NƏTİCƏ ƏVƏZİ
Tədqiqat göstərdi ki:
– Dastan Azərbaycan kosmoloji düşüncəsinin sözlü mətn paradiqması kimi bu düşüncənin strukturunu özündə modelləşdirir.
– Bu halda kosmoloji düşüncənin strukturu dastanın strukturunda proyeksiyalanır.
– Kosmoloji düşüncənin əsasında mifik dünya modeli durur.
– Kosmoloji çağ insanının (oğuzlunun) mənimsəyə bildiyi dünya onun düşüncəsində üç qatdan: “Kosmos-Aralıq dünya-Xaos”dan ibarət struktur şəklində obrazlaşır.
– Bu obraz/model kosmoloji çağ insanı ilə onu əhatə edən (maddi və mənəvi, fiziki və metafizik) dünya/gerçəklik arasında istisnasız olaraq bütün əlaqələri həm həyata keçirir, həm də tənzimləyir.
– Kosmoloji çağ insanın bu dünyada – Kosmosdakı həyatı ölüb-dirilmələrdən təşkil olunur. O, bir yaş qrupundan digərinə, bir sosial, siyasi, sakral-mistik, sekulyar və s. statusdan digərinə ölüb-dirilmə formulu ilə keçir.
– Ölüb-dirilmə Kosmosla Xaos arasında mediasiya modelini nəzərdə tutur.
– Oğuz kosmoloji dünya modelində mediasiyanın üsulu Şaman/Qəhrəman modeli əsasında həyata keçirilir.
– Şamanlar dünya modelinin müxtəlif qatları arasında hərəkət etmək üzrə ixtisaslaşmış peşəkar mediatorlardır.
– Şaman mediasiyası metafizik aləmlərlə hər cür əlaqənin universal modelidir. Statusartırma və statusdəyişmə xarakterli inisiasiya rituallarında Xaosa gedib-qayıtmalı olan Qəhrəman da şaman mediasiya modelindən istifadə edir.
– Şaman və Qəhrəmanın eyni mediasiya sxem/modeli əsasında həyata keçirdikləri mediasiya formulu mifin epoxal-transformativ proyeksiyası olan dastan materiyasında Şaman/Qəhrəman arxetipi şəklində modelləşir.
– Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... (və s.) paradiqmaları əsasında bərpaya gəlməsi və bunun tədqiqatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifologiyasının Azərbaycan folklor materiyası əsasında bərpası üçün geniş imkanlar açır.
Dostları ilə paylaş: |