§ 10.04. Yurdla xəbərləşmə
Kərəm bütün bunlardan dialoq-xəbərləşmə ritualı vasitəsi ilə xəbər tutur. Onun söylədiyi şeir, kosmoloji strukturuna görə Yurdla xəbərləşmədir. Mətndəki “lələ köçüb, yurdu boş” ifadəsi də struktur ifadə-qəlib kimi bunu təsdiq edir. Ən başlıcası, şeirdəki “Döşək cavab verər, məndə yol yeri” misrası açıq şəkildə göstərir ki, “Dədə Qorqud”da evi xaotik qüvvələr olan kafirlər tərəfindən oğurlanmış Salur Qazan evini ilk öncə Yurddan, daha sonra ardıcıllıqla Sudan, Qurddan və İnsandan (Çobandan) xəbər aldığı kimi, Kərəm də ilk öncə yurdla xəbərləşərək, Əslinin yerini Ağ kəfəndən, Yastıqdan, Yorğandan və Döşəkdən xəbər alır. Bu halda bağ, kəfən, yastıq, yorğan, döşək ev əşyaları kimi Yurdu işarələndirir. Bu dialoq formasına görə aktiv (ikitərəfli) xəbərləşmədir: Kərəm soruşur, Döşək cavab verir: “Döşək cavab verər, məndə yol yeri”.
Dostları ilə paylaş: |