§ 17.4. Dünya ağacında ölüb-dirilmə
Uruzun asıldığı qənarə süjetüstünə görə qəssabların heyvanın başını kəsəndən sonra onu soymaq üçün asdıqları düz ağacdır. Bu ağac süjetaltında dünyanın Göy, Yerüstü və Yeraltı qatlarını modelləşdirən Dünya ağacıdır. Süjetüstündə onun izləri açıq-aydın işarələr şəklində qalmışdır. Diqqət edək:
Birincisi, Uruzun asılması adi bir heyvanın kəsilməsi yox, Qazanın namusunun sındırılması ritualının tərkibinə aid formuldur. Bu, Həyat-Ölüm ritualı, başqa sözlə, ölüb-dirilmə/inisiasiya mərasimidir. İnisiasiya bütün hallarda mediasiya tələb edir. Mediasiya, yəni dünyanın qatları arasında hərəkət üçün isə hökmən Dünya ağacı lazımdır. Bu baxımdan “qənarə” Dünya ağacı arxetipinin süjetüstündəki paradiqmasıdır.
İkincisi, Uruzun ağaca müraciətində o, istisnasız olaraq, mediasiya mexanizmi kimi alqışlanır. Bu baxımdan ağac:
– Məkkə və Mədinənin qapısı kimi İçəri ilə Çöl, Sakral məkanla Profan məkan arasında;
– Musa peyğəmbərin (ə.) əl ağacı kimi Allahla (c.c.) İnsanlar arasında;
– Suların körpüsü kimi fərqli (qarşı) sahil məkanları arasında;
– Həzrət Əli əleyhissəlamın atının yəhəri kimi fərqli mənəvi məkan/dəyərlər arasında (at mifologiyada birbaşa kosmosyaradıcı mediatordur);
– Həzrət Əlinin əleyhissəlamın qılıncı Zülfüqarın qəbzəsi kimi Həyatla Ölüm (Cəhənnəm) arasında;
– Məhəmməd peyğəmbər salavatullahın nəvələri Həsənlə Hüseynin beşiyinin ağacı kimi Həyatla Ölüm (Cənnət) arasında;
– Dual kosmoqonik başlanğıclar olan Ərlə Arvad arasında...
Dostları ilə paylaş: |