a) Doğuluş və göbəkkəsmə nişanlanma varsa – butavermə yoxdur.
b) Doğuluş və göbəkkəsmə nişanlanma yoxsa – butavermə vardır46.
Qeyd edək ki, butavermə çox mürəkkəb kompleksdir. Doktor Şakir Albalıyev sual qoyaraq yazır: “Buta nədir? Bu suala birbaşa bir cümlə ilə cavab verməklə keçinmək olmaz. Xalq təfəkküründə buta anlayışına münasibət də, folklorşünas və etnoqraflarımızın bu məsələyə baxışları da rəngarəngdir. Elə butanın özü kimi çoxçalarlı, əlvan naxışlıdır. Ona görə ki, butanın rəmzi qatlarında özlüyündə çox sirlər gizlənib”47.
Biz, təbii ki, burada nə deyilənlərə toxunacaq, nə də butanın “çoxçalarlı, əlvan naxışlı rəmzi qatlarını” araşdırmayacağıq: məqsəd qəhrəmana buta verilməsinin arxetipik sxemini müəyyənləşdirməkdir. Burada M.Cəfərlinin yuxarıdakı fikrindəki bir tezis diqqəti cəlb edir: “Buta bir epik-semantik kompleks kimi dastanın bütün strukturunu əhatə edir”48. Bu, nə deməkdir?
Dastanın bütün süjet strukturu baş qəhrəmanın fəaliyyəti üzərində qurulur. Buta bu halda həmin fəaliyyətin proqramlaşdırılmış sxemidir. Bu, təsəvvüfi dünya modelində qəhrəmanın İlahi tərəfindən proqramlaşdırılmış taleyidir: Allahdan qopan (nüzul – enmə) insan qapalı trayektoriya üzrə Ona doğru hərəkət edərək (üruc – qalxma) sonda Allaha qovuşur (vüsal). İnsanın Allaha aşiqliyində ifadə olunan həqiqi məhəbbət kodu İnsanın (aşiqin) İnsana (məşuqəyə) aşiqliyində ifadə olunan məcazi məhəbbət kodu ilə paralelləşir. Bu, semiotik kodlaşmadır. Beləliklə, sufi düşüncə tərzinin bütün mətnlərində olduğu kimi, məhəbbət dastanları mətnində də dünyanı təsvirin iki paralel kodu (dili), yaxud iki işarə sistemi (səviyyəsi) var:
1. Gerçəklik elementlərinin həqiqi (görünən) mənası əsasında qurulan birinci işarələr sistemi:
Burada gerçəkliyin bütün elementləri özü özünün işarəsidir: başqa sözlə, adam – elə adam, dağ – elə dağ, saç – elə saç, quş – elə quş, külək – elə küləkdir və s.
2. Gerçək elementlərinin məcazi (metaforik) mənası əsasında qurulan ikinci işarələr sistemi:
Burada bütün elementlər və onlara aid olan bütün hərəkətlər rəmzi-metaforik işarələrdir: bütün elementlər ilahi təcəllanı (teoqonik sublimasiyanı, Allahın varlıq elementlərində təcəllisini) inikas edir. Bu cəhətdən Aşiqin Məşuqəyə aşiqliyi İnsanın Allaha aşiqliyi, Aşiqin Məşuqəyə qovuşmaq yolundakı bütün fəaliyyəti Allaha qovuşmaq istəyən sufinin Ona çatmaq üçün Şəriət-Təriqət-Mərifət-Həqiqət struktur sxemi üzrə getdiyi Yoldur. Ən başlıcası, birinci və ikinci işarə sistemləri paralel struktura malik vahid sistemi yaradır və bu vahid sistemdə eyni səviyyədə (sırada) duran müxtəlif sistem elementləri bir-birinin işarəsi olur. Y.M.Lotmanın yazdığı kimi, məna o hallarda meydana çıxır ki, biz, ən azı, iki müxtəlif zəncir-struktura və bu sistemlərdən birindən o birinə kodlaşdırma imkanına malik olaq. Bunlardan birini adət etdiyimiz terminlərlə ifadə planı, o birini isə məzmun planı kimi müəyyənləşdirmək olar. Kodlaşdırma zamanı öz təbiətinə görə fərqli olan müəyyən element cütləri arasında uyğunluqlar qurulacaq: bu zaman öz sistemindəki hər hansı element başqa sistemdəki elementin ekvivalenti (eynigüclü əvəzedicisi, paraleli, işarəsi – S.R.) kimi qavranılacaq. Biz iki struktur zəncirinin hansısa ümumi vahidləşmə nöqtəsində belə kəsişməsini işarə adlandıracağıq. Bu zaman uyğunluq qurulan ikinci zəncir – məzmun, birinci zəncir isə – ifadə kimi çıxış edəcək49.
Bu cəhətdən məhəbbət dastanlarındakı bütün epik elementlər və onların hərəkəti eyni zamanda təsəvvüfi element və hərəkətlərin işarəsidir.
Beləliklə, məhəbbət dastanlarının poetik strukturunun iki səviyyəsi var:
Birincisi, epik struktur səviyyəsi;
İkincisi, təsəvvüfi struktur səviyyəsi.
Birinci səviyyə folklor düşüncə modelini, ikinci səviyyə təsəvvüfi-dini dünya modelini inikas edir. Birinci səviyyə (epik struktur) özü olaraq qalmaqla eyni zamanda ikinci səviyyənin (təsəvvüfi strukturun) işarəsidir. Bu cəhətdən məhəbbət dastanlarındakı “butavermə” formulu ikinci səviyyəni (ikinci işarələr sistemini) inikas edən təsəvvüfi davranış formuludur. Təsəvvüfi məna elementlərinin hər biri məzmun planı olaraq epik strukturda öz ifadə planına – işarəsinə malikdir. Bundan irəli gəlməklə “məzmun planı” olan təsəvvüfi butavermə formulu epik struktur səviyyəsində ona ekvivalent olan, onunla eyni səviyyədə duran öz “ifadə planına” malikdir. Beləliklə, ilahi tale semantemi olan təsəvvüfi butavermə formulunun epik struktur səviyyəsində mifoloji arxetipi olmalıdır. Bizim məqsədimiz bu arxetipi aşkarlamaqdır.
Ziyad xanın övladının olmamağı xaos durumudur. O, xaosu (nizamsızlığı) aradan qaldırmağa, başqa sözlə, onu kosmosla (nizamla) əvəz etməyə çalışır. Kərəm və Əslinin doğulması ilə xaos kosmosla əvəz olunur. Demək, kosmosun yaranması doğuluş formasında həyata keçir. Dastanlarda epik qəhrəmanların doğuluşu bütün hallarda ilk insanın, ilk əcdadın doğuluşunu təkrarlayır (paradiqmalaşdırır). Bu cəhətdən “Əcli-Kərəm” dastanında Kərəm və Əslinin bir “cüt” olaraq doğuluşu ilk əcdadın – Oğuz kağanın doğuluşunun paradiqmasıdır. O, əvvəlcə özü doğulur. Daha sonra Göydən gün şüası qız şəklində enir. Oğuz onunla evlənir. Üç oğlu olur: Gün, Ay, Ulduz. Daha sonra Yeri təmsil edən qızla evlənir. Ondan da üç oğlu olur: Göy, Dağ, Dəniz. Demək, kosmosun yaranması üçün kişi başlanğıcı ilə bərabər, hökmən qadın başlanğıcı da olmalıdır. Kosmos – kişi və qadın başlanğıclarının izdivacından yaranır. Bu cəhətdən epik mətnlərdə ilk əcdadı təmsil edən baş qəhrəmanın hökmən qadın tərəfdaşı – sevgilisi olmalıdır. Bu, epik-mifoloji dünya modelinin struktur qanunudur. O yerdə ki kişi-qadın qoşalığı pozulur, başqa sözlə, cüt təklə əvəz olunur, onda xaos (nizamsızlıq, disharmoniya) yaranır. Yenidən kosmosun yaranması üçün kişi qadınla birləşməlidir. Onların birgəliyi – kosmos, ayrılığı – xaosdur. Dastanlarda kosmosun yaranması kişi ilə qadının birgə həyatı – nikahı ilə həyata keçir. Kosmos-xaos əvəzlənməsi ritmik prosesdir. Xaotik qüvvələrin qadını oğurlaması (aradan qaldırması) ilə kosmosun nizamı (strukturu) pozulur: kosmos xaosla əvəzlənir. Qəhrəman öz sevgilisini qurtarmaq üçün Xaosa səfər edir və sevgilisini qaytarır. Bununla kosmos bərpa olunur.
Bu baxımdan, “Əsli-Kərəm” dastanında kosmoqonik yaradılışın dinamikası belədir:
Övladsızlıq – ilkin Xaos;
Kərəm və Əslinin doğuluşu – Kosmosun bərpası;
Əslinin oğurlanması – Xaosun yaranması;
Kərəmin Əslini axtararaq tapması və ona ruhani qovuşma – Kosmosun bərpası.
Dastanın sonunda Kərəm və Əslinin ölmələri mifoloji kosmoqoniyanın funksional məntiqinə heç bir halda zidd deyildir. Unutmaq olmaz ki, mifdə “xaos-kosmos-xaos-kosmos” əvəzlənməsi bütün hallarda ölüb-dirilmə (ölmə və yenidən doğulma) şəklində baş verir. Bu cəhətdən “Əsli-Kərəm” dastanının qəhrəmanların ölməsi ilə başa çatması mifoloji yaradılışın ritminə daxil olan aktdır: ölüb-dirilmə ritmik prosesdir və onun silsilə şəklində davam etməsi həyatın davam etməsi deməkdir.
Dastanın Kərəmin və Əslinin ölümü ilə başa çatması dastan informasiyasının bütün ifadə kodları üzrə kosmoqoniyaya – yaradılışa xidmət edir. Belə ki, bu:
Dostları ilə paylaş: |