§ 16.6. Namusun daşınma və qorunma funksiyaları:
Burla xatun “daşıyıcısı” kimi
Şöklü Məlik Qazanın evini (anasını, arvadını, oğlunu, dəvələrini, atlarını, qoyunlarını, xəzinəsini) yağmalasa da, bir əsas dəyəri ələ keçirə bilməyib. Bu, Qazanın namusudur. Nə qədər ki Qazanın namusu sındırılmayıb, onun özünü və kosmosunu yenidən qurmaq imkanı var. Şöklü Məlik bu sonuncu imkanı – kosmosyaradıcı gücü Qazanın əlindən almaq istəyir. Bu güc indi Burla xatunun əlindədir. Lakin süjetin sonrakı inkişafı göstərir ki, Burla xatun öz kosmoloji funksiyası baxımından namusun qoruyucusu yox, daşıyıcısıdır. Süjetə diqqət edək:
– Şöklü Məliyin təklifini eşidən Burla xatun qərar qəbul edə bilmir. Bilmir ki, oğlunun ətindən yeyib onun canını, yaxud yeməyib Qazanın namusunu qorusun.
– Burla xatunun qərar qəbul edə bilməməyi süjetüstündə ananın oğulun məhəbbəti ilə ərin məhəbbəti (namusu) arasında qalması kimi təqdim olunur. Bu, süjetin üst planıdır və məna baxımından süjetüstünün məntiqidir.
– Süjetaltında (kosmoloji sxem-süjetdə) mənzərə fərqlidir. Ananın iki yol arasında qalması onun qərar qəbul etmək səlahiyyətinin olmaması, bu səlahiyyətin başqa bir adamın əlində olması deməkdir.
– Burlanın oğlunun ətindən yeyib-yeməyəcəyinə və beləliklə, Qazanın namusunu sındırıb-sındırmayacağına Oğul – Uruz qərar verməlidir.
– Beləliklə, Burla xatun Qazanın namusunun qoruyucusu yox, daşıyıcısıdır. Qoruyucu – Uruzdur. Ona görə də Daşıyıcı qərarı bilmək üçün Qoruyucunun yanına gedir.
Dostları ilə paylaş: |