Qazanla mediativ xəbərləşmə Qaraca Çoban özü Qazanın evinin yağmalanması hadisəsindən mediasiya formulu (yuxu) vasitəsilə xəbər tutduğu kimi, Qazana da eyni üsulla (mediasiya formulu ilə) xəbər yollayır: O, döyüşdə şəhid olmuş qardaşlarını dəfn edir, öldürdüyü kafirlərin leşini yığıb yandırır, köynəyini yandırıb öz yaralarına qurum/kül basır: “Yolın qıyısın alub oturdı. Ağladı, sıqladı. Aydır: “Salur Qazan, bəg Qazan, ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?” – dedi”311.
Bu, kosmoloji müstəvidə mediativ xəbərləşmədir. Çoban marginal varlıqdır. Marginallıq kosmosla xaos arasında mediasiya edə bilmək deməkdir. Bu halda onun süjetüstündə icra etdiyi “ağlama-sıtqama” mərasimi və o cümlədən nitqində ifadə olunan “xəbər” konsepti (“bu işlərdən xəbərin yoqmıdır?”) Çobanın bir mediator/şaman kimi xəbərləşmə ritualı keçirdiyini, Qazanla xəbərləşdiyini göstərir. Qazanın onun yolladığı mediativ mesajları mediasiya aktı olan “yuxuda” alması onların eyni mediasiya mexanizmi və kodu vasitəsilə ünsiyyətdə olduqlarını ifadə edir.