Üsul – mediasiya;
Vasitə – mediasiya mexanizmi,
Rejim – ritualdır.
Bu mənada Kərəmin informasiya alması da mediasiya aktıdır. Başqa sözlə, hər bir informativ mediasiya aktının əsasında universal qamlama mexanizmi, başqa sözlə, şamanın ekstaz texnikası durur. Bu cəhətdən, Kərəmə Əslinin hara qaçırılmasının qabaqcadan məlum olması təsəvvüfi kodla kəramət aktı, epik-kosmoloji kodla şaman qamlama aktıdır. Dastanda Kərəmlə Dağın dialoqu məhz ibtidai şaman mediasiya mexanizmini əks etdirir. Şeirdəki ziddiyyət (Kərəmin Əslinin hara qaçırıldığını bilmədiyi halda birdən-birə bunu bəyan etməsi) bununla bağlıdır. Yəni dastanın qədim variantlarında, başqa sözlə, epik-mifoloji mərhələsində Dağ Kərəmə Əslinin hara qaçırıldığını söyləyir. Sonrakı prosesdə Dağla Kərəmin şeirləşməsi bir-birinə qarışır, Dağın Kərəmə verdiyi cavab Kərəmin dilindən səslənir və bu da ziddiyyət yaradır.
Burada bir məsələyə xüsusi diqqət vermək lazımdır: ümumiyyətlə, epik mətnin sirləri ziddiyyət, anaxronizm nöqtələrində gizlənir. Bu cəhətdən epik mətn təhlil olunarkən nəsrlə nəzmin bir çox hallarda bir-birinə uyğun gəlmədiyi, bir-birini təsdiq etmədiyi məqamlar olur. Təhlil üçün ən qiymətli faktlar elə bu məqamlardır. B.N.Putilov xəbərdarlıq edir ki, eposda biz elə nəğmələrə rast gələ bilərik ki, onların hərəsi bir müstəqil bütövdür və hər biri bir epizodun sərhədləri çərçivəsində qapanıb qalır. Bu zaman epizodlar arasında əlaqə ya çətinliklə bərpa olunur, ya da ümumiyyətlə olunmur112. Eyni vəziyyətlə burada üzləşirik: eyni motivin iki ardıcıl həlqəsini təşkil edən nəsr və nəzm bütövləri arasında əlaqə sanki yoxdur. Əsli oğurlanmışdır. Kərəm Dağla xəbərləşir və Əslinin haraya qaçırıldığını Dağ Kərəmə demək əvəzinə, Kərəm Dağa deyir. Açıq görünür ki, Kərəmin Dağla xəbərləşməsinin ilkin şəkli olan aktiv (ikitərəfli) dialoq sonrakı transformasiyalar zəminində süjetaltında qalmış və dialoq indiki passiv (birtərəfli) xəbərləşmə şəklində bizə gəlib çatmışdır. Lakin süjetaltı səviyyə bərpa yolu ilə təhlilə cəlb olunduqda, göründüyü kimi, kosmoloji sxem aşkarlana bilir.
Dostları ilə paylaş: |