Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə6/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   2   3   4   5   6   7   8   9   ...   92
NAĞILLAR
Xədicə gəldi

Bir kişinin Xədicə adlı bir arvadı vardı. Bunların, atalar deyən kimi, heç vaxt suları bir arxa getməzdi. Həmişə bir-bir­lərilə dava edərdilər. Arvad kişinin gününü qaraltmışdı. Kişi çox zaman dözəndən sonra axır naçər qalıb təsmim tutar bu arvadı aparıb öldürsün. Buna görə arvadı pişim-pişimlə evdən çıxardar çölə. Aparar bir şəhərdən qıraqda olan dərin quyunun başına. Fürsəti ələ salıb arvadı itələyib salar quyunun içinə. Kişi arvadı quyuya salandan sonra qayıdar evinə. Bir neçə gündən sonra deyər gedim görüm bu arvad ölüb, ya diridir. Gedər quyunun başına, vedrəni salar quyuya ki, əgər diri olsa, yapışar vedrədən və quyudan çıxar. Bu vedrəni quyuya salan­dan sonra yavaş-yavaş çəkər. Vedrə sudan çıxandan sonra gö­rər bu verdə çox ağırdır. Çəkər yuxarı bir az baxandan sonra görər ki, bir qara ilan girib vedrənin içinə. İstər vedrəni atsın qaçsın, bu qara ilan dilə gələr. Deyər:

─ Səni and verirəm inandıqına. Məni çək burdan qurtar. Bura bir arvad gəlib ki, mənim dədəmi yandırıb. Əgər məni çıxartsan, mən səni xoşbəxtliyə yetirərəm.

Kişi görər ki, belədir, ilanı quyudan çıxardar eşiyə. İlan buna deyər:

─ Mən gedib dolaşacaqam şahın qızının boynuna. Hər kəs gəlsə onun boynundan düşməyəcəyəm. Sən gələrsən ora, bir dənə yalandan dua oxuyarsan, mən də ordan düşüb gedə­rəm. Sən də şahdan böyük bir ənam alarsan, gedərsən ömrü­nün axırınacan dünya malından biniyaz olarsan. Kişi də qə­bul edib ilandan ayrılar. Bu işin üstündən bir neçə gün keç­mişdir ki, şəhərdə şahın carçıları car çəkərlər ki, şahın qızının boy­nuna ilan sarılıb. Hər kəs ona nicat versə, şah onu dünya ma­lından biniyaz edəcək. Hər yerdən həkimlər üz qoyar şahın sarayına. Lakin heç biri müvəffəq ola bilmir. İlanın onlara gözü düşən kimi elə bir fışıltı əmələ gətirir ki, onlar qorxula­rın­dan uzaq qaçırlar.

Bir neçə gündən sonra ilanla dost olan kişi bir təzə pal­tar geyib, yollanır həkim adı ilə şahın sarayına. Şahın adam­­ları bunu görən kimi buna deyərlər ki, sən nə edə bi­lər­sən? Dünyanın böyük həkimləri gəlib bir çarə qıla bilmədilər, sən gəlib nə qılacaqsan? Kişi deyər ki, nə olar, qoy mən də bir bəxtimi sınayım. Buna görə də bu kişini şahın sarayına apa­rırlar. Kişi gedir qızın otağına. İlan bunu görən kimi tanıyır. Kişi bir neçə dəfə dodaqaltı danışandan sonra ilan qızın boynundan açılıb üz qoyar saraydan çıxmağa. Bu xəbəri şaha yetirərlər. Şahın dəsturu ilə bütün ölkədə toy-düyünə baş­layarlar. Şah kişiyə deyər:

─ Gəl sənə dünya malı əvəzinə qızımı verim, sən də qal bizimlə bir sarayda.

Kişi qəbul edib toyu başlayar. Kişi bu sarayda xoş­bəxt­liyə yetişər.

Günlərin bir günü qonşu ölkənin elçiləri şahın sarayına gələr. Şaha Xəbər verərlər ki, şaha, bu ölkənin şahının qızının boy­nuna ilan dolaşıb. Hər nə cür olsa onlara köməklik edin. Şah bu xəbəri eşidəndə öz kürəkəninin yanına gedib, onu bu və­ziyyətdən xəbərdar edər. Kişi deyər:

─ Mənim əlimdən bir iş gəlməz. Çünki o ilan mənə demişdi ki, səni əyər ikinci dəfə görsəm, elə çalacağam ki, külə dönəsən. Buna görə mən bu işi edə bilmərəm. Şah deyər:

─ Əgər sən bu işi görməsən, imkanı var ki, iki ölkə arasında müharibə düşər. Xülasə, şahın israrına görə kişi na­çar qalıb özünü o ölkəyə yetirər. Birbaş gedər şahın sarayına. Şahın adamları bunu tanıdıqdan sonra aparırlar o qızın otağına. Bu kişi yavaş-yavaş ilana yaxınlaşır. İlanın gözü bu­na sataşanda çox hirslənir və istəyir ki, bunun üstünə fışıl­dasın, kişi dilə gəlib deyər:

─ Mən gəlməmişəm sənə deyəm ki, qızın boynundan açıl, mən gəlmişəm deyəm ki, Xədicə quyudan çıxıb bura gə­lir. İlan Xədicənin adını eşidən kimi qızın boynundan dü­şüb qaçır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin