§ 17. Qurbanvermə: Kosmosun ölüb-dirilməsi Biz, beləliklə, inisiasiya rituallarının ayrılmaz konsepti olan qurbanvermə ilə qarşılaşdıq. Rituallar bütün hallarda qurbanverməni nəzərdə tutur. Lakin bu tezis məsələnin ümumnəzəri tərəfidir. İnisiasiya ritualları ilə bağlı epik süjetlərdə qurbanvermə konseptinin paradiqmatik struktur elementlərinə rast gəlinməsi təbii haldır. Lakin məsələ buna işarə etməklə bitmir. Məsələnin mühüm tərəfi Oğuz eposunun nəzərdən keçirdiyimiz bu fraqmentinin bir epik materiya kimi struktur elementlərinin, onlar arasındakı münasibət/əlaqələrdə ifadə olunan qanunların – bir sözlə, oğuz mifik düşüncəsinin “poetikasının” bərpası ilə bağlıdır. Bu, bütün hallarda bizdən təhlilə cəlb olunan konsepti imkanımız çatdığı qədər diqqətlə nəzərdən keçirməyi tələb edir.