§ 9. Xaosa keçidin “qəhrəman” və “şaman” modelləri
Kərəmin öz sevgilisinin ardınca səfərə yollanması bir epik motiv kimi “qəhrəmancasına elçilik” motiv-dəstinə aiddir. “Qəhrəmancasına elçilik” motivi S.S.Kataşın ümumiləşdirməsində “Divlərlə mübarizə” və “Basqınlarla mübarizə” süjetləri ilə yanaşı ibtidai Altay eposunun üç əsas motivindən biridir103.
S.S.Surazakov yazır ki, Altay qəhrəmanlıq eposunda qəhrəman oğlanın evlənmədiyi, qəhrəman qızın isə ərə getmədiyi əsər, demək olar ki, yoxdur. Qəhrəmanın evlənməsi mövzusunun kökləri çox qədimə – patriarxal-tayfa quruluşunun təşəkkül etdiyi dövrə gedib çıxır. “Ovçuluq” və “bahadırlıq” kimi ilk eposlarda ailə qurulması mövzusu əsas yerlərdən birini tutmağa başlayır. Nişanlının əldə olunması ümumtayfa qəhrəmanlıq hünərinə çevrilir. Qəhrəmanın evlənəcəyi qızı axtarmaq üçün evdən getməsi motivi məşhurdur104.
Məşhur eposşünas B.N.Putilov çoxsaylı tədqiqatlarda qəhrəmancasına elçilik motivinin 6 situasiya tipinin müəyyənləşdirildiyini göstərir:
1. Bahadır özünün iştirakı ilə kiminsə elçiliyini təmin edir...
2. Bahadır öz nişanlısını axtarır və əldə edir...
3. Bahadır elçiliyin şərti kimi pəhləvan nişanlısı üzərində qələbə çalaraq onu əldə edir...
4. Bahadır öz əldən çıxmış arvadı ilə təkrar evlənərək onu yenidən əldə edir (“Ər öz arvadının toyunda” motivi”)...
5. Bahadır öz nişanlısını yalançı nişanlılar arasından seçərək əldə edir (“antielçilik”, yaxud “yanlış elçilik”)...
6. Bahadır, az qala, başqası ilə evlənir...105
Maraqlıdır ki, biz bu 6 elçilik tipinin ümumiləşdirdiyi çoxsaylı situasiya-halların, demək olar ki, əksəriyyətinə “Kərəmin elçilik səfərində” rast gəlirik. Və ən başlıcası, bu tiplərin hamısında qəhrəman öz sevgilisini əldə etmək üçün “yad ölkələrə”, “qərib diyarlara”, divlər-əjdahalar ölkəsinə” səfər edir. Qəhrəmanın səfər etdiyi məkanın mətnlərdə necə adlanmasından asılı olmayaraq, həmin dünyalar kosmoloji tipinə görə xaotik məkan, başqa sözlə, yeraltı dünya – xaosdur. Bu cəhətdən, Kərəm bir qılınc qəhrəmanı yox, saz-söz-eşq qəhrəmanı olsa da, “Kərəmin səfəri” kosmoloji sxeminə görə, “qəhrəmancasına elçilik” motivinin universal sxemini əks etdirir. Bundan dolayı biz də, təbii olaraq, onun xaosdakı səfərini bu motiv çərçivəsində dəyərləndirməliyik. Lakin “Kərəmin səfəri” motivində digər məhəbbət dastanlarımızda təkrarlanan “səfər” motivlərindən tamamilə fərqli “təfərrüatlar” var. Bu təfərrüatlar ümumən adlama/keçid/mediasiya, identifikasiya/tanıma kimi ritual mexanizmlərini, arxaik ekstaz texnikalarını, animistik çevrilmələri, xaotik davranış modellərini, fərqli xaotik məkan təsvirlərini, xaotik kommunikasiya modellərini və s. əhatə edir. Bu təfərrüatlar Kərəmin səfərini təkcə bir paradiqmaya (“qəhrəmanın öz sevgilisinin ardınca xaosa yollanması” paradiqmasına) “sığışdırmağa” imkan vermir. Burada açıqdan-açığa “qara şamanın yeraltı dünyaya səfəri” paradiqmasının “təfərrüatları” da var. Və dərhal yerindəcə qeyd edək ki, “qəhrəmanın yeraltı dünyaya səfəri” ilə “qara şamanın yeraltı dünyaya səfəri” biri epik mətn, o biri ekstaz təcrübəsi olmaqla fərqli mətn paradiqmaları olsa da, onların kosmoloji sxemi eynidir. Bu cəhətdən onlar vahid (eyni) kosmoloji sxemin fərqli kodlarla (eposda – bədii sözlə təsvir kodu, şamanlıqda – magik davranış kodu) təcəssümüdür. Vahid Dünya Modelinin məxsus struktur informasiyasının (sxemin) fərqli materiallarda (mətnlərdə) fərqli üsullarla (kodlarla) verilməsi məzmunun (məlumatın) quruluşunu (sxemini) dəyişə bilmir. Bu cəhətdən, xaotik varlıqlar tərəfindən oğurlanmış (qaçırılmış) sevgilisini qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən qəhrəmanla xəstənin xaotik varlıqlar tərəfindən oğurlanmış (qaçırılmış) ruhunu qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən (qara) şaman kosmoloji arxetip olaraq eyni obraz-funksionerdir. Bu funksionerlərin hər ikisi eyni arxetipdən gəlməklə fərqli mətnlərdə şaxələnirlər. Bu, bir gövdənin budaqlanmasına bənzəyir: bir gövdədən nə qədər budaqlar ayrılırsa-ayrılsın, gövdənin struktur sxemi (genetik məlumat) bütün budaqlarda dəyişməz qalır. Həmin sabit sxemi eyni arxetipin bütün paradiqmalarında bərpa etmək mümkün olur. Yəni zahiri görkəm və zahiri məkan fərqlərinə baxmayaraq, qəhrəman öz bətnində şamanı, şaman da öz bətnində qəhrəmanı gəzdirir. Bunların hansının ilkin olduğunu söyləmək çətin olsa da, eyni arxetipin fərqli mətn rənglərinə malik şəkilləri olduğunu qətiyyətlə söyləmək olar. Ən başlıcası, bu paradiqmalar bir-birinə bənzəmədən funksionallaşa bilməz. Başqa sözlə, ruhlar, ölülər dünyasına getmək istəyən qəhrəman hökmən şaman olmalı, xəstənin ruhunu gətirmək üçün şər qüvvələrlə mübarizə aparmalı olan şaman da hökmən qəhrəman olmalıdır. Demək, nə qəhrəman şaman olmadan öz missiyasını yerinə yetirə bilməz, nə də şaman qəhrəman olmadan öz missiyasını uğurla başa vura bilməz. Bu cəhətdən, qəhrəman və şamanın malik olduqları ortaq struktur, ortaq psixologiya, ortaq sxem var. Həmin ortaq struktur sxemi onları həm birləşdirir, həm də gerçəkliyin müxtəlif məkan-zaman səviyyələrində ola bilmələrini təmin edir.
Qəhrəman və şamanı ortaqlaşdıran, eyniləşdirən formullardan biri inisiasiya texnikasıdır. Həm şaman, həm də qəhrəman o biri dünyaya adlayır: adlama ritual ölüm olmadan baş tuta bilməz. O biri dünya yeraltı dünya, xaotik varlıqlar, bir sözlə, ölülər-ruhlar dünyası olduğu üçün oraya ölmədən adlamaq mümkün deyildir. Ona görə də şaman da, qəhrəman da xaosa adlamaq üçün ölməli, ruha çevrilməlidir. Bu ölüm həqiqi yox, mərasimi ölümdür. Burada əsas olan odur ki, nə qəhrəman, nə də şaman xaosa (ölüm dünyasına) diri olaraq yollana bilməzlər: xaosa yol ölməkdən, ölü statusu almaqdan keçir. Başqa sözlə, şaman ölülər dünyasına ruh (ölənin ruhu) statusunda keçdiyi kimi, qəhrəman da inisiasiya ritualında ruh statusu alır. Y.M.Meletinski yazır ki, inisiasiyaya həmçinin dirilməyə, yaxud daha doğrusu, yeni keyfiyyətdə yeni doğuluşa yol açan müvəqqəti simvolik ölüm və ruhlarla ünsiyyət daxildir. Müvəqqəti ölümün simvolikası özünü daha tez-tez yeniyetmənin div tərəfindən udulması və sonradan qusulması, ölülər səltənətinə, yaxud ruhlar dünyasına səyahət, orada ritual əşyaların və dini sirlərin əldə edilməsi və s. motivində ifadə olunur106.
Göründüyü kimi, qəhrəmanın xaosa səfəri inisiasiya hadisəsidir: şaman ölülər dünyasında ruh (ölü) statusunda olduğu kimi, qəhrəman da həmin dünyada ruh (ölü) statusunda olur. Bu da öz növbəsində qəhrəmanla şamanın eyni kosmoloji arxetipə mənsubluğunu bir daha təsdiq edir.
Beləliklə, biz burada xaosa keçidin iki modelini görürük:
Dostları ilə paylaş: |