§ 11. Xəbərləşmə şaman qamlama aktı kimi
Gördüyü yuxudan narahat olan Qazan yurduna baş çəkib, vəziyyəti bilmək qərarına gəlir. Lakin o, bir xan/bəylərbəyi kimi ov mərasiminin başçısıdır. Ona görə də yola çıxmamışdan qabaq qardaşına tapşırıq verir: “Mənim avımı bozma, ləşkərimi tağıtma! Bən bu gün Qonur ata qaqaram. Üç günlük yolı bir gündə aluram. Evilə olmadın yurdum üstünə vararam. Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm. Ordım sağ-əsən degil isə, başınuza çarə edin”316.
Demək, Qazanı evə baş çəkməyə gedərkən qayğılandıran əsas məsələlərdən biri o, səfərdə olduğu müddətdə ovun (ritualın) pozulmamasıdır. Süjetüstündə bəylərbəyinin ov edən, kef çəkən Oğuz bəylərinə sevgi və qayğısını ifadə edən bu “nöqtə” məntnaltı məntiq baxımından hadisələrin “gizlində qalan” (B.N.Putilov) əsas səbəbidir.
Süjetaltına – kosmoloji süjetə diqqət edək:
a) Ov – ritualdır;
b) Ovun pozulması – ritualın pozulması deməkdir;
c) Ritualın pozulması – Qazanın xanolma ritualının pozulması deməkdir;
ç) Ritualın strukturuna görə, hakimiyyətdən (kosmik statusdan) məhrum olmuş Qazan Xaosa getməli, orada yenidən xan kimi qurularaq/doğularaq Kosmosa dönməlidir.
d) Ritual pozularsa – qurulmuş ritual dekorasiyası dağılar;
e) Dekorasiya dağılarsa – Qazan yenidən xan ola bilməz.
ə) Ona görə də Qazan qardaşı Qaragünəyə “ritual dekorasiyasını” qorumağı bir nömrəli vəzifə kimi tapşırır.
Dostları ilə paylaş: |