§ 12.02. Qızlarla xəbərləşmə: alqış Tiflisə daxil olan Kərəm Kür çayının sahilində iki gözələ rast gəlir. Sazını çıxarıb onlara şeir oxuyur. Şeirdə qızların gözəlliyini Əsliyə oxşadır. Fikrimizcə, bu, dialoq-xəbərləşmədir. Bu, üç işarə ilə müəyyənləşir:
Birincisi, Kərəm gözəllərə Kürün sahilində rast gəlir. Kür – çaydır, çay – mifologiyada dünyalar arasında sərhəddir. Bu halda Kərəmin Kürün sahilində qızlara şeir oxuması Kərəmin qızları identifikasiya ritualından keçirməsi anlamına gəlir;
İkincisi, Kərəm şeirdə qızların gözəlliyini Əsliyə bənzədir. Bu, Keşişin qızları tilsimləyərək Əsliyə bənzətməsinin zəif izidir. Bu halda da Kərəmin mahnı oxuması etnokosmik identifikasiya məqsədli dialoq-xəbərləşmə mənasına gəlir;
Üçüncüsü, Kərəmin qızlara rast gəlməsi, onlara şeirlə çalıb-oxuması mətndə təkrarlanan hərəkət formuludur. Bu cəhətdən bu epizod da aid olduğu ənənə axarında dialoq-xəbərləşmə mənasına gəlir.