§ 12.08. Şaman çevrilməsi və ölüm “halı”
“Az getmişdilər, çox getmişdilər, Kərəmin halı dəyişildi, ürəyi döyünməyə başladı, gözləri qaraldı. Ürəyində dedi: “Əslimə çatmayacağam, ölüb, qürbət ellərdə qalacağam”. Aldı, halına münasib, görək, nə dedi:
Haldan-hala düşən viran könlümün
Hər məhləsində bir cahan əyləşmiş.
Gah şah, gəda olar, gah dana, nadan,
Gah hər məhləsində zindan əyləşmiş.
Bir məhəlləsində yeddilər, beşlər,
Bir məhəlləsində bəzirgan işlər,
Bir məhəlləsində doqquz dərvişlər,
Bir məhəlləsində piran əyləşmiş.
Bir məhəlləsində canan can eylər,
Bir məhəlləsində gül fəğan eylər,
Bir məhəlləsində bülbül qan eylər,
Bir məhəlləsində gülşən əyləşmiş.
Bir məhəlləsində cəmalın görəm,
Bir məhəlləsində güllərin dərəm,
Bir məhəlləsində biçarə Kərəm,
Bir məhəlləsində canan əyləşmiş158.
Bu şeir sufilərin ekstaz durumundakı məşhur “hal”ının təsviridir. A.Knış yazır ki, “hal” sufi “psixologiyasında” mistikə Allaha doğru gedən yolunda onun iradəsindən və Allahı idrak etməkdə (mərifətdə) və zahidlik praktikasında çatdığı kamillik dərəcəsindən asılı olmayaraq gələn vəziyyətdir159.
Göründüyü kimi, sufi Allaha yaxınlaşdıqca ona hal gəlir və bu hal, Kərəmin söylədiyi şerdən göründüyü kimi, yaradılışın bizə məlum olan səviyyəsi, ağılla dərk oluna biləcək halı deyildir. Burda təklə ümumi, azla çox, zərrə ilə küll və s. başqa ölçülərdə təzahür edir. İnsan eyni zamanda həm kainatın özü halında, həm də onun ünsürləri halında olur. Əslidə təcəlla edən İlahinin nuru işığında yol gedən Kərəmin düşdüyü bu vəziyyət sufi halının dastandakı ifadəsi kimi süjetün son transformativ səviyyəsinə aiddir. Bunun altında (süjetaltında) duran kosmoloji qatda isə bu “hal dəyişmə” şamanların ekstaz texnikasına aid cilddəyişmə (dönərgəlik/çevrilmə) halıdır. Şaman epik obraz tipi kimi bir trikster, başqa sözlə, müxəlif dünyaları özündə qovuşduran və birindən o birinə ölüb-dirilmə yolu ilə mediasiya edən qəhrəmandır. Bu cəhətdən, Kərəmin süjetüstündə “halının dəyişməsi”, “ürəyinin döyünməsi”, “gözlərinin qaralması”, “ölüm halı” haqqında düşünməsi şaman/trikster psixologiyasında ritual ölümü nəzərdə tutan dönərgəlik kompleksini ifadə edir. Bu halın çayı keçdikdən sonra baş verməsi kosmoloji müstəvidə yanaşdıqda Kərəmin “halını” Xaos (ölüm) məkanının dərin qatlarına adlama baxımından şaman/trikster çevrilməsi kimi təsdiq etməyə imkan verir.
Dostları ilə paylaş: |