə bağlıdır. Xaosla bağlılığın ata və oğulun genetik silsiləsində təkrarlanması bu obrazların finksional strukturunu funksiyası Yeraltı/Xaos dünyasına enmək olan Qara Şaman arxetipi ilə bağlayır. Bu halda ov təklifinə Qarabudağın reaksiya verməsi onun da Tontaz kimi Xaosla bağlı subyekt olduğunu bildirməklə yanaşı, eyni zamanda ov ritualının Xaosla bağlılığını bir daha təsdiqləyir.
– Göründüyü kimi, kosmoloji sxem-süjetdə Tontaz – Kosmosla Xaos arasında yerləşən aralıq/liminal məkanla bağlı “dəli”, (Qara) Budaq isə – Xaos dünyası ilə bağlı Qara Şamandır.
– Ziyafət motivində Kosmosdan Xaosa keçidin vasitəsi – şərab, rejimi – ov ritualıdır.
Dostları ilə paylaş: |